Misir Mərdanov:
Məcid Rəsulovun istedadlı tələbəsi...
Əziz dostlar, yanvarın 24-ü akademik Yusif Məmmədovun 75 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, işlərində daha böyük uğurlar arzu edirəm.
75 illik şərəfli ömür
Məcid Rəsulovun istedadlı tələbəsi
Akademik Yusif Məmmədov haqqında düşünərkən ilk növbədə yadıma görkəmli alim Məcid Rəsulov düşür. Ömrünün birinci yarısı çox acınacaqlı keçən, atasının sürgün edilməsinə görə orta məktəbi xeyli gec bitirən bu istedadlı gənc BDU-ya daxil olmaq istəyərkən Universiteti bağlayırlar və o Pedaqoji İnstituta daxil olur. 1938-ci ildə institutu birinci dərəcəli diplomla bitirib aspirant həyatına başlamaq istəyəndə İkinci Dünya müharibəsi başlayır və onu cəbhəyə aparırlar. Altı ildən sonra qayıdıb aspirantura təhsilini davam etdirmək istəyəndə elmi rəhbəri professor Y.B.Lopatinski Ukraynanın Lvov şəhərinə köçür və Məcid Rəsulov da Lvova getməli olur. Onun həyatı yalnız 45 yaşından sonra məcrasına düşməyə başlayıb, doktorluq dissertasiyası müdafiə edib, 1964-cü ildən yaratdığı indiki Bakı Dövlət Universitetində yaratdığı Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik, Əməkdar elm xadimi olub. Çox ağır uşaqlıq illəri, sürgün həyatı, müharibə fəlakəti, sarsıntılar, keşməkeşli həyat tərzi onun elm dünyasında addımlamağına maneə törətmir, elmə və təhsilə marağını dəyişə bilmir, ancaq öz qeyri-adi zəkası, fitri istedadı ilə insanları heyrətə salan Məcid Rəsulovu həyat sərt xarakterli bir şəxsiyyət kimi formalaşdırır.
Böyük çətinliklərdən keçdiyinə görə kafedrasına onun yolunu davam etdirə biləcək ən istedadlı gəncləri toplamaq qərarına gəlir. Nə rektorluğun tapşırığı, nə qohumlarının xahişi, nə də digər heç bir amil onu əqidəsindən döndərə bilmir. Həyatının öyrətdiyi sərtlik onu seçimində də çox tələbkar olmağa sövq edir. 1968-ci ildə 3-cü kursda oxuyan bir tələbənin seminardakı çıxışı onu cəlb edir və həmin tələbəni kafedraya dəvət edir. Çox sual-cavabdan sonra bu tələbənin qeyri-adi zəkasına, analitik təfəkkür tərzinə, fenomenal yaddaşına, riyazi düşüncə manerasına heyran olur və qəti qərara gəlir ki, kafedranın gələcəyi bu oğlanla bağlıdır. Onu beşinci kursa kimi diqqətlə izləyir, kurs işlərini, diplom mövzusunu öz kafedrasından verir, kafedranın bütün seminarlarına dəvət edib hər dəfə yeni tapşırıqlar verir və 1971-ci ildə həyatında ilk dəfə rektorun kabinetinə xahişə gedir-həmin tələbə kafedrada müəllim saxlanılmalıdır. Belə məsələlərə həssas yanaşan rektor Faiq Bağırzadə “21 yaşında bir uşağın universitetdə birbaşa müəllim saxlanılması praktikası heç vaxt olmayıb, qoyun əvvəl texniki işçi olsun, laborant olsun, müdafiə etsin, sonra baxarıq”,-deyir. Öz məşəqqətli, fürsət çıxdıqca uzanan acı həyat yolunu xatırlayan Məcid müəllim isə israrla “Yox, müəllim qalmalıdır! Mən edə bilmərəm ki, onun həyatı da mənimki kimi dağa-daşa düşsün, əsgər aparsınlar, sonra müharibəyə getsin, sonra da mən olmayım, müdafiəsi qalsın, pay-mal olub getsin! Mən tələb edirəm, müəllim qalmalıdır, vəssalam!”
Universitetin xüsusi nüfuzlu şəxsiyyətlərindən və söz sahiblərindən sayılan, Elmi şuranın iclaslarında kəskin və açıq çıxışları ilə seçilən, bir dəfə də heç nə xahiş etməyən Məcid Rəsulovun inadı yeni rektor təyin edilmiş Faiq müəllimi düşündürdü:
-Yaxşı, Məcid müəllim, sənədlərini göndərin, araşdırıb, deyərəm.
-Sənədləri gətirmişəm, buyurun, baxın!
Faiq Bağırzadə sənədləri aldı, ən cəncəl kadrlardan birinə göndərib tapşırdı:
-Gör burdan nə tapa bilirsən, yerlisidir, qohumudur, nəyidir? İmtina eləmək üçün bir şey tap.
Üç-dörd günlük araşdırmalardan sonra “cəncəl kadr” qorxa-qorxa rektorun yanına gəldi:
-Şəkili deyil, Ermənistanlıdır, qohumluğu-filanı da yoxdur, əlaçı oxuyub, deyilənə görə çox istedadlı riyaziyyatçıdır, özü də kasıb ailədəndir, heç bir ilişəcək yer tapa bilmədim, bağışlayın...
-Yəqin səni də qorxudub, ağciyərsiniz, ağciyər!
-Yox, ay Faiq müəllim, vallah yox!
Rektor sənədləri alıb diqqətlə vərəqlədi, oğlanın təhsil uğurlarını, qiymətlərini, ilk elmi tədqiqatlarını əks etdirən hesabatları, tərcümeyi-halını, anket vərəqini, ərizəsini gözdən keçirdi, səliqəli xətti yaman xoşuna gəldi, Məcid müəllimin iddialı baxışları, səsinin tonu yadına düşdü, düyməni basıb tələbəni çağırtdırdı.
Bir azdan ona xəbər elədilər ki, dəvət etdiyiniz tələbə gəlib, buradadır.
-Gəlsin içəri!
Qapı açıldı, arıq və hündür boylu bir oğlan utana-utana içəri keçdi. Geyindiyi pencək əyninə böyük olduğundan çəlimsiz oğlan 16-17 yaşlı abituriyentə oxşayırdı:
-Sən universitetdə müəllim olmaq istəyirsən?
-Məcid müəllim istəyir...
-Bəs özün nəçi olmağı planlaşdırırsan?
-Riyaziyyatçı!
-Azərbaycanın ən böyük riyaziyyatçıları kimlərdir?
- Nəsirəddin Tusidən sonra Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov...
-Yaxşı, dayan görüm, bəs sovet riyaziyyatçıları?
- Lopatinski, Kalmoqorov, Smirnov, Fridman, Vinoqradov, Xinçin, Lavrenyev, Petrovski...
-Saxla, saxla! Sən hamını əzbərləmisən ki.. Nə bilirdin, səndən bunları soruşacağam?
-Bilmirdim...
-Yaxşı, Məcid müəllim deyib, onun sözünü yerə salmıram, ancaq yadında saxla ki, hələ heç kəs tələbəlikdən birbaşa müəllim vəzifəsinə keçməyib, sən birincisən! Gərək yaxşı müəllim olasan! Öz adın necə oldu?
-Məmmədov Yusif.
-Ərizənin üstünü yazdım, bundan sonra Yusif Məmmədovsan!
Beləliklə, 21 yaşında müəllim olan Yusif Məmmədov 24 yaşında dissertasiya müdafiə edib elmlər namizədi (fəlsəfə doktoru), bir az keçmiş elmlər doktoru, 50 yaşında Əməkdar elm xadimi, 2001-ci ildə AMEA-nın müxbir üzvü, sonra həqiqi üzvü oldu və digər uğurları ilə akademik Məcid Rəsulovun etimadını doğrultdu, Azərbaycanın ən görkəmli riyaziyyatçıları sırasında əvvəlcə birinci yüzlükdə, sonra birinci onluqda, sonra isə birinci beşlikdə qərar tutdu. İndi riyaziyyat üzrə ölkəmizin iki akademikindən biridir.
Akademik Məcid Rəsulovun ruhunu şad etmək üçün sevimli tələbəsinin bu uğurları da kifayət edərdi, ancaq “təmkin atı ilə çox tozanaq atlını geridə qoyan” Yusif müəllim riyazi fizika tənlikləri kafedrasına rəhbərlik etməklə yanaşı 2000-2004-cü illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, 2004-2006-cı illərdə BDU-nun Birinci prorektoru, 2006-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru oldu. Məcid müəllimin qarşısında özünü həmişə borclu hesab edən Yusif müəllim onun işlədiyi kafedranın qarşısına barelyefinin vurulmasından doğulduğu Şəkidə küçələrdən birinin “akademik Məcid Rəsulov” adlandırılmasına, 100 illik yubileyinin böyük təntənə ilə qeyd edilməsinə kimi çox içlər görüb, ancaq hesab edir ki, onun ruhu qarşısında ən böyük xidmət riyaziyyat sahəsində qazanılan uğurlardır. Bu istiqamətdə isə yorulmaq bilmədən fəaliyyət göstərir.
Tələbəlikdən rektorluğa kimi
Abırlı olmaq Yusif müəllimin ən böyük məziyyətidir, desəm, heç kəs şübhə etməsin. Bu insan tələbə olarkən rektorun otağına necə utana-utana girmişdisə, rektor olanda da həmin əxlaqda, həmin abırda idi. Mənə danışmışdı ki, rektorluğunun ilk günlərində bazar günü universitetə gedib ki, iş olmayan gün real vəziyyəti gözləri ilə görsün. Mühafizəçi onu qapıdan buraxmayıb ki, bu gün iş günü deyil, gedin, sabah gələrsiniz. Rektor olduğunu deməyi ədəbsizlik hesab eləyib deyib ki, mən burada işləyirəm, gəlmişəm iş otağımda yadımdan çıxan əşya var, onu götürüm. Mühafizəçi deyib, sabah gəlib götürərsiz. Müxtəlif yollarla içəri keçmək alınmayanda, mühafizənin rəisini çağırtdırıb ki, o bəlkə tanıdı, o da kobudluqla Yusif müəllimə evə getməyi məsləhət bilib. Handan-hana kim isə rektoru tanıyıb, gəlib görüşüb və mühafizəçilərə deyib ki, tanımadınız, Yusif müəllimdir, Sizin təzə rektorunuz, onlar da əl-ayağa düşüb, kişini içəri buraxıblar. Bu insan sona qədər başqaları kimi deməyib ki, mən rektoram, çəkilin, mənə yol göstərməyin və s.
Yusif müəllim Bakı Dövlət Universitetində Birinci prorektor-Elmi işlər üzrə prorektor olduğu illəri BDU-nun kollektivi yaxşı xatırlayır. O, akademik Bəhram Əsgərovun yerinə təyin edilmişdi və hamı deyirdi ki, təbiəti etibarı ilə humanist, xeyirxah insan olan Bəhram müəllimdən sonra bu mürəkkəb kollektivdə nüfuz sahibi olmaq Yusif müəllim üçün çətin olacaq. Ancaq həyat göstərdi ki, yaxşıdan da yaxşı, dürüstdən də dürüst olmaq mümkün imiş. Yusif Məmmədov bir çox vəzifə sahiblərindən fərqli olaraq insanlarla elə davranırdı ki, sanki onlara borcu var. Bir dəfə görüşəndə dedim ki, ay Yusif müəllim, bir az sərt olun, danışırlar ki, elə vəziyyətdir, Sizin guya universitet kollektivinə borcunuz var. Dedi ki, “Misir müəllim, əlbəttə, borcum var, bu kollektiv məni yetişdirib, formalaşdırıb, bu insanlar olmasa, mənim vəzifəmin bir qara qəpiklik qiyməti olmaz, digər tərəfdən də işimdə bir eyib tapa bilməzsiniz, bütün sənədlər nöqtəsinə, vergülünə kimi diqqətlə yoxlanılır. Qəbuluma gələnləri ayağa qalxıb salamlamağım, səmimi görüşməyim, hal-əhval tutmağım da mənim borcumdur, onların hərəsi bir alimdir, ziyalıdır, tanınmış şəxsiyyətdir, ailə başçısı, bir nəslin fəxridir. Mən də onlardan biriyəm, onlara hörmətsizlik edə bilmərəm,”,-dedi.
Yaxşı xatırlayıram ki, 2006-cı ildə ADPU-da rektor vəzifəsi boşalmışdı, mən Təhsil naziri olaraq BDU-da dekan, kafedra müdiri, Birinci prorektor kimi zəngin təcrübəsi olan bu unikal şəxsiyyəti, görkəmli riyaziyyatçı alimi, həm də dürüst, nəcib insanı həmin yerdə görürdüm, bununla əlaqədar üç dəfə onu qəbul etdim, hamısında imtina elədi. Təhsil naziri kimi bilirdim ki, həmin ali məktəbdə yaranmış vəziyyəti düzəltmək üçün məhz Sizin kimi abırlı, saf və yüksək mənəviyyatlı bir mütəxəssis lazımdır. Digər tərəfdən, Yusif müəllim camaatın kiçik bir vəzifə üçün “yaxa yırtdığı” bir zamanda o boyda universitetə rektor getməyə razılıq vermirdi. Böyük çətinliklə onu yola gətirib cənab Prezidentə məruzə etdim və qısa müddətdə akademik Yusif Məmmədovun Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyin edilməsi barədə Sərəncam oldu. Qeyd edim ki, Yusif müəllim həmin vəzifədə çox şərəflə 10 il işlədi, mənim nazir olmadığım 2013-cü ildən sonra ölkə başçısına dəfələrlə müraciət edib vəzifədən azad olunmasını xahiş etmişdi. Əsas səbəb də o idi ki, abrını itirmiş bəzi jurnalistlər onu əldən salmışdı, üç gündən, beş gündən bir gəlib qanunsuz tələblər irəli sürürdülər, dürüst Yusif müəllim də onlarla kobud davranmır, vəziyyəti izah edib onları başa salmağa çalışırdı. Təbii ki, onlar da öz iddialarını yeridə bilmədiklərinə görə gedib ağızlarına gələni yazırdılar, peyğəmbər kimi bu insana olmazın böhtanlar yağdırır, şər atırdılar. İftiralardan bezən, qayda-qanun yaratdığı, nümunəvi ali məktəbə çevirə bildiyi ADPU-dakı xidmətlərini görməyib ancaq hər şeyi qara rəngdə qələmə verən jurnalistlərə əvvəlki hoqqalarına imkan verilməyən bəzi kadrların material ötürdüyünü, vəziyyəti bir az da qızışdırdıqlarını biləndən sonra lap ruhdan düşərək bezib, usanıb istefa vermək qərarına gəlib. Onun rektor olduğu illərdə yeni dövrün çağırışlarına uyğun olaraq ADPU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi və infrastrukturunun yeniləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim kadrları hazırlığının təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb. İctimai-siyasi, elmi-pedaqoji və kütləvi tədbirlərin keçirildiyi ADPU-nun böyük zalı yenidən qurulub, Şamaxıda universitetin müəllim-tələbə kollektivi üçün tədris-təcrübə mərkəzinin tikintisinin ilkin mərhələsi başa çatdırılıb. Tələbə nailiyyətlərinin obyektiv və şəffaf qiymətləndirilməsi məqsədilə test üsulu tətbiq edilib, “İlin müəllimi”, “İlin alimi” müsabiqələri keçirilib, qaliblər mükafatlandırılıb. Universitetin beynəlxalq əlaqələri genişlənib, müxtəlif ölkələrlə tələbə, müəllim mübadiləsi, birgə konfransların və simpoziumların keçirilməsinə diqqət artırılıb, Türkiyənin və Avropanın bir neçə universiteti ilə elmi-pedaqoji əlaqə yaradılıb. Yeni elmi-tədqiqat və tədris laboratoriyaları, kompüter mərkəzi qurulub, Pedaqoji Universitet Avropa Pedaqoji Universitetlərinin Assosiyasına (ETEN) üzv qəbul olunub. Elmi-pedaqoji kadr hazırlığı sahəsində uğurlu addımlar atılıb. Yusif Məmmədovun sədrliyi ilə 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasları üzrə Dissertasiya Şurasında 148 nəfər fəlsəfə doktoru, 18 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 85 və 90 illik yubiley tədbirlərini təntənəli şəkildə dövlət səviyyəsində keçirilməsində akademik Yusif Məmmədovun xüsusi xidmətləri olmuşdur. Qeyd edək ki, ali pedaqoji təhsil ocağının yubileyi son dəfə 1981-ci ildə keçirilmişdi. 25 il müddətində universitetin yubileyinin keçirilməsinə təşəbbüs göstərilsə də buna nail olunmamışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilmiş 85 və 90 illik yubiley tədbirlərində Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə ADPU-nun əməkdaşlarından 2-si “Şöhrət ordeni”, 26-sı “Tərəqqi medalı”, 5-i “Əməkdar elm xadimi”, 39-u “Əməkdar müəllim”, 2-si “Əməkdar jurnalist”, 1-i “Əməkdar mühəndis”, 1-i “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 1 nəfəri isə fərdi təqaüdə layiq görülmüşdür.
Təəssüf ki, 2016-cı ildə onun istefa haqqında xahişi yerinə yetirildi, öz ərizəsi ilə yüksək vəzifədən azad edilən nadir insanlar sırasına bir nəfər də əlavə edildi-akademik Yusif Məmmədov!
Həyat təcrübəm müqayisələr aparmağa, insanları saf-çürük etməyə, onlara dəqiq qiymət verməyə geniş şans yaratmışdır. Rektor yox, kollec, yaxud orta məktəb direktorları gördüm ki, hətta saç ustasına gedəndə iki gün qabaqdan sifariş göndərirdi ki, ayın filanında filankəs gələcək, oraları boşaldın, artıq adam-zad olmasın, gəlməmişdən də mühafizəçilər, köməkçilər gedib salona baxır, sonra bəh-bəhlə filankəsi gətirib kresloda otuzdurublar. Ölkənin ən böyük və ən nüfuzlu ali məktəblərindən birinin rektoru, Əməkdar elm xadimi, dünya şöhrətli akademik Yusif Məmmədov isə heç yerdə özünü “gözə soxmadı”, imtiyazlarından sui-istifadə etmədi, “mən də bu xalqın adi bir nümayəndəsiyəm” deyərək saç ustasında da, dərzidə də, həkimdə də ümumi növbə gözlədi, hamıyla səbirlə və alicənablıqla davrandı, əsl ziyalı ləyaqəti nümayiş etdirdi. BDU-da dekan, kafedra müdiri, Birinci prorektor olanda da belə oldu, ADPU-da rektor olanda da, bütün vəzifələrdən istefa verib adi təqaüdçü olanda da... Mənə danışıblar ki, rektor olduğu vaxtlarda özü maşın sürərkən bir dəfə Yol polisi onu saxlayıb. Sadə bir qayda pozuntusunu irad tutub maşını cərimə meydançasına aparmaqla hədələyiblər. Onlara deməyib ki, bəs mən filankəsəm, rektorluq bir yana, Azərbaycan elmini dünyaya tanıdan ən görkəmli alimlərdənəm, ancaq tələsdiyini, vacib işi olduğunu deyib bağışlanmasını xahiş edib. Onlar da əl çəkməyəndə, axır bir nəfərə zəng edib ki, bəlkə məni buraxdırasan? Həmin imtiyaz sahibi Yol polisi əməkdaşlarına nə deyibsə, Yusif müəllimi getdiyi ünvana qədər yola salıblar, neçə dəfə üzr istəyiblər. Təəssüf ki, biz bəzən xalqımızın ən dəyərli övladlarını televiziya ekranlarını, sosial şəbəkələri əldən-dildən salan “məşhurlardan” çox az tanıyırıq...
Fenomenal alim
Akademik Yusif Məmmədovun elm sahəsində fəaliyyət dairəsi zəngin və çoxşaxəlidir. Onun elmi tədqiqatlarının aparıcı istiqamətini diferensial tənliklər və riyazi fizikanın mühüm problemlərinin araşdırılması təşkil edir. O, akademik Məcid Rəsulovun layiqli davamçısı olmaqla yanaşı, adi və xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin digər sahələrində də bir sıra mühüm nəticələr əldə etmişdir. Onun elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olmaqla, riyaziyyatın maraqlı, mürəkkəb və az tədqiq olunan sahələrini əhatə edir. O, hələ V kursda oxuyarkən akademik Məcid Rəsulovun təkidi ilə Novosibirsk Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi konfransında iştirak edib. Professor Zelenyakın rəhbərlik etdiyi bölmədə etdiyi məruzə xüsusi diplomla mükafatlandırılıb. Məruzənin materialları Ümumittifaq “Diferensial tənliklər” məcmuəsində dərc edilib.
Yusif Məmmədov XX əsrin 70-ci illərinin əvvəllərində tipə məxsus olmayan dəyişən əmsallı tənliklər üçün birölçülü Koşi və qarışıq məsələlərin korrekt qoyuluşu problemini tədqiq etmişdir. Tədqiqat əsasında alınmış nəticələri “Diferensial tənliklər”, “Azərbaycan EA-nın Xəbərləri”, “ADU-nun elmi əsərləri” məcmuə və jurnallarında nəşr etdirib. Onun 1974-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin nəzdindəki Dissertasiya Şurasında “Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi” mövzusunda namizədlik dissertasiyanın ən mühüm yeniliyi ondan ibarət idi ki, o zaman belə məsələlər yalnız sabit əmsallı tənliklər üçün görkəmli rus riyaziyyatçıları Q.E.Şilov, Q.V.Dikopolov tərəfindən öyrənilmişdi. Sonralar Yusif Məmmədov 70-ci illərin axırlarında “Birkhof və Tamarkin mənada requlyar olmayan spektral məsələlər və uyğun qarışıq məsələlərin” tədqiqi ilə məşğul olur. Bu sahədə alınan ilk nəticələrdən biri də görkəmli rus riyaziyyatçıları A.A.Şkalikov və A.P.Xromovla yanaşı, həm də Yusif Məmmədova məxsusdur. Onun əsərlərində diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq və normallıq problemləri tədqiq olunmuş, ilk dəfə olaraq belə operatorların məxsusi və qoşma elementləri üzrə ayrılış düsturu verilmişdir. O, ilk dəfə cırlaşan adi diferensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin varlığını göstərmiş, məxsusi ədədlər çoxluğunun sonlu limit nöqtələri ətrafında requlyarlıq, sanki requlyarlıq və normallıq anlayışlarının elmi əsaslarını vermişdir.
Uyğun qarışıq məsələləri tədqiq edən Yusif Məmmədov bu məsələlər üçün İ.G.Petrovskinin Koşi məsələlərinin korrektliyi üçün verdiyi məşhur “A” şərtinin analoqunu tapmışdır. Bununla o, eyni zamanda Sobolyev-Qalperin tipli tənliklər üçün qarışıq məsələlərin həllinə baza yaratmış, ilk dəfə olaraq çıxıqlar üsulunun müstəvinin sonlu hissəsində sıxlaşan məxsusi ədədlər çoxluğuna malik birölçülü qarışıq məsələlərin həllinə tətbiqinin mümkünlüyünü isbat etmişdir. O, sübut etmişdir ki, İ.G.Petrovski mənada korrekt sistemlər üçün requlyar sərhəd şərtli qeyri-korrekt qarışıq məsələlər və eləcə də qeyri-korrekt sistemlər üçün korrekt qarışıq məsələlər də mövcuddur.
Yusif Məmmədovun bu sahədəki yenilikləri 1990-cı ildə Tbilisi Riyaziyyat İnstitutunun İxtisaslaşdırılımış Dissertasiya Şurasında müdafiə etdiyi “Ümumi şəkilli adi differensial tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulunun əsaslandırılması”adlı doktorluq dissertasiyasında ümumiləşdirilib. Əldə olunmuş nəticələr “Diferensial tənliklər”, “SSRİ EA-nın məruzələri”, “Azərbaycan EA-nın Xəbərləri” jurnallarında nəşr edilərək elmi ictimaiyyətə çatdırılmışdır.
Yusif Məmmədov 90-cı illərdə bir sıra yeni, praktik və nəzəri əhəmiyyətli nəticələr əldə etmişdir. Tətbiqi əhəmiyyətli işləri içərisindən mühümləri kimi onun özlü elastik mühitdə dalğanın yayılması probleminin model tənliyi üçün qarışıq məsələlərin həlli sxemini əsaslandırmasını, eksponensial strafikasiyalı (laylanmış) mayelərin dinamikası tənlikləri üçün ümumi şəkilli birölçülü qarışıq məsələləri tam tədqiq etməsini, cırlaşan sərhəd rejimində elektrik dövrəsində sönmə dekrementinin loqarifmik artım sürətinin ortaya çıxarmasını, Şredinger tipinə daxil olan cırlaşan parabolik tənliklər üçün ilk dəfə olaraq qarışıq məsələnin həllinin varlığı və yeganəliyini isbat etməsini, həll üçün analitik ifadə tapmasını göstərmək olar. Onun ikitərtibli adi diferensial tənliklər üçün spektral məsələnin requlyarlığının və istənilən dərəcədən sanki requlyarlığının potensial funksiyasının periodiklik xassəsi ilə ifadə olunan meyarını tapması çox mühüm nəzəri nəticə kimi qiymətləndirilir. Əldə olunmuş bu nəticələr “Azərbaycan EA-nın məruzələri”, “Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, “Turkish journal of Mathematics”, “Commun. Theor. Phys” (Beijing, China) və s. jurnallarda nəşr olunmuşdur.
Akademik Yusif Məmmədov klassik bir problemi-ciddi kompleks sıxlıq funksiyalı Şturm-Liuvill tənliyi üçün məxsusi ədədlər haqqında məsələni orijinal ideyalar tətbiq edərək, analitik sıxlıq funksiyası halında məxsusi ədədlərin asimptotikasını tapmışdır. O, bu məsələ haqqında Azərbaycan Riyaziyyat Cəmiyyətinin iclasında məruzə etmiş, tədqiqatın əsas ideyalarını “BDU-nun xəbərləri” məcmuəsində (1998), tezislərini isə Afinada keçirilmiş “Riyazi analiz və onun tətbiqləri” (2000) və M.V.Lomonosov adına MDU-da akademik İ.G.Petrovskinin xatirəsinə həsr olunmuş Beynəlxalq konfransların materiallarında (2001) nəşr etdirmişdir. Tədqiqatın əhəmiyyəti və dəyərini göstərmək üçün qeyd edək ki, bu sahədə nüfuzlu alim hesab olunan M.V.Fedoryuk “Asimitotiçeskie metodı dlya differensialnıx uravneniy” (M., “Nauka”, 1983) monoqrafiyasının 127-ci səhifəsində yazmışdır: “Bu istiqamətdə bir nəticə belə məlum deyil və ehtimal ki, belə assimptotik düsturlar ola bilməz”.
Professor Yusif Məmmədov Moskva, Novosibirsk, Tbilisi, Afina, İstanbul, Zəncan şəhərlərində keçirilmiş müxtəlif miqyaslı konfranslarda Azərbaycan riyaziyyat elmini layiqincə təmsil etmişdir. Onun məruzələri V.İ.Steklov adına Rusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun, Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin, Novosibirsk Dövlət Universitetinin, Ukrayna EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun, Tbilisi Riyaziyyat İnstitutunun elmi seminarlarında görkəmli riyaziyyatçı alimlərin (V.P.Mixaylov, A.A.Dezin, A.Q.Kostyuçenko, A.A.Şkalikov, A.Q.Şveşnikov, S.A.Qabov, L.V.Skrıpnik, M.V.Fedoryuk, V.N.Vraqov, İ.T.Kıquradze və b.) böyük marağına səbəb olmuşdur.
Professor Yusif Məmmədovun fəaliyyət istiqamətlərindən birini də milli riyaziyyatçı kadrların hazırlanması təşkil edir. Onun rəhbərliyi ilə 20-dək fəlsəfə doktoru və 3 elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur. O, çoxsaylı fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur. BDU və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcələri verən Müdafiə Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmiş, ayrı-ayrı vaxtlarda ADPU-nun nəzdindəki Dissertasiya Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika elmləri üzrə Ekspert Şurasının sədri olmuşdur. O, Təhsil Nazirliyi Kollegiyasının, YUNESKO-nun “Elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Komitəsinin üzvü, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurasının sədri, “ADPU-nun Xəbərləri” elmi məcmuəsinin baş redaktoru olmuşdur. “American Journal of Applied Mathematics”, “Pure and Applied Mathematics”, “AMEA-nın Xəbərləri”, “BDU-nun Xəbərləri”, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnallarının redaksiya heyətinin üzvü kimi səmərəli fəaliyyət göstərir. Onun Azərbaycanın və xarici ölkələrin nüfuzlu nəşrlərində 150-yə qədər elmi əsəri nəşr olunmuşdur.
Akademik Yusif Məmmədovun elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə ona Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar elm xadimi fəxri adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildə “Şöhrət” ordeninə, 2019-cu ildə isə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. 2016-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri vəzifəsində çalışan akademik Yusif Məmmədov hazırda BDU-nun Riyazi fizika tənlikləri kafedrasına rəhbərlik edir. 2024-cü ilin əvvəllərində akademik Yusif Məmmədovu Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənliklər şöbəsinə müdir vəzifəsinə dəvət etdim, görünür, elm sahəsi olduğuna görə bu dəfə təklifimə tərəddüd etmədi.
Görkəmli riyaziyyatçı alim, bacarıqlı elm və təhsil təşkilatçısı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Yusif Əbülfət oğlu Məmmədovu 75 illik şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və ailə xoşbəxtliyi arzulayıram.
Teymur Memmedov
Məndə Akademik Yusif Məmmədovu 75 yaşının tamam olması münasibətilı təbrik edirəm,ona can sağlığı,uzun və məhsuldar ömür azulayıram.Hörmətli Misir müəlləmə də belə alimlərimiz barədə yazdığı məqalələrə görə,onları bir daha geniş oxucu kütlələrinə tanıtdırdığına görə çox sağ olsun deyirəm.Həqiqəti desəm ki, beş il ADU-nun mexanika-riyaziyyat fakultəsində oxuduğum illərdə də və daha sonrakı illərdə də tanımadığım (hal hazırda 65 yaşım var)belə görkəmli Akademik barədə ilk dəfə Misir müəllimin yazdığı bu məqalədə tanış oldum.Bir daha Misir müəllimə çox sağ olun deyirəm.
Vahid Aslan
Hörmətli Misir müəllim, akademik, gözəl insan Yusif Məmmədov haqqında bu geniş, əhatəli və maraqlı yazınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Yusif müəllimin rektor olduğu dönəmdə ADPU-da mən də işləmişəm.Bu yazınızda qeyd etdiyiniz yüksək keyfiyyətləri hər görüşümüzdə Yusif müəllimdə görmüşəm. Siz hər ikiniz həm bir ziyalı-alim olaraq, həm də bir insan olaraq Azərbaycan gəncliyinə hər zaman örnək məktəbi olacaq işıqlı bir cığır açmısınız. Dəyərlimiz Yusif müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Hər ikinizə can sağlığı, işlərinizdə uğurlar arzulayıram!
Iman Suleymanov
Mən 2001 -2005 də BDU da təhsil alanda bizim dekan olub Yusif müəllim.Gözəl və qayğıkeş insan, əsil pedaqoq kimi qalıb yadımda.Yusif müəllimə uzun ömür və can sağlığı arzulayıram.
Novruz Quliyev
Misir müəllim çox maraqlı yazınıza görə Sizə təşəkkür edirəm. Mənim də Yusif müəllimə böyük hörmətim var. Allah qorusun. Mən də onu yubileyi münasibətilə ürəkdən təbrik edirəm, doğmaları ilə birlikdə ona sağlam və xoşbəxt həyat arzulayıram. Uğurları bol olsun.
Valeh Bekirov
Yusif mūəllim çox yaxṣı insandı. Meni imtahanda 2 bala görə universitetdən xaric edirdilər. Ancaq Allah ömrūnū uzun etsin Yusif mūəllim buna imkan vermedi. Yusif mūəllimin sayəsində mən universitetdə qalıb təhsilimi baṣa çatdırdım. Deyerli ziyalı ,alim olmaqla yanaṣı, həm də mərhəmətli , ūrəyi yumṣaq insandı Yusif mūəllim. Nə qədər daniṣsaq azdı deyərli ziyalımız haqqında. Allah ömrūnū uzun , canını saĝlam etsin əziz mūəllim , dəyərli ziyali Yusif mūəllimin.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.