Kamran Nəzirli:
“MOBİ DİK və yaxud AĞ BALİNA” romanından bir parça
HERMAN MELVİL
Azərbaycan dilində ilk dəfə. Orijinaldan tərcümə: Kamran NƏZİRLİ
Qısa arayış:
Herman Melvili Azərbaycanda çox az adam tanıyır. İndiyə kimi onun heç bir kitabı Azərbaycan dilində nəşr olunmayıb. Sizə təqdim etdiyimiz bu roman dünyanın on ən ağır və çətin oxunan əsərləri sırasına düşüb. X1X əsr dünya klassik ədəbiyyatı tarixində unikal bir əsər olan “Mobi Dik” çap olunandan dərhal sonra Amerika tənqidçiləri onu “qəribə roman” adlandırdılar. Məsələ bunda idi ki, əsərdə romanın mövcud janr tələblərinə riayət olunmayıb; bu qəribəliyi əsəri oxuyarkən hiss edirsən, lakin o, bu günə kimi şedevr olaraq qalır və dünya ədəbiyyatında ən yaxşı əsərlər sırasından düşmür.
Kitaba daxil edilən 135 fəslin hər biri adamı düşünməyə sövq edir; bu, yaxşı əlamət kimi qəbul edilə bilər - sənət əsərləri insanı düşündürməlidir. Romanın oxu prosesində oxucuda yaranan fikirlər təkcə əsərin məzmununa aid deyil, həm də onun öz fərdi həyatına aiddir; zamana, yer üzündə yaşayan insanların hər birinə, onların davranış meyarlarına aiddir. Və nəhayət, roman bəşəriyyətin ümumi yaşayış prinsiplərinə aiddir.
Mətnin quruluşu, materialın ifadə tərzi, müəllifin yazı manerası sələflərindən tamam fərqlidir. Fəsillərin ardıcıllığı və forması da özünəməxsus şəkildə biri-birindən seçilir. Bəzən görürsən ki, nəqletmə zamanı ahəng, yaxud da ətalət pozulur. Romanı oxuyarkən hörmətli oxucumuz bəzən dənizdə baş verən təbii fəlakətin təsvirinə uyacaq; qəflətən görəcək ki, müəllif ona “balinaların təsnifatı” fəslini “sırıyır”, yaxud əsərdə gəmi həyatının epik lövhələri birdən-birə monoloq və dialoqlarla əvəzlənir, ya da bütöv fəlsəfi səhnələrlə yüklənir. Süjet və formaların növbələşməsi fasiləsiz axınla gəlir, dialoqlar, monoloqlar, quru elmi mülahizələr, arayış xarakterli sənədlərin icmalı, sitatlar, balina ovu sənayesinin təfsilatları, fəlsəfi mühakimələr və pritçalar, ov təsvirləri, balina təqibləri, insan taleyi barədə düşüncələr, xalqların və dövlətlərin tarixi barədə arayışlar, dini baxışlar sistemi və dinlərin tarixi barədə araşdırıcı mülahizələr- bütün bunlar ilk baxışdan sistemsiz görünür. Lakin əslində mahiyyət etibarı ilə müəllifin yaradıcı təxəyyülünün məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, bu tip əsərlərdə oxucunun diqqətini bir predmetdən digər predmetə yönəltməyin özü də ustalıq tələb edir. Ədəbiyyat tarixində roman ustalarının belə bir təcrübəsi olub və bu gün də var. Əslində roman janrında bir formadan digər formaya keçid almaq güc və zəhmət tələb edir; mövcud vəziyyətdə “Mobi Dik”dəki mətnin və əsərin ümumi məzmunu müəllifin özünə belə müqavimət göstərir. Lakin bütün bu istehkam və maneələri yaradıcı və peşəkar şəkildə dəf etmək məhz Melvil dühasına nəsib olmuşdur desək, yanılmarıq.
Herman Melvili daha dəqiq anlamaq üçün romanın əsas qəhrəmanı məsələsini ortaya qoymaq lazımdır. Həm yazıçının öz dövründə, həm də sonrakı dövrlərdə dünya ədəbiyyatını öyrənən mütəxəssislər bu barədə də qəti fikrə gələ bilməyiblər. Bəziləri qeyd edirlər ki, romanın əsas qəhrəmanı İsmaildir. (Biz mətni ingiliscədən çevirəndə orijinal dilin fonetik xüsusiyyətini nəzərə alsaydıq, bu adı İşmail kimi verməliydik, rus dilindəki tərcümədə bu ad İzmail kimi verilib; lakin, ümumiyyətlə, romanın hardasa dinlərin və müqəddəs kitabların tarixi mahiyyəti ilə bağlılığını da nəzərə alsaq, İsmail adının da əsərdəki o biri adlar kimi Müqəddəs Kitablardan götürüldüyünü zənn edirik və o, əslində hədislərdən bildiyimiz İsmayıl adına daha çox uyğundur ) bəziləri kapitan Ahaba üstünlük verir; üçüncülər isə deyirlər ki, əsərin baş qəhrəmanı Ağ Balinadır, yəni Mobi Dikdir. Hər halda, hər bir kəs romanla bağlı bu mülahizəsinə əsas tapa bilər. Melvil özü də çoxsaylı yazışmalarında bu məsələyə toxunub. Bütün deyilənlərə baxmayaraq, bir vacib məqama aydınlıq gətirmək istərdik: xüsusilə bu məsələdə bütün tədqiqatçılar romana romantik roman baxımından yanaşmışlar və bu da, əlbəttə, yanlış yanaşmadır. Tədqiqatçıların əksəriyyəti romantik roman meyarlarını əsas tutmuş və yaddan çıxarmışlar ki, kilsə qaydalarına uyğun yazılmış “Mobi Dik” mətnində ümumiyyətlə ənənəvi “baş qəhrəman” yoxdur, məncə, romanın “qəribəliyi” də məhz bundadır.
İkinci bir məqama diqqət yetirək; məsələ bundadır ki, “romanda ümumiyyətlə heç bir “qəhrəman” yoxdur” demək də olmaz! “Mobi Dik” də “qəhrəman” var! Lakin bu Qəhrəman o qədər qeyri-ənənəvi və qeyri-adidir ki, onu asanlıqla görmək, müşahidə etmək olmur. Romanda bütün hadisələr və təsvirlər də məhz bu Qəhrəmanla bağlıdır, bu Qəhrəmana tabedir. Əsəri oxuduqca çoxsaylı xarakterlərə rast gəlirsən və bu xarakterlər və predmetlər ətrafında hər şey Baş Qəhrəmana bağlıdır – bu, Düşüncədir; bəli, romanda məhz Düşüncə daim hərəkət edir, axtarır, gah dəcəl uşaqlar kimi hoppanıb-düşür, gah göyə qalxır, gah yerə enir, gah gündəlik həyat hadisələri içində, gah da ilahi qüvvələr arasında olur. Melvil bütün düşüncə və fikirlərini gah sadə matrosların dilindən verir, gah da çoxsaylı simvollarla, hadisələrin üst qatıyla nəql edir; müəllif yeganə məqsədə doğru irəliləyir – ümumi, universal həqiqət aramağa çalışır, əlbəttə, əgər belə bir həqiqət mövcuddursa. Yenə deyirəm, əsərdə Baş Qəhrəman fikirdir,düşüncədir, onun inkişafı isə əsas süjet xətti kimi də götürülə bilər.
“Mobi Dik” romanı roman janrlarının müxtəlif modifikasiyasının (macəra, dəniz, sosial, tərbiyəvi, səyahət romanlarının) bütöv halı və sintezidir. Bu cəhət əsəri bir qədər də fəlsəfi roman janrına yaxınlaşdıra bilib. Əsərin xüsusi nəqletmə strukturunun özəyini də məhz müəllif düşüncəsinin dinamizmi təşkil edir…
Melvilin sizə təqdim etdiyimiz “Mobi Dik və ya Ağ Balina” romanında İnsan- Heyvan- Dünya- Zaman münasibətləri ilə bağlı qoyulan məsələlər də hələ son nöqtə deyil. Lakin X1X əsrin ortalarında Amerika reallığında yaranmış belə bir əsərin meydana çıxması və bütün çətinliklərə baxmayaraq dünya ədəbiyyatı tarixində şedevr kimi qalması heç şübhəsiz böyük yazıçı dühasından xəbər verir. İnanmaq istəyirik ki, “Mobi Dik” kimi məşhur bir əsərin Azərbaycan dilində ilk dəfə işıq üzü görməsi səbirli Azərbaycan oxucusunun da böyük marağına səbəb olacaq.
ÜÇÜNCÜ FƏSİLDƏN bir parça
...Şiştəpəli kümü olan bu “Balina Fəvvarəsi” hotelinin içinə girib nə görsəniz yaxşıdı: köhnə taxta panellərdən tikilmiş alçaq döşəməli geniş bir otaq, sanki istismar müddəti bitmiş ölüm gəmisinin göyərtəsini xatırladır. Divarın bir tərəfindən böyük bir şəkil asılıb. Şəkildəki rəsm o qədər pozuq-mozuq və köhnədir ki, zəif işıqda ona baxmaq mümkün deyil, gərək uzun müddət baxasan, qarşısında saatlarla dayanıb nəzər yetirəsən ki, bir şey anlayasan; ya da elə qonum-qonşudan xəbər alasan ki, balam, bu şəkildə təsvir olunan nədir belə, orda nə çəkilib. Rəsmdə üst-üstə o qədər anlaşılmaz kölgə və boyalar yığnağı var ki, əvvəlcə sənə elə gəlir ki, qarşında ümidverici gənc bir rəssamın əsəridir, Yeni İngiltərədə cinlərin və cadugərlərin meydan suladığı zamanlardakı hərc-mərcliyi göstərmək məqsədi daşıyır. Lakin rəsmə baxıb uzun və fasiləsiz düşüncələrdən sonra (həm də otağın uzaq küncündəki xırda pəncərəni açmaq yadınıza düşür) nəhayət, bu qənaətə gəlirsiniz: rəssamın belə bir ideyanı verməsi qaba olsa da, o qədər də əsassız deyil. Lakin sizə ən çox təsir edən və sizi qayğılandıran hal budur ki, rəsmin düz ortasında əyilmiş, çevik, əcayib və qara bir kütlə var, altından üç tutqun, mavi vertikal xətt sallanıb və o, elə bil dənizin köpüklənən, təsəvvürəgəlməz burulğanında üzür. Hə, şəkildə doğurdan da hardasa axıcılıq var, sulu boya ilə çəkilib, qeyri-müəyyəndir, əsəbləri zəif olan adamları haldan çıxara bilər. Eyni zamanda şəkildə dumanlı, sirli, əlçatmaz olsa belə, nəsə bir ucalıq, nəsə bir əzəmət var; məhz bu, sizi kətan parçaya dəfələrlə baxmağa vadar edir, siz baxırsız, yenə baxırsız, nəhayət, ixtiyarsız olaraq özünüzə söz verirsiniz ki, nə olur-olsun, bu lənətə gəlmiş rəsm əsərinin mənasını öyrənəcəksiniz. Sizdə tədricən əntiqə, lakin təəssüf ki, aldadıcı bir fikir oyanır: bu, Qara Dənizdə fırtına gecəsidir. Təbii fəlakətlərə qarşı təbii mübarizədir . Ya da süpürgə kollarının başı üzərində Tufandır. Şimal ölkələrində Qış mənzərəsidir. Bu bir Yeni Dövrün çaylarında buz axınının başlanması mənzərəsidir... Lakin bütün bu fantaziyalar axır ki, rəsmin ortasındakı əcayib kütlə qarşısında geri çəkilir; əgər onu başa düşsən, onda şəkil tam aydın olar. Dayan bir görüm; bu ortadakı kütlə uzaqdan hansısa bir möhtəşəm balığa oxşamırmı? Bəlkə elə Spermasetli Balinanın özüdür?
Doğurdan da söhbət etdiyim bir çox yaşlı adamın ümumi fikrinə müəyyən mənada əsaslansam, mənim sonuncu versiyama görə, rəssamın əsərinin məzmunu bundan ibarətdir: şəkildə Balina təsvir olunub; Horn Burnunda şiddətli dəniz fırtınası onu yaxalamışdır, okean yarıya qədər batan gəmini amansızcasına yırğalayır və suyun üzündə onun yalnız üç yalın dor ağacı görünür. Yuxarıda isə qəzəblənmiş nəhəng bir Balina gəminin üstündən tullanmaq istəyir – bu, o dəhşətli anın, yəni Balinanın həmin yekə şiş kimi görünən üç dor ağacına çırpılması anının təsviridir.
Əks tərəfdəki divardan başdan ayağa əcayib qaba nizələr və dəyənəklər asılmışdı. Taxta saplağların üstünə hansısa parıldayan dişlər sıx-sıx düzülüb, elə bil sümükdən düzəldilmiş mişarlardı. O biri alətlər isə insan saçının kəkilləri ilə bəzədilmişdi. Ölüm silahlarından birinin orağabənzər forması və iri əyri sapı vardı; qoşqu ləvazimatını xatırladır, biçənəklərdə istifadə edilən uzun dəryazı andırırdı. Ona baxarkən ətin ürpəşirdi. Özünüzdən soruşursunuz ki, bu iti vəhşi alət nədir belə? Görəsən bir zamanlar yırtıcı adamyeyən bu qorxunc oraqla öz ölüm məhsullarını biçirmiş? Elə ordaca balina ovlayan köhnə, paslanmış harpunlar və mızraqlar asılmışdı, hamısı sınıq-salxaq və əyilmişdi. Bunlarla bağlı nə qədər tarixi hadisələr baş verib! Bax elə götürək bu mızraqı: nə vaxtsa uzun və dümdüz olub, indi isə heç nəyə yaramayan əyilmiş vəziyyətdədir. Əlli il bundan qabaq Natan Sveyn gün çıxandan gün batana kimi bununla düz on beş balina öldürüb. Hələ bir o harpuna bax – indi gör nəyə bənzəyir, probka açan burğuya dönüb – amma nə vaxtsa Yava sularında istifadə olunub, Balinaya atılıb, lakin balina sivişib aradan çıxıb və çox-çox illərdən sonra Blanko burnunda ölü vəziyyətdə tapılıb. Harpun onun quyruq nahiyyəsinə girib, amma bu müddət ərzində insan bədənində gəzən iynə kimi onun cəmdəyinə də təxminən qırx fut yeriyib, nəticədə onu ölən balinanın belindəki yumşaq yerindən tapıb çıxardıblar.
Bu tutqun, yarımqaranlıq otağı tağla örtülmüş alçaq keçid vasitəsilə keçib bufetə girirsən (keçmişdə indi tağla dolu olan bu əsas yerdə iri buxarı və görünür, hər iki divara yaxın yerdə də bir neçə ocaq olub). Bu otaq o birindən də qaranlıqdır, düz başınızın üstündə ağır tirlər görünür, ayağınızın altında isə elə köhnə və kələ-kötür taxta lövhələr düzülüb ki, bir anlıq sizə elə gəlir ki, hazırca köhnə bir gəminin aşağı göyərtəsindəsiniz. Xüsusilə əgər gecədirsə, elə bilirsiniz ki, bu qədim Nuh gəmisi aralıqda lövbər salıb şiddətli küləkdən silkələnir. Divarın yan tərəfində uzun, alçaq, mizin gözünə bənzər şüşə yeşiklər düzülüb, orda dünyanın müxtəlif yerlərindən gətirilib yığılmış, toz basmış əcayib şeylər vardı. Otağın uzaq küncündə piştaxta durmuşdu, bu da qəribə bir qurğuydu, Qrenlandiya Balinasının kəllə eskizini xatırladırdı. Çox qəribəydi ki, bufetin piştaxtası arkovari nəhəng balina çənəsinə bənzəyirdi; o qədər böyük idi ki, onun altından dördtəkərli minik arabası da keçə bilərdi. Piştaxtanın divarlarına köhnə taxta rəflər vurulmuşdu. Bu rəflərdə qədim qrafinlər, şüşələr, mehtərələr və müxtəlif su qabları düzülmüşdü; adamı sarsıdan belə bir horrada lap ikinci İona kimi (yeri gəlmişkən onu elə belə də çağırırdılar) balacaboy, qırışıqlı bir qoca çalışırdı. O, dənizçilərə nağd pilla üçqat qiymətinə qızartma satırdı.
Qocanın zəhər süzdüyü stəkanların vahiməli görünüşü vardı. Çöldən əməlli-başlı silindr təsiri bağışlayırdılar, amma içəridən yaşıl köpüklərlə doldurulmuş şüşələr aşağıya doğru naziklənir, beləliklə, stəkanın dibi yalançı dərin kimi görünürdü. Stəkanların şüşə divarlarına paralel meridianlar kobud şəkildə vurulmuşdu, bunlar da həmin o “cibəgirənliyin” əlamətləriydi. Belədə sizə stəkanın şüşə divarındakı ilk ölçü xəttinə qədər süzürlər, bir penni alıb qoyurlar cibişdana; ikincini süzürlər, yenə bir penni, beləcə, ən yüksək xəttə çatanda - yəni balina dozasına çatanda isə bir şillinq alıb qoyurlar cibə.
İçəri girəndə gördüm ki, stolun ətrafında bir neçə gənc dənizçi oturub. Onlar solğun işıqda xaricdən gətirilmiş əcayib bir şeyə tamaşa edirdilər. Mən gözlərimlə hotelin sahibini aradım və ona gecələmək üçün otaq istədiyimi bildirdim. Dedi ki, otaq yoxdur, yerlər hamısı tutulub.
- Amma... bir dayanın görüm, - deyə hotel sahibi əlini alnına aparıb ovuşdurdu, - etiraz etməsəniz, sizi bir harpunçu ilə eyni çarpayıya yerləşdirərəm... Axı siz balina ovlayan gəmiyə minmək istəyirsiniz, elə deyilmi? Belə şeylərə gərək öyrəşəsiniz...
Dedim ki, bir yataqda iki nəfərin yatmasını xoşlamıram; əgər buna razılıq verəsi olsam, onda harpunçunun kim olduğunu da öyrənməliyəm. Əgər doğurdan da boş otaq yoxdursa, o harpunçu da normal adamdırsa, əlbəttə ki, razıyam. Bu şaxtalı gecədə qərib şəhəri veyil-veyil gəzməkdənsə, hər hansı bir namuslu adamla bir ədyal altında yata bilərəm...
- Çox yaxşı, mən də belə düşünürəm... Keçin oturun... Bir şey yeyəcəksizmi? Şam yeməyi bu saat hazır olar...
Mən köhnə taxta skamyada oturdum. Bu oymalı oturacaq Battəri parkındakı skamyalardan heç də pis deyildi. Skamyanın o biri başında hansısa matros fikirli-fikirli oturub başını aşağı dikmişdi, ayaqlarını aralayıb cib bıçağı ilə oturacağı oyurdu. O nəsə yelkənli bir gəmi cızmağa cəhd edirdi, amma deyəsən heç alınmırdı. Nəhayət, bizi – beş-altı nəfər olardıq – qonşu otaqdakı nahar stoluna çağırdılar. Bura soyuq idi, elə bil İslandiyadasan; buxarı yanmırdı, sahibkar dedi ki, buxarını yandırmaq ona sərf eləmir, təkcə oyulmuş iki şamdandakı piy şamlar yanırdı. Biz dənizçi gödəkçələrimizin düymələrini bağlamalı olduq və barmaqlarımızın uclarını isti parçların qulpu ilə qızdırdıq. Bizə yaxşı yemək gətirdilər, ət və kartofdan başqa yumşaq bulka da verdilər. Təsəvvür edin, şam yeməyində yumşaq bulka!
- Heyy, oğlan, - hotel sahibi dilləndi,- bu gecə sənin dəhşətli gecən olacaq!
- Yəni həmin o harpunçunu deyirsiz?- soruşdum.
- Yox əşşi, - sahibkar nəsə şeytani bir gülüşlə cavab verdi.- O harpunçu əsmər cavan bir oğlandır. O heç bulka da yemir, təkcə bifşteks yeyir...Özü də qanlı-qanlı yeyir...
- Bura baxın, o adamyeyən-zad deyil ki? Bəs hardadı o? Burdadı?
- İndilərdə gələr...
Bu qarabuğdayı harpunçu məndə yavaş-yavaş qorxu oyatmağa başladı. Hər ehtimala qarşı belə qərara gəldim ki, əgər onunla birgə yatmalı olsam, onu məcbur edəcəm ki, birinci soyunub yatağa girsin.
Axşam yeməyi bitdi və hamı bufetə döndü. Burda vaxt öldürməkdən savayı heç nə görmürdüm və mən axşamın qalan hissəsini ətrafdakıları müşahidə etməklə keçirdim. Birdən bayırdan güclü səs-küy gəldi. Hotel sahibi başını qaldırıb ucadan qışqırdı:
- Bunlar “Delfin”in heyət üzvləridir! Səhər qəzetdən oxudum ki, “Delfin” gəmisi limana yan alıb. Bu gəmi düz üç il idi ki, okeanda idi, budur, qayıdıblar, özü də əliboş gəlməyiblər. Anbarları doludur. Eşq olsun, uşaqlar! İndi öyrənərik görək Ficidə nə var, nə yox!
Dəhlizdən matros çəkmələrinin səsi eşidildi. Qapılar taybatay açıldı və içəri bir sürü vəhşi dəniz canavarı girdi, daha doğrusu, onlar saçaqlı, isti yarımkürklərində və başlarına dolamış yun şarflarında lap zalım Labrador ayılarına bəzəyirdilər; cır-cındır və yamaqlı əyin-başları vardı, saqqalları buz sırsırasına dönmüşdü. Gəmidən indicə düşüb bura gəlmişdilər. Onların birbaşa piştaxtaya-balina çənəsinə doğru cummaları təəccüblü deyildi. Zəhmətkeş, büzüşmüş qoca İona da hər birinə ağzınacan dolu bir stəkan şərab süzdü. Gələnlərdən biri soyuqdəymədən şikayətlənirdi, buna görə də qoca İona ona daha tünd içki – nişastalı spirtlə qarışdırılmış ingilis arağı verdi. Qocanın dediyinə görə, bu, krallara məxsus can dərmanıdı, hər bir xəstəliyi –dəxli yoxdu harda tutmusunuz və nə vaxt tutmusunuz, Labrador sahillərində, yaxud elə hansısa Aysberqin külək tutan tərəfində - soyuqdəyməni, qızdırmanı, iltihabı sağaldacaq...
(ardı var)
İngiliscədən tərcümə etdi: Kamran NƏZİRLİ
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.