Yola ver getsin
Problemi həll edə bilmirsənsə, məsuliyyət ağırdırsa, iş alınmırsa – yola ver. Heç nə alınmırsa, “belədir də” de, məsələ bitsin. Əsas odur ki, məsələ böyüməsin. Böyüməsə, demək, problem də yoxdur.
Bir gün bir ağsaqqaldan soruşdum: “Niyə əksər problemə “yola ver getsin” –deyirik?” Dedi: “Çünki problemi həll etmək zəhmət istəyir, yola vermək isə bircə cümlə. Həm də bu günün problemini həll etməsən, sabah artıq o, problem yox, “köhnə məsələ” olur. Bir az da gözləsən, ümumiyyətlə, unudular.”
Sonra əlavə etdi: “Amma bir gün yola verdiyin hər şey geri qayıdıb qapını döyə də bilər. Onda vay halına, qapını açmağa üzün qalmaz…”
Bəzi problemlərin niyə bu qədər uzunömürlü olduğunu indi başa düşdüm. Biz onları həll etmirik, sadəcə yola verib, yola salırıq. Elə yola salırıq ki, az qala, problem də bizdən icazə alıb geri qayıtmalı olur.
Maaş gecikir, iş vaxtında görülmür – yola ver getsin. Növbə pozulur, kimsə məsuliyyətini yerinə yetirmir – boş ver, məsələni böyütmə, belədir də. Bir sözlə, hər şey qaydasındadır, sadəcə qaydanın özündən xəbər yoxdur.
Bəzən “yola vermək” həqiqətən də lazımdır. Hər sözü böyütmək, hər incikliyi ürəkdə saxlamaq olmaz. Amma bir məsələ var: bağışlamaq, məsuliyyətsizliyi bağışlamaqla eyni şey deyil.
Aylar, illər keçir, problem böyüyür və sən soruşursan: “Məsələ nə oldu?” Cavab hazırdır: “Nəzarətdədir.” Bu ifadənin bizdə o qədər geniş funksiyası var ki, az qala hər şeyin üstünə yapışdırmaq olar. Hətta problem tamamilə nəzarətdən çıxsa da, bir azdan “nəzarətdədir” - deyə bilərik. Yəni narahat olmayın: heç nə həll olunmasa da, ən azı baxılır. Baxılır, müşahidə olunur, izlənilir. Sadəcə, nədənsə nəticə hissəsinə çatmaq mümkün olmur.
Adiləşdikcə adət edirik və artıq heç kim təəccüblənmir. Bununla da məsələ bağlanır. Problem həll olunmur, sadəcə ona münasibətimiz dəyişir. Əvvəl əsəbiləşirik, sonra yoruluruq, sonda isə “həyatın reallığıdır” - deyirik. Yəni, dözə bilmədiyimiz şeyə öyrəşir, öyrəşdiyimiz şeyi isə normal hesab edirik. Beləcə, həyatımız “yola verə-verə” keçir.
Hər şeyi yola vermək müdriklik deyil. Bəzən bu, sadəcə məsuliyyəti sabaha ötürməyin ən nəzakətli formasıdır. Zibili yerə atana, növbəni pozana, işini görməyənə susuruq. Çünki susmaq çox rahatdır.
Ona görə problemi yox, problemi böyüdən laqeydliyi yola verək. Bəhanələri, məsuliyyətsizliyi, “belədir də” rahatlığını yola salaq!
Hər şeyi adiləşdirməyək. Çünki bu gün yola verdiyimiz şey sabah qayıdacaq. Sabah da yola versək, birigün yenə gələcək. Axırda elə böyüyəcək ki, qapını sadəcə döyməyəcək, birbaşa içəri girəcək. Onda da “yola ver getsin” deməyə gec olacaq.
Çünki problemlər həll olunmayanda, mütləq haçansa geri qayıdır.
Akif AĞAYEV











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.