Rənglərin söylədiyi hekayə- Rəssam Nəsibə Əsgərovanın Yaradıcılıq dünyası
Bəzən rəssamın yaradıcılıq yolu onun çəkdiyi əsərlərdən daha əvvəl başlayır. Uşaqlıq xəyallarında, ilk rəng seçimlərində və gələcəyini müəyyən edən kiçik, lakin taleyüklü anlarda. Nəsibə Əsgərovanın sənət yolu da məhz belə bir hekayənin davamıdır. O, qrafika təhsili almasına baxmayaraq, rəngkarlıq sahəsində formalaşdırdığı fərdi üslubu, milli-mənəvi dəyərlərə söykənən əsərləri və uzun illər ərzində yetişdirdiyi gənc istedadları ilə Azərbaycan təsviri sənətində özünəməxsus yer tutmuş, yaradıcılıq yolunun əsas istiqamətini müəyyənləşdirmişdir.
Əsgərova Nəsibə Abdulhəsən qızı 12 mart 1984-cü ildə Neftçala şəhərində anadan olmuşdur. Orta təhsilini Neftçala şəhəri Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov adına 1 nömrəli tam orta məktəbdə almışdır. Nəsibənin təsviri sənətə olan marağı hələ uşaqlıq illərindən özünü göstərmişdir. O, bağça yaşlarından çəkdiyi rəngarəng rəsmlərlə müəllimlərinin diqqətini cəlb edir, əsərləri təhsil aldığı müəssisələrin şərəf lövhələrində nümayiş etdirilərək digərlərinə nümunə göstərilirdi. Kiçik yaşlarından kitab oxumağa böyük maraq göstərən balaca rəssam mütaliə etdiyi nağılların qəhrəmanlarını öz təsəvvüründə canlandıraraq albomlara köçürürdü. Onun ilk tamaşaçısı, ən böyük dəstəkçisi və həvəsləndiricisi atası olmuşdur. Atası qızının çəkdiyi rəsmləri hər zaman qürurla göstərir, onun istedadına inanırdı.
Rəssamlıqla yanaşı, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinə də maraq göstərən Nəsibə Əsgərova tikiş, geyim dizaynı və moda sahəsində də bacarıqlarını nümayiş etdirmişdir. Onun yaradıcılıq yolunda mühüm dönüş nöqtələrindən biri xalçaçı-rəssam İsmayıl Qasımovla tanışlığı olmuşdur. İsmayıl müəllim onun əsərlərini yüksək qiymətləndirərək gənc istedadı rəssam Rəhim Rəhimovla tanış etmişdir. Nəsibə Əsgərova iki il ərzində hər iki sənətkardan peşəkar rəsm dərsləri alaraq təsviri incəsənətin incəliklərini dərindən mənimsəmiş, bu sahənin sirlərinə bələd olmuş, rəssam kimi gələcəyinin möhkəm təməlini formalaşdırmışdır. O, 2000-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Qrafika” fakültəsinə qəbul olunmuşdur. Sonradan təhsilini yeni yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında eyni ixtisas üzrə davam etdirmişdir. Akademiyada təhsil aldığı illərdə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri olan Azərbaycan Respublikasının Xalq rəssamları Yusif Hüseynov, Cəmil Müfidzadə, Oqtay Sadıqzadə, Natiq Əliyev, Əməkdar rəssamlar Rəsul Hüseynov, Aydın Hüseynov və digər sənətkarların tələbəsi olmuşdur. Nəsibənin yaradıcılıq dünya görüşünün və fərdi dəst-xəttinin formalaşmasında xüsusilə Yusif Hüseynov və Cəmil Müfidzadənin müstəsna rolu olmuşdur. Bakalavr təhsilinin sonunda diplom müdafiəsi zamanı görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarov, magistratura təhsili üzrə diplom müdafiəsində isə Xalq rəssamı Tahir Salahov onun yaradıcılığını yüksək qiymətləndirmişlər.Tahir Salahovun auditoriya qarşısında söylədiyi “Sənin əsərlərində poeziya var, baxmayaraq ki, ciddi mövzu üzrə əsər işləmisən” fikri gənc rəssam üçün böyük stimul və mənəvi dəstək olmuşdur. O, həm bakalavr, həm də magistratura təhsilini fərqlənmə diplomları ilə başa vurmuşdur. Akademiyada təhsil aldığı illərdən etibarən müxtəlif mövzulu sərgilərin, nazirliklərin keçirdiyi layihələrin fəal iştirakçısına çevrilən Nəsibə Əsgərova bir sıra diplom və mükafatlara layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, o, tələbəlik illərində Nahid Kabakçı mükafatına layiq görülən iki tələbədən biri olmuşdur.
İstedadlı rəssamımız 2004-cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında müəllim kimi çalışır. Uzun illər ərzində şagirdləri ilə birlikdə respublika və beynəlxalq sərgi, müsabiqə və layihələrdə iştirak edərək uğurlu nəticələr əldə etmişdir. Nəsibə xanım yetişdirdiyi hər bir şagirdin uğurunu öz uğuru kimi qiymətləndirir və onların yaradıcılıq inkişafına xüsusi diqqət yetirir. Onun əsərlərində qrafikanın dəqiqliyi ilə rəngkarlığın emosional ifadə gücü harmonik şəkildə birləşir. Rəssam forma və işığın təsir imkanlarını rəng vasitəsilə təqdim edir, qrafik düşüncədən qaynaqlanan aydın konturlar və dəqiq kompozisiya quruluşu ilə əsərlərinə fərdi xarakter qazandırır. Xüsusilə qızılı və qəhvəyi tonlardan istifadə etməsi onun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindəndir. Bu rəng həlli tamaşaçı ilə emosional əlaqə yaratmağa xidmət edir.
Nəsibə Əsgərova rənglərin dili ilə düşünən, hisslərini fırçanın gücü ilə peşəkarcasınsa ifadə edərək cəmiyyətin mənəvi yaddaşını formalaşdırır. Onun əsərlərində Azərbaycanın milli-mədəni dəyərləri, tarixi keçmişi, təbiəti, insan taleləri və müasir həyatın müxtəlif məqamları özəksini tapır. Rəssam üçün seçdiyi sahə sadəcə peşə deyil, daxili dünyasını ifadə etmək və insanlarla ünsiyyət qurmaq vasitəsidir. O, müxtəlif janrlarda uğurlu əsərlər ərsəyə gətirmişdir. Buna misal olaraq “Sərdarabad qalası”, “Güzgülü saray”, Ümummilli Lider Heydər Əliyevin portreti, “Gerçəkləşmiş arzular”, “Dua və iradə”, “Simlərin səsi”, “Tarın nəğməsi”, “İnamın zəfəri”, “Çiçəklərin rəngli səsi”, “Çiçəklərin təbəssümü”, “Qarabağ”, “İrəvan xanlığı”, “Üzeyir Hacıbəyov”, “Payız təranələri” və digər adlarını sadaladığımız əsərləri onun yaradıcılıq diapazonunu əks etdirən dəyərli nümunələrdəndir.
Daim yaradıcılıq axtarışında olan rəssam 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2024-cü ildə keçirilən “Vətənim Qərbi Azərbaycan” Respublika rəsm müsabiqəsində II yerə layiq görülmüşdür. 2026-cı ildə isə ilk fərdi sərgisi sənətsevərlərin görüşünə gəlmişdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş tədbir çərçivəsində təşkil edilən “Yaddaşın sədası” adlı bu sərgi rəssamın yaradıcılıq fəaliyyətində mühüm mərhələ olmuşdur. Sərgidə müxtəlif janr və texnikada olan maraqlı kompozisiyalı 30-dan çox əsərini nümayiş etdirmişdir. Zəngin ekspozisiyası ilə diqqət çəkən sərgi sənətsevərlər tərəfindən maraqla qarşılanmış, nümayiş olunan əsərlər hər bir tamaşaçıda dərin təəssürat yaratmışdır.
Bu gün də Nəsibə Əsgərova pedaqoji və fərdi yaradıcılıq fəaliyyətini uğurla davam etdirərək yeni əsərlər üzərində çalışır, incəsənət dünyasına öz töhfələrini verir. Onun əsərləri müxtəlif şəxsi kolleksiyalarda və sərgi ekspozisiyalarında qorunub saxlanılır.
Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi,
ARİ-gənc sənətşünaslar bölməsi üzrə prezident təqaüdçüsü


.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.