"Təbiətin sehri" adlı rəsm sərgisi təşkil olundu
Paytaxtın “Zaman art”qalereyasında keçirilən “Təbiətin sehri” sərgisi tamaşaçılara iki rəssamın – Nigar Quluzadə və Nərmin Abdullayevanın əsərlərini təqdim edib. Öz konsepsiyası və ideyası ilə tam ahəng təşkil edən sərgi, Azərbaycanda 2024-cü ildə elan edilmiş “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində təşkil olunmuşdur. Sərginin əsas mövzusu öz səxavətini insanlarımızdan əsirgəməyən doğma təbiətimizin gözəlliyini nümayiş etdirmək, onu qorumağa və onun sərvətlərindən məqsədyönlü şəkildə istifadə etməyə bir çağırışdır.
Sərgini dəyərli sənətkarlar, xalq rəssamları, professorlar açıq elan etdi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamı Səlhab Məmmədov, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Respublikasının xalq rəssamı Arif Əziz, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycanın xalq rəssamı Siruz Mirzəzadə təbrikləri və gözəl arzuları ilə hər iki rəssamı təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sərginin açılışında xalq artistləri, rəssamlar, sənətşünaslar, nəşriyyat rəhbərləri, qalereya rəhbərləri, mərkəz rəhbərləri və digər hörmətli qonaqlar iştirak ediblər. Qonaqların arasında Azərbaycan Milli Konservatoriyası rektor müşaviri Riad Quliyev, “Hüquq və İnsan Haqqları İnstitutu”nun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Cinemamastercard-idarə heyətinin sədri Zaur Darabzadə, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti Rüfət Xəlilzadə , Azərbaycan Nəşriyyatının direktoru Leyla Qulaliyeva, Çaşıoğlu multimedianın direktoru Rəhilə Soltan qızı, Təhsil nəşriyyatının direktoru Tural Axundov, rəssam Sabir Qasımov, heykəltaraş Orxan Nəbizadə , rəssam Elnur Mahmudov , rəssam Elxan Əliyev, rəssam Orxan Qarayev , rəssam Anar Şəmsi və digər qonaqlar iştirak ediblər. Nərmin Abdullayeva
Nərmin Abdullayeva (d. 1986, Bakı) İncəsənət Gimnaziyasının Rəssamlıq ixtisasını (2004), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Bakalavr pilləsini (2008) fərqlənmə diplomu ilə, daha sonra Magistr pilləsini (2010) fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Rəssamlar ittifaqının üzvüdür (2007). Bir çox yerli və beynəlxalq sərgilərin iştirakçısı və qalibidir. 1999-cu ildə Yaponiyada keçirilən beynəlxalq sərgidə 1-ci yerə və qızıl medala layiq görülüb. Uşaq dünyası qalereyasında (1995,1999), Türkiyə-Ankarada (2004), Müasir İncəsənət Muzeyində(2013), Niderland - Haaqada(2015), ATV qalereyada (2015), Avstriya-Vyanada(2016), Azərbaycan Rəssamlar İttifaqında (2023) fərdi sərgiləri keçirilmişdir. Prezident təqaüdçüsüdür (2024). Bir çox nəşriyyatlarla("Çaşıoğlu" multi media, " Təhsil" və s.) və şirkətlərlə ("Rəsm", "Azərmarka", "i love Baku" və s.) əməkdaşlıq edib, markalar, yaylıqlar və açıqçalar üzərində, uşaq kitablarında illüstrasiyaları nəşr olunub. Xalq rəssamı Arif Hüseynovla birgə Aztv və Mədəniyyət kanallarında yayımlanan “Dərsdən sonra” verilişinin aparıcısı olub. “Çiçəyim” uşaq teatrının modelyeridir. 20 ildir pedaqoji fəaliyyətlə məşğuldur, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Palitra” rəsm studiyasının rəhbəridir (2004-cü ildən). Qrafik rəssam Nərmin Abdullayevanın yaradıcılığında məhz klassik Azərbaycan dekorativ-tətbiqi sənətinin motivləri aşkar şəkildə özünü büruzə verir. Mahiyyət etibarilə, yapon rəssamlığının “katoqa” janrını (adı “çiçəklər və quşlar” kimi tərcümə olunur) xatırladan onun əsər janrları arasında müxtəlif çiçək və quşların təsvirləri olan kompozisiyalar üstünlük təşkil edir. Həmin əsərlərdə sadəcə təsviri sənət nümunəsindən əlavə, həm də Yaxın Şərqdə ruhani və sufi poeziyasında təşəkkül tapmış bülbül və qızılgülün eşq macərası və məhəbbət etüdləri başlıca motiv kimi əks etdirilir.
Bu motiv təbiətin gözəlliyini tərənnüm etməkdən tutmuş, Uca Yaradana məhəbbətə kimi müxtəlif mənaları özündə ehtiva edir. Qeyd etmək lazımdır ki, rəssam öz əsərlərində seyrçiyə ilk növbədə, təbiətin yaratdıqlarına heyran olmaq kimi realist hissləri aşılayır. Onun yaradıcılığında özünəməxsusluğu ilə seçilən yanaşma üslubu, təsvir olunanların rəhnində öz nəfis dekorativliyi ilə seçilir.
- Mən təbiəti çox sevirəm və yalnız onun qoynunda rahatlıq tapıram”, – Nərmin Abdullayeva deyir. - Quşların səsi, çiçəklərin qoxusu, dənizin uğultusu və ya yağışın xışıltısı daim mənim ilham mənbəyimdir... Günəşli, yağışlı, qarlı olub-olmamasından asılı olmayaraq, istənilən havada parkda və ya bulvarda gündəlik gəzintiyə çıxmaq lap çoxdan mənim üçün bir vərdiş halını alıb. Ən çox sevdiyim fəsil isə bahardır və ona görə də əsərlərimdə ən çox bu fəsil təsvir olunur. Ümumi götürüldükdə, təbiət mövzusu mənim həyatımın və yaradıcılığımın əsas qayəsini təşkil edir. Elə bu səbəbdən də, Yaşıl Dünya Həmrəyliyi İlinin açılış günündə bu sərgidə öz əsərlərimi nümayiş etdirmək qərarına gəldim.
Nərmin bu sərgi üçün son illərdə yaratdığı əsərlərlə yanaşı, onun xəstəliyə məruz qalması azmış kimi, dörd divar arasında qalmaq məcburiyyətinin onun üçün ağır stress və depressiyalar yaradan son pandemiya dövründə yaratdığı əsərlər də nümayiş etdirmişdir... Sevimli vərdişi olan təmiz havada gündəlik gəzintiləri müvəqqəti unutmaq məcburiyyətindən və çıxılmaz görünən vəziyyətdən onu məhz onun yaradıcılığı xilas etmiş oldu və ona, bütün məhrumiyyətlərə baxmayaraq, həyatın davam etdiyini cidd-cəhdlə xatırlatdı. Məhz o zaman onun fırçasından öz xüsusi çeşid çalarlarını və cizgilərin incəliyini özündə ehtiva edən “çiçəklər və quşlar” janrının qrafik təsvirləri hasil olmağa başladı...
Onun əsərləri kifayət qədər geniş formatda ərsəyə gələrək, orta əsrlərin kitab miniatürlərindən daha çox, iki yüzillik bundan əvvələ qədər saray divar rəsmləri ilə assosiasiya olunur. Eyni zamanda, onlar Bakının müasir şəhər divar rəsmlərinə müəyyən dərəcədə yaxınlıq təşkil edirlər. Nərmin Abdullayevanın bu sərgidə seyrçilərə təqdim etdiyi daha bir silsilə əsərində kitab miniatürləri ilə daha çox bağlılıq özünü büruzə verdi. Bu silsilə əsərlərdə pişikkimilər fəsiləsinin nümayəndələri olan pələnglərin və hepardların monoxrom təsvirləri qrafik üslubda nümayiş etdirildi. Bu heyvanların ovunun təsvir edildiyi əsərlər quşlar və dekorativ çiçək naxışları ilə müşayiət olunur və bu heyvanlar qədim miniatürlərin zərli rəsm elementlərini xatırladır. Eyni zamanda onlar öz prototiplərindən savayı hansısa səhnələrin personajları təəssüratını bağışlayırlar və hər bir belə kompozisiya müəyyən kiçik süjeti ifadə edir. Qara fonun kontrastı və təsvirin parlaq tonu nadir ağ sıçrayışlarla bu əsərlərə sırf qrafik zəriflik verir.
“Mahiyyətcə, təbiət əsrarəngiz və sehrli bir aləm olsa da, biz onu fərqli şəkildə görürük” deyə rəssam, sözügedən sərginin konsepsiyasını izah edir. – Təbiətdə mövcud olan hər bir rəng özünəməxsus bir məna daşıyır və həmin rənglər qarşılıqlı şəkildə bir harmoniya təşkil edirlər. Biz isə onları fərdi yanaşma ilə təcəssüm etdiririk. Əsərlərimdə təbiətin rənglərini, onların mənə açdığı sirləri, bəxş etdiyi yaşam hissini, ən əsası isə ona olan sevgimi, heyranlığımı əks etdirməyə çalışıram və bununla da insanlara səslənmək istəyirəm: gəlin, yaşadığımız dünyanın və bizi əhatə edən bənzərsiz təbiətin qayğısına qalaq! Axı biz bütün bu füsunkarlıqları gələn nəsillərə ötürməyə borcluyuq.
Nigar Quluzadə (d. 1980, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Bakalavr (2001), Magistr (2003), Assistentura pilləsini (2005) fərqlənmə ilə bitirmişdir. 1990-cu illərdən indiyə kimi yerli və beynəlxalq sərgilərin, simpoziumların iştirakçısıdır. 20 illik pedaqoji təcrübəyə malik olan Nigar Quluzadə yaradıcılıq sahəsində müxtəlif janr və üslublarda yaradaraq kitab illustrasiyalarının (məs. Rauf Əhmədovun “Keçmişə qayıdış” kitabı, 2015-2016) , televiziya verilişləri (Xalq Ulduzu 3 televiziya verilişi, 2009-2010) və milli geyim üzrə modellərinin müəllifidir (məs. Əli və Nino teleserialı, 2013-2014). Yaradıcı fəaliyyəti ilə bərabər, ADRAnın nəzdində İncəsənət Kollecinin direktoru (2022-2023) vəzifəsində çalışmışdır. Azərbaycan rəssamlar ittifaqının, Yeni Azərbaycan Partiyasının üzvüdür. Hal-hazırda yaradıcılıqla məşğuldur.
Nigar Quluzadə dəzgah rəssamlığından kitab illüstrasiyasına və geyim dizaynına kimi çox müxtəlif sahələrdə özünü tanıtmış bir rəssamdır. Nigar Quluzadə sözügedən “Təbiətin sehri” sərgisində kətan üzərində yağlı boya ilə canlandırılmış dağ mənzərələri, barelyef və qarışıq üsulların məhsulu olan “Milli pərvanələr ” silsiləsi ilə iştirak etmişdir.
Nigarın böyük məharətlə yaratdığı Azərbaycanın dağ mənzərələri silsiləsi “Beşbarmaq”, “Quba dağları”, “Qobustan dağları”, “Culfada Piramida-şəkilli dağ”, “Xızı dağları”, “Zəngəzur dağları. Qarabağ”, “Naxçıvanda İlandağ” və “Şahdağ” kimi 9 əsərdən ibarət idi. Rəssam tez-tez ölkəni seyrə çıxır və odur ki, bu silsilədəki əsərlərin əksəriyyəti onun fırçasının məhsuludur. O, seyrçilərin diqqətini hər hansı bir müvafiq obyektin daha çox göz oxşayan parlaqlığı və özəlliyinə cəlb etmək üçün həmin obyektin özünün münasib hesab etdiyi qaydada işıqlandırılması və onun dəqiq vaxtını məharətlə təqdim etmək məharətinə qadirdir. Bu silsilədəki bəzi əsərlər görkəmli fotoqraf Emil Xəlilova məxsus olduğundan, onlar onun icazəsi ilə təqdim edilmişdir. Nigarın əsərlərində nümayiş olunan dağ silsilələri, əsl rəssam fırçasından doğan zəriflik ilə bir-birinə oxşar olduğu qədər, eynilə bir-birindən tamamilə fərqli bir qaydada (elə insanlar özləri də bir-birinə bənzədiyi qədər, bir o qədər də bir-birindən fərqlidirlər) ən incə təfsilatlara varmaqla, realist şəkildə, lakin zərif dekorativliyə toxunmadan tərənnüm edilir. Rəssam çılpaq qayalı yamacları əhatə edən bitki örtüyünü, yamyaşıl çeşidli mamırlı enişləri ən nəfis xətt və kölgə çalarlarına keçidlərlə elə ustalıqla əks etdirir ki, onun rəsm əsərləri naxışlı kətanı xatırladır. Bu mənzərələrdən ilham alan seyrçilər ruhən vətənimizə səyahətə vararaq, həmin zirvələrdəki təmiz havanı sanki ciyərlərinə çəkmiş olurlar.
- Təqdim etdiyim bu silsilə əsərlərim ölkəmizin ən gözəl hesab etdiyim dağ mənzərələrini seçməklə yaradılmışdır. Bununla da, mən seyrçilərə hələ də insan ayağı dəyməmiş bakir təbiətin möhtəşəmliyini və əzəmətini göstərmək istədim”, - deyə rəssam öz konsepsiyasını bölüşür. – Məsələn, mən Naxçıvandakı İlandağ dağını çox sevirəm. Fotoqraflar o dağın fotoşəkilini ilin və günün müxtəlif vaxtlarında çəkirlər və hər dəfə də o, tamamilə fərqli görünür. O fotoşəkillərdə müşahidə olunan rəng çalarları sadəcə olaraq heyrətamizdir.
... Elə mən özüm də uşaqlıqdan tez-tez klip və filmlərdə çəkilən Qobustandakı o məşhur dağı sevmişəm və hər zaman qəlbimdə onun rəsmini yaratmaq arzusu çağlayıb! Bu o həmin dağdır ki, onun fonunda Polad Bülbüloğlu məşhur “Gəl, ey səhər!” mahnısını ifa edir. O dağın möhtəşəmliyi insanda qəribə hisslər yaradır və onun əzəməti qəlblərə nüfuz edir.
... Hələ Xızının rəngarəng dağlarını demirəm. Qəlbi riqqətə gətirən o mənzərələr sonsuz ecazkarlıqla, sanki havada asılıb qalıblar. Bahar fəslində isə onlar necə də xovlu və yumşaq peşməyi xatırladırlar! Əsərlərim arasında gecə vaxtı monumental Beşbarmaq dağını - onun üzərindəki saysız-hesabsız ulduzlar ilə bir ahəngdə əks olunub.
Nigarın sərgidə təqdim etdiyi “Milli pərvanələr ” silsiləsi adlı 9 əsərdən ibarət daha bir silsiləsi insanın təbiətin övladı olduğu və bu səbəbdən də, təbiətin yaratdığı naxışlarla insanın yaratdığı naxışların çoxlu ortaq cəhətlərə malik olması ideyasına əsaslanırdı. Bu silsilədən olan kəpənək relyeflərinin qanadları ənənəvi Azərbaycan xalçalarının nəbati və həndəsi naxışları ilə bəzədilib. Bu isə Nigar Quluzadə yaradıcılığının ən çox tətbiqi xalq yaradıcılığından ilham aldığını və onun əsərlərində bu ilhamın tərənnümü bariz şəkildə öz əksini tapır. Rəngarəng qanadlı gözəlliklər “buta”, “xaçalı islimi”, “butalı islimi”, “gəlbəndlik” və s. kimi klassik xalça naxışları ilə bəzədilib.
- Kəpənəklər dünyanın ən gözəl canlılarındandır, Onlar həm də inanılmaz dərəcədə zərif və kövrəkdirlər”, - deyə rəssam təəssüratlarını bölüşür. “Ona görə də mən bu silsilə əsərlərimi insanın təbiətə münasibətinə istinad edən sərgi üçün seçdim. Mənim kəpənəklərim sanki təbiətin adından seyrçiyə pıçıldayır: “Məni mühafizə etmək və qorumaq lazımdır...”
Nailə Bənnayeva, sənətşünas
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.