Cavadxan Qasımov:
NAXÇIVAN MUXTAR RESPUBLİKASI: MÜJDƏLƏRLƏ DOLU SƏFƏRİN GƏTİRDİYİ QÜRUR
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Xalqımızın ümummilli lideri Heydər Əliyevin həmişəyaşar ideyaları ilə inkişaf edən Azərbaycan Respublikasında regional və milli iqtisadi inkişaf proseslərinin əlaqəli və perspektivli davamlılığı daha mütərəqqi keyfiyyət mərhələsinə qədəm qoymaqdadır. 2004-cü ildən uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramları ölkənin iqtisadi rayonlarının ardıcıl, dinamik və uzunmüddətli inkişaf istiqamətlərinin təmin olunmasına, onların resurslarla təmin olunması sahəsindəki əlçatanlığına və milli iqtisadiyyat üçün olduqca zəruri nəticələrə zəmin yaratmışdır. Bu günə qədər bütün mərhələlərdə, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair müvafiq tənzimləyici mexanizmlərin qüvvəyə minməsi, burada, həm əhalinin rifah səviyyəsinin daha da yaxşılaşmasına, həm davamlı iqtisadi inkişafın təmin olunmasına və həm də, Milli Prioritetlər müstəvisində uzunmüddətli iqtisadi hədəflərin əlçatan olmasına hesablanmışdır. Məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın ölkənin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasına 11 avqust 2026-cı ildə növbəti tarixi səfərləri ilə bu sahədə görülən işlərin daha dinamik mərhələsinin əsasları qoyulmuş oldular.
Dövlət başçısı və birinci xanım səfər çərçivəsində muxtar respublika üçün olduqca zəruri olan, strateji mahiyyətə malik olan və daha effektiv iqtisadi təminatlar yaradacaq tədbirlərin altından imza atdılar. Belə ki, Naxçıvan şəhərində inşası aparılan və ümumi gücü 50 Meqavat olan “Şəms 1” və “Qərb-Üfüq” Günəş Elektrik Stansiyasında aparılan işlərlə tanış olublar. Qeyd etmək olar ki, 25 meqavatlıq “Şəms 1” layihəsi, müəyyən olunan bərpa olunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında yekunlaşdırılması nəzərdə tutulur. Olduqca mühüm nəticə ondan ibarət oldu ki, bu layihə çərçivəsində hazırda 218 nəfərin məşğulluğu təmin olunmuş, bu isə, təbii olaraq, ölkənin sosial dayanıqlılığına mühüm təkan olmuşdur. Stansiya istismara verildikdən sonra illik təxminən 57 milyon kilovat saat elektrik enerjisi istehsal olunacaq ki, bunun da nəticəsində, 19 minə qədər ev təsərrüfatının enerji ilə təmin olunacağı planlaşdırılmışdır. Bütün bunların nəticəsində, muxtar respublikanın mikro, mezo və makroiqtisadi inkişafı sahəsində olduqca mühüm nəticələr əldə olunacaqdır.
“Şəms 1” layihəsi imkan verəcəkdir ki, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınsın və eyni zamanda, 12 milyon kub metr təbii qaza qənaət olunsun.
Eyni zamanda, bu layihə ilə birlikdə, dövlət başçısı və birinci xanım 25 meqavat olan “Qərb-Üfüq” Günəş Elektrik Stansiyasında işlərin gedişi ilə tanış oldular. 2026-cı ilin sonuna qədər tikinti işlərinə başlanacaq bu layihənin, bərpa olunan enerji mənbələri ərazisi olaraq müəyyən olunan 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat saat elektrik enerjisi istehsal olunacaq. Təbii olaraq, bu isə 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına zəmin açmış olacaq. Bütün bunlar, muxtar respublikada enerji təhlükəsizliyinin və təminatlılığının çox zəruri göstəriciləri olaraq xüsusilə əhəmiyyətlidir.
Beləliklə, bu layihənin də reallaşması nəticəsində, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və bununla da, 12 milyon kub metr təbii qaza qənaət olunacaq.
Qeyd edək ki, bütövlükdə, Naxçıvan Muxtar Respublikasında 688 hektar torpaq sahəsi Günəş Elekltrik Stansiyalarının inşa olunması məqsədilə bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən olunub. Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 meqavat, bunun da 108 meqavatı və 5.2 faizi Naxçıvan Muxtar Respublikasının payına düşür. Hər iki stansiyanın istismara verilməsində sonra bu göstərici, 158 meqavat təşkil etmiş olacaq.
Naxçıvan Muxtar Respublikasına hər səfərində genişmiqyaslı töhvələri ilə ictimaiyyətin sevincinə səbəb olan dövlət başçımız, bu dəfə də yeni layihələrin icrası və reallığa qovuşması ilə həmin sevinci bəxş etdi. Belə ki, Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimini keçirməklə, muxtar respublika əhalisinin firəvanlığı sahəsində yeni səhifənin açılmasını təmin etdi. Dövlət başçımız, 5 dekabr 2024-cü il tarixində imzaladığı 240 № -li Fərmanı ilə yaratdığı Sənaye parkının muxtar respublikanın makroiqtisadi inkişafı üçün təməlini qoydu. Burada görüləcək işlər, artıq bir neçə mərhələ üzrə başaladıldı. Belə ki, Naxçıvan Sənaye Parkının təşkil olunması məqsədilə, ilkin olaraq, ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi və sonrakı mərhələdə, xarici və daxili infrastukturun, xüsusilə də, elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulmuşdur. Naxçıvan-Sədərək magistral nəqliyyat kəmərinin cənubunda yerləşən bu Sənaye Parkı 310 hektar sahəni əhatə edəcək. Bu onu deməyə əsas olur ki, Sənaye Parkının yaradılması, müvafiq ərazi üzrə yerləşən əhalinin məşğulluq imkanlarının daha da genişlənməsinə həm səbəb olacaq, həm bu sahədəki islahatların gedişini daha da səmərəliləşdirəcək, həm də, muxtar respublikanın makroiqtisadi inkişaf proseslərində yeni artım dinamikasına təminat yaradacaq. Artıq Sənaye parkına potensial Sahibkarların cəlb olunması ilə bağlı olaraq bir sıra layihələr üzrə danışıqlar aparılır ki, bu da, müəyyən olunan tədbirlərin səmərəli nəticələrinin ifadəsi olaraq çox əhəmiyyətlidir.
Sənaye Parkları təcrübəsi iqtisadi səmərəsinə görə seçilir. Sənaye parkları üzrə 184 rezident qeydiyyata alınıb və onların 101-i fəaliyyət göstərir. İndiyə qədər rezidentlər tərəfindən 7.1 milyard manatdan artıq investisiya cəlb olunub ki, bu da, 11500-dən çox iş yerinin yaradılmasına səbəb olub. 1 iyul 2026 tarixinə olan məlumatlara əsasən, Sənaye Parklarında ümumilikdə, 21.4 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bunun da, 6.7 milyard manatı ixrac olunub.
Dövlət başçısı və birinci xanım səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasına yeni avtobusların istifadəyə verilməsini də təmin etdi ki, bunun da nəticəsində 9 marşrut xətti üzrə il ərzində 4.5 milyon nəfərə xidmət göstəriləcək.
Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri barəsində məlumatlara diqqət etdikdə aydın olur ki, həmin layihələr yekunlaşdıqdan sonra, buraxılış qabiliyyəti illik 15 milyon ton nəzərdə tutulur. Horadiz, Yuxarı Mərcanlı, Soltanlı stansiyalarını əhatə edən 30 km-lik hissə müvəqqəti istismara verilmişdir. 2024-cü ilin may ayından Arazvadisi iqtisadi rayonu üzrə Sənaye Parkına yükdaşımalar həyata keçirilir. Bu günə qədər həmin istiqamət üzrə, bütövlükdə, 43 min ton yük daşınmışdır. Naxçıvan Dəmiryolları xəttinin layihəndirilməsinə və tikinti işlərinin həyata keçirilməsinə 2025-ci ildən başlanmışdır. Hazırda xəttin uzunluğu 188 km təşkil edir. Yeni layihəyə əsasən isə bu göstərici, 194,2 km olacaq. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur. Hazırda Naxçıvan Dəmiryolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhəddinə qədər olan 7 km-lik hissəsi üzrə layihələndirmə işləri tamamlanmış, tikinti işlərinə başlanmışdır. Ərazidə mühəndislik və həmçinin infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir. Sentyabr ayının sonuna qədər yolun üst quruluşunun 6.3 kim-lik hissəsinin quraşdırılması nəzərdə tutulur. Sərhəddən 700 metr məsafədə qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihənin uzlaşdırılması məqsədilə TRİPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinin başlanması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial-müdafiəsi Nazirliyinin tabeliyində olan Dost Agentliyinin Naxçıvan şəhərində yerləşən Naxçıvan Regional Dost Mərkəzinin açılışı da mühüm nailiyyətlər içərisində yerini almaqdadır. Bütün bunlar, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına daid Dövlət proqramında nəzərdə tutulan Dövlət xidmətlərinin əlçatan olması sahəsindəki tədbirlərin səmərəli icra olunması sahəsində əhəmiyyətli nəticələr olaraq zəruridir. Qeyd etmək olar ki, 164 sosial xidmətin göstəriləcəyi Mərkəzdə 117 işçi və 50 könüllü fəaliyyət göstərəcək ki, bu da, dövlətin sosial siyasətinin olduqca mühüm nəticələrini ifadə etməkdədir. Belə ki, mərkəzdə, gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Bütün xidmətlər bir pəncərə sistemi çərçivəsində təşkil olunacaq. Xidmətlər müxtəlif sosial istiqamətlər, o cümlədən, pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial sferaları əhatəsinə almaqdadır.
Beləliklə, Dövlət başçısı və birinci xanım səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası və naxçıvanlılar üçün olduqca mühüm müjdələr verdilər. Bunlar, mövcud iqtisadi potensial əsasında yeni uzunmüddətli prioritetlərin əsaslarını təşkil etməkdədir. Qarşıda daha böyük nəticələrin əldə olunmasının şahidləri olacağıq.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.