Asif Rüstəmli:
ŞUŞANIN DAĞLARI BAŞI DUMANLI...
Şuşa ilə ilk görüşümüz 54 il öncə baş tutmuşdu... O vaxt 16 yaşım var idi. Doqquzuncu sinifdə oxuyurdum. Məktəbin həyətində yerə atılmış və elan dərc edilmiş bir qəzet parçasına rast gəldim. Elanda Şuşa şəhər orta məktəbinin bütün siniflərinə şagird qəbulu elan edilmişdi. Xəyalən o məktəbdə oxumaq könlümdən keçdi. Bir neçə gün bu arzu ilə yaşadım. Ümidim olmasa da arzumu anama danışdım. Ailədə etiraz edən olmadı... Onuncu sinfi Şuşada oxumaq üçün 1970-ci ilin avqust ayında Ağdama, oradan da avtobusla Şuşaya getdim. Şuşa mənim uşaqlıq arzularımın, xəyallarımın nağıllar şəhəri idi. Qara, qənbər daş döşəkli yolları, cığırları ilə 18-19-cu yüzilliklərə səyyahət etmək istəyirdim... Bu şəhərdə ziyarət etməli, görməli nə qədər tarixi məkanlar var...
Məktəbdə məni çox mehribanlıqla qarşıladılar və onuncu sinfə qəbul etdilər. Dərslərin başlanmasına qədər demək olar ki, bütün muzeyləri, abidələri, məscidləri, Molla Pənah Vaqifin məzarını, Cıdır düzünü, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Üzeyir Hacıbəyli, Bülbül, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Haşım bəy Vəzirov və digər görkəmli ədiblərin, sənətkarların adı ilə bağlı binaları, tarixi məkanları ziyarət etməkdən, gəzib dolanmaqdan yorulmaq bilməzdim... Təəssüf ki, Şuşada cəmi iki ay oldum və müəyyən səbəblərə görə oranı tərk edib təhsilimi başqa məktəbdə davam etdirmək məcburiyyətində qaldım...
Orta məktəbi bitirib Bakıya gəldikdən sonra Şuşaya qayıtmaq, bu möcüzəvari şəhəri yenidən görmək imkanlarım məhdud oldu. Şuşa erməni qəsbkarları tərəfindən işğal ediləndə elə bil qəlbimin telləri sızıldadı, qırıldı. İlahi, bu əfsanəvi şəhəri necə düşmənə təslim etmək olardı?! Şuşanın əsarətdə saxlanıldığı 30 ilə yaxın bir dövrda Şuşa peşmançılığı, Şuşa xiffəti bizi bir gün də tərk etmədi... Uzun ayrılıqdan sonra hamımızın səbrsizliklə gözlədiyi o gün gəldi. Şuşa mənfur yağılardan, ağdərili Afrika barbarlarından azad olundu... Qəhərdən tıxaclanmış boğazımız açıldı... Sevincdən çağlayan göz yaşlarımız yaddaşımıza iz saldı... Ali Baş Komandanımız, hər bir Azərbaycanlının Prezidenti cənab İlham Əliyev 8 noyabr Zəfər günü Şəhidlər Xiyabanında, Əbədi Məşəl önündə sevimli xalqına Qələbə Raportu verdi: “Əziz Şuşa, sən Azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Bu gün şeir misralarına bənzəyən, mahnıların nəqaratına çevrilən yığcam və dolğun cümlələri əzbər bilməyən Azərbaycanlıya rast gəlmək çətindir. Ardınca... Şuşaya Zəfər yolu çəkildi... Novruz tonqalı çatıldı... Şuşa Bəyannaməsi imzalandı... Şuşanın dirçəliş günləri başladı...
Zəfər yolu ilə Şuşaya doğru irəlilədikcə... işğaldan azad edilən kəndlərimizin, şəhərlərimizin məzaristana çevrilmiş kabusu insanı düşüncələrə daldırır. Sivilizasiyanın gözünü gor etmək, yaşayış evlərini, müqəddəs ziyarətgahları, abidələri dağıtmaq, onlara qənim kəsilmək hansı barbar tayfa təfəkkürünün ixtirasıdır?!
Bu gün Şuşa qatı dumana bürünüb... elə bil dağıdılmış binalarını, çapılıb talanmış sərvətlərini, məhv edilmiş abidələrini örtbasdır etmək, gizlətmək istəyir.
Digər tərəfdə sürətlə tikilən, qurulan, ucaldılan binalar, yaşayış evləri... Biz qayıtmışıq... Küçələrdən, pəncərələrdən Azərbaycan mahnıları, türk musiqisi eşidilir... Cəsur döyüşçü Xudayar Yusifzadənin səsi gəlir: Dumanlı dağların başında durdum, Dumandan özümə bir xeymə qurdum...
Şuşanın xanı - Xan Şuşunski başını qavalın sağanağına söykəyib ucadan, lap ucadan zəngulə vururdu:
Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...
Şuşa. 17.02.2024.
PS. 70 illik yubileyimlə əlaqədar məni təbrik edən dostlara, xüsusilə Vilayət Quliyevə, Bədirxan Əhmədliyə, Yaşar Qasımbəyliyə, Solmaz Həyatovaya, Nazim Muğanlıya, Əli Rza Xələfliyə, Gülhani Pənaha və Sevindik Nəsiboğluna dərin təşəkkürlərimi bildirirəm.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.