Elman Eldaroğlu:
ÖZ ADAMIMIZ...
Asif Rüstəmli- 70
İnsan sadə olduğu qədər də mürəkkəb varlıqdır. Necə deyərlər, onun haqqında yazmaq, olduğu kimi tanıtmağı bacarmaq adamdan səriştə və məharət tələb edir. Xüsusən də elm camiyyəsinə məxsus olan adamları tərənnüm etmək olduqca çətindir. Bəli, haqqında söhbət açmaq istədiyim şəxs də elm adamıdır. Parlaq zəkası, savadı və mükəmməl araşdırmaları ilə tanınır. Təmsil olunduğu mühitdə həm ideyaları, həm də görünüşü ilə diqqət çəkməyi bacarır. Fikirlərində çox sabitdir. Bacarığına, biliyinə arxayın olduğu üçün gündəlik çətinliklər onu maraqlandırmır. Yalnız bəşəriyyətə fayda vermək uğrunda mübarizə aparır. Yerində saymağı xoşlamır, daim müasir dövrlə ayaqlaşmağa can atır. Yeniliklərə həmişə açıqdır. Azadlığa olan həvəsi isə, onu məhdudlşdırılmaqdan uzaq saxlayır...
1954-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. Uşaqlıq illərində qoyun-quzu da otarıb, ot da çalıb, su da daşıyıb. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Univeristetinə qəbul olunub və 1982-ci ildə oranı bitirərək, ali təhsilə yiyələnib. Sonra müsabiqə yolu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna daxil olub. Baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifələrinədək yüksələ bilib. Bir müddət "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin direktoru, Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifələrində işləyib. 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, İctimai elmlər və Sənətşünaslıq, 2020-ci ildən isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür.
Qulu Meherremli:
Bizim günlərdə tədqiqatçının şəxsiyyəti, elmi dünyagörüşü, həyat prinsipləri, hansı məslək sahibi olması və hansı mənəvi dəyərləri daşıması çox vacibdir. Bu mənada tale professor Asif Rüstəmliyə çox şey verib və ona parlaqlar sıraslnda yer ayırıb.
Asif bəy təbiətin özü qədər təbiidir, səmimidir, nəcibdir, xeyirxahdır və bir o qədər də prinsipialdır. Onu şəxsityyətə çevirən də bu prinsipləridir.
Əziz dostumun yubileyini ürəkdən təbrik edirəm!!
Allahverdi Məmmədli:
Asif müəllim müasir ədəbiyyatşünaslıq elminə töhfələr verən dəyərli alimdir. Həm də xeyirxah və səmimi insandır. Alimlərin dayağıdır. Hər kəsin yol göstərənidir.
Cavanşir Kəlbiyev:
Dostum Asif Rüstəmlinin 70 illik yubiley yaşı ilə əlaqədar hörmətli Elman Eldaroğlunun bu ədəbi-biblioqrafik məqaləsi təşəkkürlərə layiq yaradıcılıq nümunəsidir. Ýubilyara və məqalə müəllifinə can sağlığı, yaradıcılıq uğurları arzulayıram!
Ali Aliyev:
Filologiya elmləri doktoru, professor Asif Rüstəmli çağdaş Azərbaycan ədəbiyyatşünasığının ilkin yazılı mənbələr üzrə araşdırmalar aparıb, çoxsaylı yeni-yeni ədəbi-bədii nümunələr ortaya çıxaran və onları özünün elmi təxəyyülünün süzgəcindən keçirib, bugünkü elmi auditoriyaya təqdim edən istedadlı tədqiqatçıdır. Asif Rüstəmlini 70 yaşının tamam olması münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri və ən başlıcası can sağlığı arzulayıram.
Qeyd. Sarı fonda verilən başlıqlar sosial şəbəkə ilə eynilik təşkil edir.
Onun elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini toplayaraq, ilk dəfə ərəb qrafikasından transliterasiya və tərtib edib. Ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri ona məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazıb və sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa edib. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni də o, ərsəyə gətirib. Son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. "Molla Nəsrəddin" Ensiklopediyası"na onun 33 məqaləsi daxil edilib. Ona yaxın elmi əsərin, iyirmiyə yaxın kitabın müəllifidir. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır....
Həmyerlisi, sabiq Xarici İşlər naziri Vilayət Quliyev onun haqqında yazır: “Cəfər Cabbarlı haqqındakı ilk məqaləsini 1985-ci ildə çap etdirəndə otuz bir yaşı vardı. O, böyük müasirinin avtoriteti qarşısında qorxub geri çəkilmədi. Hətta eyni mövzuda doktorluq dissertasiyası yazmaq cəsarətini də göstərdi. Bir şərtlə ki, Cabbarlı yaradıcılığını, dövrünü və mühitini sadəcə təsvir və təhlil yox, dərindən tədqiq edib araşdırmaq yolunu tutdu. Ədibin arxivini, dövrü mətbuatı, həmkar və müasirlərini diqqətlə öyrəndi. Qadağa altındakı sənəd və materialları üzə çıxardı. Ailəsi və yaxınları ilə sıx əlaqə yaratdı. Nəticədə çox da uzaq keçmişdə yaşamayan dramaturqun xeyli sayda naməlum əsərini, tənqidi məqaləsini aşkara çıxardı, ərəb əlifbasından transliterasiya edib çapa hazırladı. Böyük zəhmət bahasına başa gələn bu iş təkcə Cabbarlının ədəbi-bədii irsində və ictimai-siyasi fəaliyyətindəki "ağ ləkələrin" aradan qaldırılması deyildi, həm də XX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə qiymətli töhfə idi. Yeni əsərlərinin aşkara çıxarılıb nəşr edilməsi Cabbarlını dramaturq, şair, nasir, tənqidçi, siyasi xadim, milli mücahid kimi yeni baxış bucağından görməyə imkan yaratdı.
Onun yaradıcılığındakı ikinci mühüm xətt Azərbaycan Cümhuriyyətinin ədəbi-mədəni siyasəti, daha geniş mənada istiqlal ədəbiyyatıdır. Tarixçilər inciməsinlər, milli dövlətimiz - Cümhuriyyətlə bağlı ilk elmi araşdırmalar məhz Nizami adına Ədəbiyyat İnstitutunda başlayıb. 1990-cı ilin mayında EA-nın digər profil institutlarının iştirakı ilə "Azərbaycan Demokratik Respublikası: tarix, siyasət, mədəniyyət" adlı ümumrespublika konfransı keçirdik. Növbəti il isə həmin konfransın materialları mənim tərtib və redaktəmlə kitab şəklində "Azərnəşr"də çap olundu. Elə həmin dövrdən başlayaraq istiqlal irsimizin bütün yönləri ilə ilk fəal tədqiqatçı və təbliğatçılarından birinin o, olduğunu desəm, mübaliğəyə yol vermiş olmaram. 1990-cı ildə o, M.Ə.Rəsulzadənin məşhur "Azərbaycan Cümhuriyyəti" kitabını (1923-cü il İstanbul nəşri əsasında) hazırlayıb nəşr etdirdi. Bu, milli dövlət ideoloqunun 1920-ci ildən sonra tarixi Vətənində işıq üzü görən ilk əsəri idi. İki il sonra başqa bir Cümhuriyyət xadiminin - xarici işlər nazirinin müavini, İranda ilk səfirimiz Adil xan Ziyadxanın "Azərbaycan" kitabını çapa hazırladı. Həmin kitab 1992-ci ildə mənim "Yoxdan bayraq yaradanlardan biri" adlı geniş müqəddiməmlə nəşr olundu və tezliklə biblioqrafik nadirəyə çevrildi.”
Onun da həyatda öz prinsipləri var- ətrafında yalnız ağıllı, savadlı, təfəkkürlü insanlar olmalıdır. Dediklərini başa düşməyən və ya həyatda məqsədi olmayan insanlardan həmişə uzaq gəzib. Poeziyanı çox sevir. Parlaq istedada, kamil yaradıcılığa qiymət verməyi bacarır. Duyumu, hissləri mükəmməldir. Bir yaxşı misradan kövrələ bilir...
Deyir ki:- “Bədii sözün ülviyyəti, səmimiyyəti, lətafəti, isməti mənim fikrimcə, ədəbi növlərdən ən çox poeziyada özünü qabarıq büruzə verir. Poetik nümunələr polifonikliyi - musiqili təbiəti, yığcam biçimi, lakonikliyi, oynaqlığı, axıcılığı, çevikliyi, ovqatı kökləmək məziyyəti, kütləvilik brendi ilə seçilir. Həyatda seçdiyin elm, sənət, peşə sahəsindən asılı olmayaraq gənclik illərində hər kəs daha çox şeir oxuyur və ya yazır. Yaradıcılığa şeirlə başlayan şəxslərin bir qismi sonralar şair ola bilməsələr də, ədəbiyyatsevərlər arasında yüksək zövqə, geniş erudisiyaya malik mütəxəssis, düşüncə adamı kimi tanınırlar. İnsanların söz ehtiyatının zənginləşməsində, nitqin rəvanlığında, cilalanmasında, mənəvi dəyərlərin, milli tarixi zəfərlərin tanıdılmasında, təbliğində, dünyagörüşün və həyata baxışın formalaşmasında, vətənə, təbiətə, Tanrıya sevgi, məhəbbət hissinin ovxarlanmasında poeziyanın təsir imkanları, ecazkar qüdrəti danılmazdır...”
Gözəl xasiyyəti var, ünsiyyət qurmağı, diqqət göstərməyi xoşlayır. Uzun illər ayrı düşsə də canı qədər sevdiyi Qarabağa çox bağlıdır. O gün zarafat edərək söyləyir ki: “Müşahidələrimə əsasən “dayna” kəlməsi yalnız ağdamlıların leksikonunda yaşayırdı: ən azı kütləvi köçkün həyatına qədər. Sonralar ünsiyyətdə olduğum ağdamlıların ləhcəsində elə bil bu söz qəhətə çıxdı. Hətta şair dostum, əmək fəaliyyətinə ilk dəfə bizim Qiyaməddinli kəndində başalayan Nazim Muğanlının poeziyasında da, tütyəyə çevrilmiş bu kəlməyə rast gələ bilmədim. Görəsən Ağdama qayıtmağa hazırlaşan ağdamlılar necə, bu kəlmə üçün qəribsəyiblərmi?!.
Babalardan yadigar qalan kəlmələrimiz – işğaldan azad edilmiş torpaqlarımız qədər hər birimiz üçün əzizdir. Ululardan bizə gəlib çatan sərvətlərimizdən: torpaq - xalqımızın igidliyindən, qəhrəmanlığından, söz, kəlmə isə zəkasından, təfəkküründən miras qalıb...”
Ruslarda belə bir ifadə var- “svoyski çelovek”. Bizim dildə bu kəlmənin ən yaxşı tərcüməsi- “öz adamımız” kimi səslənir. Bəli, yolu ədəbiyyat institutuna düşənlər, haqqında şirin-şirin danışdığım ÖZ ADAMIMIZ- filologiya elmləri doktoru, professor Asif Rüstəmli ilə görüşüb, onu təbrik etməkdən yayınmasınlar. Axı fevralın 16-da Asif müəllimin 70 yaşı tamam olur...
Çox yaşasın!
Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.