Rafiq ODAY:
“XARIBÜLBÜL” -SONETLƏR ÇƏLƏNGİ
I sonet
İndi Qarabağım ağ bağa dönüb,
Olub başımızda şöhrət tacımız.
Daha uğuradı illərin yönü,
Sevincdə uyuyur ağrı-acımız!
De, nələr çəkmədik son yüzillikdə,
Öncəki yüz il də ayrı dərd idi.
Bayquşlar yurd saldı bu gözəllikdə, -
Hələ də dərdləri torpaq dərdidi.
Bir vaxt qol qoyanlar bu alçaqlığa,
Özləri batıblar palçığa, lığa, -
Deyirlər, hardaydı onda ağlımız?!
İndi Xankəndidə Əzan sədası,
Şuşada əbədi Zəfər nidası, -
Qayıdıb geriyə üz ağlığımız.
II sonet
Qayıdıb geriyə üz ağlığımız, -
Yollara daş-qaya çıxırdı hər gün.
Türk idik, türklükdən uzaqlığımız
Bizi məngənədə sıxırdı hər gün.
Kiməsə bir yağlı tikəydik onda,
Kiməsə asanca yemək yeriydik.
Bütöv yox, gör neçə tikəydik onda,
Gör neçə “qardaş”a kömək yeriydik.
İllərlə alışdıq sığal çəkməyə,
Kotana qoşulub çığal çəkməyə, -
Bir yol hiss etmədik qalındır gönü.
Biz onda, biz onda duza gedirdik,
Yeyənə, içənə dua edirdik, -
Haqqın dərgahına çevirib yönü.
III sonet
Haqqın dərgahına çevirib yönü,
“Şükür verdiyinə” deyirdik onda.
“Qardaş”a göndərib əla növünü,
Kəpəyi özümüz yerirdik onda.
Qatarlar ard-arda düzülürdülər,
Meyvə-tərəvəzi kəsir olmasın.
Sıxıntı oldumu, üzülürdülər, -
Amandı “qardaş”a təsir olmasın.
Ələ düşənləri pay eyləmişdik,
Bizi qara qula tay eyləmişdi, -
Ocaq ağlığımız, köz ağlığımız.
Tanrı tez ayıltdı ölkəni, şükür,
Götürdü gözlərdən kölgəni, şükür,
Qılınc ağlığımız, söz ağlığımız.
IV sonet
Qılınc ağlığımız, söz ağlığımız,
Bizi millətlərin başı elədi.
Kimlər ki, qoyurdu hər uğura mız,
Onların başının daşı elədi.
Bilirdik əmridir bu oyun kimin,
Kimdi yumurtanı tərs döyüşdürən?!
Arada vurnuxan gic qoyun kimi,
Qucaqdan-qucağa yer dəyişdirən.
Zaman onların da dizini qatlar,
Bir gün öz gücü öz başında çatlar,
Kim ki, ağıla yox, dəm verir gücə.
“İrəli!” cəngisi çalınmalıydı,
Bu qisas gec ya tez, alınmalıydı, -
Qala bilməzdi ki - gündüz, ya gecə
V sonet
Qala bilməzdi ki - gündüz, ya gecə,
Oğullar sıraya düzülməliydi.
Bizi istehzayla sayanın heçə,
Başı bədənindən üzülməliydi.
“Haydı, igidlərim” – zamanın səsi,
“Vətən bölünməzdir” – Zəfər simvolu.
Dəli nərələrdən yer-göy titrəsin,
Haqqa ünvan olsun hürriyyət yolu.
Qeyrəti ürəyə təpər eyləyən,
Köksünü gülləyə sipər eyləyən -
Gül açdı – igidlər axışan yerdə.
Torpağı canımız Vətən elədi,
Torpağı qanımız Vətən elədi, -
Tökülən günahsız, axı, qan yerdə.
VI sonet
Tökülən günahsız, axı, qan yerdə, -
Bu qanı yumağın zamanı gəldi.
Buludlar qayıtdı göyünə bir də,
Şuşa dağlarının dumanı gəldi.
Çiçəyi çırtladı dərənin, düzün,
Talanın, yamacın açıldı rəngi.
Dəyişdi baxışı dünyaya gözün,
Dəyişdi qəlblərin vuran ahəngi.
Gördük göy üzündə günəş də gülür,
Gördük diz çökərək necə öpülür,
Qoyulur göz üstə bu bayraq necə.
Sevdik kəsəyini, daşını sevdik,
Sevdik baharını, qışını sevdik, -
Bildik Vətən olur bu torpaq necə.
VII sonet
Bildik Vətən olur bu torpaq necə,
Perikmiş quşlar da qayıdır geri.
Eşqlə ləpələnir bu bayraq necə,
Hərdən də dalğası titrədir yeri.
Səs-səsə, dil-dilə, çiyin-çiyinə,
Əzəmət misallı nizamı gördük.
Dünya heyran qaldı igidliyinə,
Ordu necə olur nizami, gördü.
Qərib, qürbət ellər yaxına döndü,
Bütün sevgilərin şahına döndü,
Bu eşq Xudayarı oxudan yerdə.
Can atır gülünə sari bülbülüm,
İndi boy göstərir Xarıbülbülüm, -
Ərənlər qanını axıdan yerdə.
VIII sonet
Ərənlər qanını axıdan yerdə,
Neçə günahsızın ahı gəzirdi.
Günəşə and içən Tomrisin, bir də
Qorqud Dədəmizin ruhu gəzirdi.
Gəzirdi laməkan küləklər kimi,
Gəzirdi şükr ilə kufr arasında.
Qırıb dağıtmışdı ərlər tilsimi,
Qoymuşdü düşməni üz qarasında.
Qaşıyıb kürüdük murdar izlərin,
Nəyi qalasıdı qeyrətsizlərin?! -
Biz nə itirsək də, qeyrət qalası.
Oğullar düşmənlə ərtək vuruşdu,
Oğullar hər biri qaya duruşlu,
Oğullar hər biri qeyrət qalası.
IX sonet
Oğullar hər biri qeyrət qalası,
Süngüyə, qurşuna sipərdi - yıxmaz.
Yada boyun əyməz türkün balası, -
Metedi, Göytürkdü, Alpərdi – yıxmaz.
Alıb göz önünə dağı, dərəni,
“Ana Vətən!” – deyib yola çıxdılar.
Vurub uçurdular bəndi-bərəni,
Qarşıda nə ola-ola, çıxdılar.
Bizimçün seçdilər ərlər bu yolu,
Analar hər biri ismət simvolu,
Atalar hər biri hikmət qalası.
Təmiz qan dolaşdı damarlarında,
Qərənfil gül açdı damarlarında,
Oğullar hər biri heyrət qalası.
X sonet
Oğullar hər biri heyrət qalası,
Hər biri İsmayıl yaşından baxır.
Yağıya kin-küdrət, nifrət qalası,
Hazırdı keçməyə başından, baxır.
Bax, könlü buluddu Xarıbülbülün,
Neçə il yaş tökdü qanlı didələr.
Sizi ahı tutdu Xarıbülbülün,
A namərd gədələr, zalım gədələr.
Rəhmli ürəyi düşünmədiniz,
Kəsilən çörəyi düşünmədiniz,
Onunçün bu qədər oldunuz rəzil.
Yolların gözəli şəhadət yolu,
Torpaq namus, qeyrət, varlıq simvolu, -
Alınan, nə də ki, satılan deyil.
XI sonet
Alınan, nə də ki, satılan deyil, -
Sizi Yerin, Göyün qəzəbi tutdu.
Sizi kibiriniz eylədi zəlil,
Qəzəbə tuşları qəzəb unutdu.
Zəfər simvoludu Xarıbülbülüm,
Şəhid oğulların rəmzidi indi.
“Qürbətdə boy atmaz bu qərib gülüm”, -
Bir vaxt “Vətən bağı” kədərlə dindi.
Sonu var dünyada hər pisliyin də,
Axtar xislətini xəbisliyində, -
Dabbaqda satılan gönündə bir də.
Əyil bayrağımın önündə əyil,
Əyil torpağımın önündə əyil, -
Əyil bu xilqətin önündə bir də.
XII sonet
Əyil bu xilqətin önündə bir də,
Uludur kövrəlib – bilən – dolmağı.
Yüksəl qalibiyyət ünündə bir də,
Görsünlər göylərə bülənd olmağı.
Görsünlər nazilən HAQQ üzülmədi,
Görsünlər ədalət ZƏFƏR qazanır.
Görsünlər xəbisin üzü gülmədi,
Görsünlər qaynamır şərin qazanı.
Bağlasın ot-ota, gül-gülə könül,
Versin Xarıbülbül bülbülə könül,
Min dənə dönüşsün bağında bir dən.
Yenidən yoluna qovuşsun cığır,
Dünyanı sülh adlı salama çağır, -
Əyil ulu ZƏFƏR günündə bir də.
XIII sonet
Əyil ulu ZƏFƏR günündə bir də,
Bu, hesab günüdür iki yüz ilin.
Şahiddir səbrinə Araz da, Kür də,
Əlvida – son nida - səfə düzülün!
Son nida yarılmaz zirehə döndü,
Müdrik Komutanın məğrur səsində.
Sonra DƏMİR YUMRUQ fatehə döndü,
Vətənin bütövlük təntənəsində.
Hər qarış Vətəndi, Vətən bölünməz,
Burda səcdəgahın sayı bilinməz, -
Onunda, yüzündə, minində əyil.
Dağlar xınalandı şəhid qanıyla,
Göllər sonalandı ZƏFƏR anıyla,
Əyil, bu qeyrətin önündə əyil!
XIV sonet
Əyil, bu qeyrətin önündə əyil…
…Acgözlər yeməklə doymurdular ki,
Deyirdik düzələr biz biz olan il,
Bizi biz olmağa qoymurdular ki…
Sülh və barışıqdır arzun, niyyətin,
Bədxahlar gözündən – yaş olub - düşüb.
Vətən, bu uğurun, qalibiyyətin
Çoxunun başına daş olub düşüb.
Qərb ordan işini əyəcək, sınma,
Avropa xətrinə dəyəcək, sınma,
Qınını bəyənməz tısbağa - dönüb.
Daha alnımızda ləkə yox bizim,
Daha gözümüzdə kölgə yox bizim,
Daha Qarabağım ağ bağa dönüb.
XV sonet
Daha Qarabağım ağ bağa dönüb,
Qayıdıb geriyə üz ağlığımız.
Haqqın dərgahına çevirib yönü,
Qılınc ağlığımız, söz ağlığımız.
Qala bilməzdi ki, gündüz, ya gecə,
Tökülən günahsız, axı, qan yerdə.
Bildik Vətən olur bu torpaq necə,
Ərənlər qanını axıdan yerdə.
Oğullar hər biri qeyrət qalası,
Oğullar hər biri heyrət qalası, -
Alınan, nə də ki, satılan deyil.
Əyil bu xilqətin önündə bir də,
Əyil ulu ZƏFƏR günündə bir də, -
Əyil, bu qeyrətin önündə əyil!
18 yanvar – 05 fevral 2024-cü il
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.