Vasif Ayan:
Gənclik keçmişindən, mədəniyyətindən qopub..
Dünən bir balaca eksperiment etdim. "Mado"da ofsiantlar, mindiyimiz taksinin sürücülərinin heç birinin keçmiş Azərbaycan filmlərindən xəbəri yox idi. Ənvər Həsənovla "Mado"da çay içirdik. Maraq üçün ofsiantı masaya çağırıb "Uşaqlığın son gecəsi" filminə baxıb-baxmaması haqqında soruşdum. Oğlan dedi "nəyinki o film, heç bir filmimizdən xəbərim yoxdur." Təkcə cizgi filmləri izləyibmiş. Ənvər Həsənov təəccüb dolu baxışlarla bu gəncə baxıb dilləndi: "Ay Vasif, belədir də, indiki nəsilin başı telefonun ekranından, kompyuterdən ayılır ki?! Əlbəttə bunların keçmiş filmlərimizdən xəbəri olmayacaq!" Ofsiantdan yaşını soruşdum. "21" dedi. 2000-ci illərin şəcərəsi bizim kökümüzdən uzaq düşüb. Kafedəki 50 yaşlarında iki qadın Ənvər müəllimi görən kimi öz aralarında pıçıldaşmağa başladılar. Bəli, ortayaş kateqoriyası yaxşı ki, tanıyır. Dünən rejissor Ramiz Həsənoğlu ilə restorandan çıxanda iki kişi masalarından Ramiz müəllimə ehtiramla salam verdilər. Onlar da 60 yaş civarında olardılar. Bir müddət öncə satıcı qızdan Rasim Balayevi soruşmuşdum, gözünü döyə-döyə mənə baxıb: "o kimdir ki?" demişdi, tanımamışdı. Sonra "Beşmərtəbə" ərazisində kafedə çalışan bir qızdan filmlərimiz, aktyorlarımız haqqında maraqlandım, əksəriyyətini tanıdı. Nəsibə Zeynalovanı tanısa da oğlu Cahangir Novruzovu tanımadı. Gənc sürücülər arasında da araşdırma etdim, onların da filmlərimizdən xəbəri yox idi. Ənvər Həsənov böyürlərində otursa da onun kimliyindən xəbərsiz idilər. Ən məyusedici vəziyyətə səhərin alaqaranlığında "Tarqovı"da şahidlik etdik. 05:30 və biz kafenin önündə çəkiliş edirik. Yaradıcı heyət, rejissor, musiqiçilər və əzəməti ilə əsasına söykənib dayanan qocaman sənətkar Ənvər Həsənov kafenin önündə dayanıb, növbəti kadr üçün rejissorun komandasını gözləyirdi. Çox qəribədir o saatda, yağışda, soyuqda cütlüklər kafedə oturub, yeyib-içirdilər. Onların arasında bir qız da ayağını ayağına aşırıb oturmuşdu. Dodaqlar iriliyindən sallanır, dar, qısa yupka, ayaqlar çöldə, nazik geyimdə, oğlanı ilə kafedən yellənə-yellənə bayıra çıxdılar. Bizim qruppa da kameraya çətir tuturlar ki, növbəti planın çəkilişi üçün yağış damcıları kameranın ekranını zədələməsin. Dodaqları şişman qız bizə baxdı, hamını bir-bir istehza ilə süzdü və dedi ki: "Bunlara bax da, nə gündədilər bunlar?" Əl jestləri ilə bizim qrupu göstərir, ağzını da büzür. Sevgilisi ona bozardı ki, "ay qız, sakit ol, camaata söz atma!" Ənvər müəllim də qızı diqqətlə müşahidə edib, dilləndi: "Gör kim kimə nə deyir e? Bu özü nə gündədir, camaata söz atır?!" Ənvər Həsənovu sakitləşdirməyə çalışdım, dedim: "Əmican, bunlara fikir vermə, belələrinə ümumiyyətlə cavab verməmək lazımdır." Çəkiliş qrupu da səbirli davrandılar, sağolsunlar ki, baş qoşmadılar. Ancaq bu saatda, bu soyuqda, bu yağışda qızı bu vəziyyətdə çöldə-bayırda kafelər gəzən valideyn hardadır, nə düşünür, nə fikirləşir, bax bu çox müəmmalıdır. Və bu necə bir tərbiyədir ki, bu qədər kişiyə də söz atır. Gənclik sadəcə əldən gedir. Bir-iki yüksək bal toplayan tələbəni, xaricdə təhsil alan gəncləri misal çəkəcəksin, ancaq inanın ki, onlar bu çoxluğun yanında çox sönük və az görünürlər. Gənclik keçmişindən, mədəniyyətindən qopub. Bir gün ərzində müşahidələrim təəssüflərlə zəngin məqamlarla doludur...











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.