Məmməd Əvəzoğlu:
Cənubi Azərbaycan xatirələrim
Cənubi Azərbaycanda ən çox sevdiyim və getdiyim yerlər Ərdəbil, Səreyn və Təbriz şəhərləri olmuşdur. İldə iki dəfə Təbrizə getməsəydim, Ərk qalasını, Qarı körpüsünü görməsəydim ,Şəhriyarın məqbərəsini ziyarət etməsəydim qala bilməzdim. Təbrizin El gölü( Şah gölü) də çox gözəldir. Qarı körpüsü və onun ətrafındakı inqilabi simvollar olan heykəllər çox maraqlıdır. Amma neçə dəfə Səttarxanın ev muzeyini görmək istəmişəmsə, həmişə qapısını bağlı görmüşəm. Bir sürücünün dediyi kimi:
- Mollalar Səttarxanın evindən də qorxurlar.
Hər dəfə acınacaqlı səhnələrin şahidi olmuşaq. Bir dəfə Qarı körpüsündə şəkil çəkirdim. Yanımdan ötən bir cavan oğlan mənə yaxınlaşıb yanıqlı səslə dedi:
- Qardaş sən bizim içimizi çək, ürəyimizin yanğısını çək!..
Bir dəfə mən, həyat yoldaşım və Ədalət müəllim Əhmədov Təbrizdə səliqəli bir restoranın ikinci mərtəbəsində oturub yemək gözləyirdik. Bir cavan oğlan icazə istəyib yanımızda oturdu. Dedi ki, mən bu restoranın patronuyam. Ədalət işarə elədi ki, ermənidir. Deməli bizim əsəblərimizlə oynamağa gəlmişdi. Oturan kimi siyasi söhbətlər eləməyə, bizi açıq-aşkar pisləməyə başladı. Nə qədər söhbəti yumşaltmağa çalışdımsa, olmadı. O deyəndə ki, bizim prezidentimiz...onun sözünü ağzında qoyub qışqırdım:
- Tüpürüm sizin o prezidentinizə ki, gedib Yeravanda erməni itini öpüb gəldi! Rədd ol burdan!
Bu sözlərdən sonra "qonağımız" hirsindən əsməyə başladı və heç bir söz demədən çıxıb getdi. Yoldaşlar dedilər ki, gedib Əmakini( bilmirəm polis, ya da təhlükəsizlik orqanıdır) gətirəcək. Amma biz yeməyimizi bitirənə kimi ondan xəbər olmadı.
Təbriz camaatının xəsisliyi haqqında çox danışırlar. Bir dəfə bir taksi saxladım. Sürən qoca kişi idi. Dedim bizi Şəhriyarın movzaleyinə apar. Yola düşən kimi qoca evinə zəng elədi:
- Xanım, sən bir şeylər hazırla. Bakudan müsafirlərimiz var..
Əvvəl elə bildim söhbət bizdən getmir. Sonra yadıma düşdü ki, bəzi sürücülərin belə şakəri var, sərnişini evə aparmaq bəhanəsi ilə dükana salıb yaxşı xərcə salırlar..Dedim:
- Kişi, mən sənə dedim bizi evə apar, ya Şəhriyarın məzarına? Saxla, düşürük.
Bu sözlərdən sonra bizi lal-,dinməz Şəhriyarın ziyarətgahına apardı.Şəhriyarı ziyarət edib qayıdanda maraq üçün dəvəquşu əti satılan bir dükana girdik. İlk baxışdan şirin dilli bir kişi diqqətimi cəlb elədi. Tanış olduq. Dedi o taylyam, aşıq Ələsgərin nəvəsiyəm. Təəssüf ki, adı yadımda qalnayıb.Onu danışdırıb çəkdim. Təsadüfən onun qohumlarından biri Facebook dostum çıxdı və o videonu ona göndərdim.
Təbrizdə olanda adamın yadına Kəndivan düşür. Təbrizdən 70 km aralı, çılpaq dağlarda yerləşən bu kənd insan əlinin əsil möcüzəsidir. On ikinci əsrin əvvəllərində monqol-tatar zülmündən qaçıb, düşmənin şəki getməyən çılpaq dağlara sığınan insanlar bu dağlarda heyrətamiz bir dağ-şəhər yaradıblar. Evlərin hamısı oyulmuş dağların içərisindədir. Bir otağa bizi dəvət elədilər, baş dəyməyən o otağın uzunluğu 8, eni 4 metir idi. Çöldə 40 dərəcə istiliyə baxmayaraq, otaq buz kimi idi. Bizi ballı çaya qonaq elədilər. Əhalisi saf və sağlamdır. Oğul evləndirməzdən qabaq dağda yeni otaqlar oyub hazırlayırlar. Kənddə işiq var, qaz yoxdur. Deyilənə görə daş otaqlar qışda isti olur. Yayın əvvəlinə kimi qar örpək kimi dağları örtür. Dağlarda yuxarı mərtəbələrə təbii daşlardan əyri pillələnlər qalxır. Yeganə minik vasitəsi eşşəkdir. Evin bütün işlərini eşşəklər görürlər. Kəndin aşağısından gözəl bir çay axır. Çayın sağ tərəfi əkin sahələridir. Arı pətəklərinin sayı-hesabı yoxdur. Bir sözlə, görməyə və istirahət eləməyə gözəl məkandır.
Cənubi Azərbaycanda ən çox sevdiyim istirahət məkanı Səreyn şəhəridir. Yeganə yerdir ki, ora düşəndə adam özünün İranda olduğunu unudur. Küçələrdə, çayxanalarda çal-çağır səsləri əskilmir. Qarmonlu,dəfli kişilər ancaq Azərbaycan mahnıları, xüsusən də xalq mahnıları oxuyurlar. Bu şəhərdə otellərin sayı-hesabı yoxdur. Hər cür qiymətə otellər var. Turist axını Səreynə təbii isti sulara görə gəlir. İsti suların ən məşhurları "Qəhvə suyu" və ""Camış gölü" dür. Ən çox getdiyim Qəhvə suyu olub. Suyu sarımtıl, yağlıdır. Bilet alıb yerin altına düşürsən, ayaqqabılarını verib saata bənzər (qola bağlanır) açar alırsan, paltarlarını qoyub duşa girirsən. Girməsən məmurlar geri qaytarırlar. Yenə bir neçə pillə aşağı düşürsən. Cürbəcür masaj vannalarından böyük hovuzlara, par otağı, balıq masajı, cakuzilər, "masaji-dərmani"..Bir sözlə istirahət eləmək üçün hər cür şərait var. Bufetində spirtli içkilərdən başqa hər şey var. Çox təəssüf ki, bizim isti-sularda belə şəraiti ancaq yuxuda görə bilərik.
Bir dəfə Səreyndən qayıdırdıq. Qonşum Tələt Paşayev də mənimlə idi. Sürücü xoşagəlməz söhbətlər edirdi. Mən qabaqda oturmuşdum. Əvvəl dedim cavab verməyim. Amma əclaf əsil erməni kimi danışırdı. Mən öz tərəfimizi tərifləyəndə o dedi:
- Sizinkilər çalıb-oynamaq, atılıb-düşməkdən başqa nə bilirlər? Erməni sizdən ağıllı, həm də güclüdür.
Dedim:
-Səhvdəsən! Bizim bir Mübarizimiz o itlərin bir dəstəsini təkbaşına qırdı!
Sözümü ağzımda qoyub dedi:
- Heç o da sizdən deyil!
Bu sözdən sonra özümü saxlaya bilmədim, onun ağzının üstünə bir yumruq ilişdirdim. Maşın gedə-gedə əlbəyaxaya başladıq. Tələt də bizi ayırmağa çalışırdı. Nəhayət maşını saxladı. Pulu üzünə çırpdım, onun sifətinə tüpürüb maşından düşdük. Başqa maşına minib Ərdəbilə gəldik.Nədənsə hara gedirəmsə elə bir murdar məxluq qabağıma çıxır. Bir dəfə bir neçə yoldaşla Ərdəbilin xurma bazarına getmişdik. Xurmasatanın dili zəhər kimi idi. Çox acı danışırdı. Dediyinə görə biz 90-cı illərdə hərəmiz qarnımıza bir qumbara bağlayıb erməni tankının altına atılmalı idik.Onun sözündən elə çıxdı ki, biz qorxaq millətik. Ağzımı açmağa mənə imkan vermədi. Xurmanı onun üstünə tullayıb bazardan çıxdım. Eşitdim ki, arxamca hürür.Mən təbiətən davakar deyiləm, amma belə xoşagəlməz hadisələr həmişə başıma gəlib.Bəlkə ona götədir ki, heç kimin zəhərli sözlərin həzm eləyə bilməmişəm.
Yayın ən isti vaxtında Heyran dağına çıxanda cənnətin nə olduğunu təsəvvür edirsən. Heyranın müəyyən əlamətləri Göy Göldə də var, amma o qədər yox. Heyran Nəmin şəhərinin yaxınlığında, Lerik dağları ilə qonşudur. Yamyaşıl, güllü-çiçəkli dağlara çıxmaq üçün kanata mindik. Yuxarıda gözəllik adamı heyran edir. Hər çoban çadırında sazlı-sözlü aşıqlar səni gözləyir. Aşıq Vəli istədiyin saz havasını çalır, istədiyin Azərbaycan mahnısını oxuyur. Bir sözlə, gedən, görən bir də görmək istəyir.
.Allah heç kimi bir tikə çörəklə imtahana çəkməsin! Bir dəfə Ərdəbildə Bazari-sədəfin qarşısında bir yeməkxanada oturub yemək gözləyirdik. Yeməkxanada bizdən başqa on nəfərə qədər adam var idi. Üzüm qapıya tərəf idi. Birdən 75-80 yaşlarında, beli yarıya qədər əyilmiş bir qoca kişi qapı ağzında göründü və əlini yazıq-yazıq içəri uzatdı. Yeməkxananın işçisi ( deyəsən sahibi idi) ona : - Rədd ol burdan!- deyənə qədər ançaq seyirçi idim. İçəridəkilərdən heç kim əhəmiyyət vermədi. Qəfildən özümdən asılı olmayaraq qapıya qaçdım, qocanın qolundan tutub içəri saldım və əyləşdirdim. Soruşdum ki, nə istəyirsən? Gördüm ki, acdır amma deməyə utanır. Üzümü yeməkxana işçisinə tutub dedim:- Kişiyə yemək ver, su ver!...
-Yeməyin pulunu kim verəcək, sən verəcəksən?- deyə işçi acıqla soruşdu. Dedim:- Bəli, mən verəcəm! - ona yaxınlaşıb bir az da ürəyimi boşaltdım:- Utanmırsan, bu yaşda qocanı bir tikə çörəyə görə qapıdan qovursan? Bilmək olmaz sənin axırın necə olacaq! Bəlkə sən bu qocadan da beşbətər olcaqsan!...
Qoca kişi yeməyini yeyənə qədər onun yanında oturdum . Qoca arada əlini atıb gözünün yaşını silirdi. Arxamda oturanların da sözlərini eşidirdim:
- Sən Hacca getdin, gəldin...
- Bakılılar ürək-yanan olur...
Hesabı verəndə o işçi ürəyimi almaq üçün dedi:
- Qardaş, sən bilirsən gündə nə qədər belə adam gəlir?
Dedim:
- Bu küçədə yüzlərlə yeməkxana var, hərəsi bir acı doydura bilməz?...
O gündən bu hadisə bir dəqiqə yadımdan çıxmır İnanmağım gəlmir ki, hər addımda bir məscidi olan ölkədə insanlar niyə bu qədər qəddar və amansızdırlar! ?
Ərdəbildə "Bazari-sədəf"də tanışım Behruzun dükanında idim. Qapı açıldı və çox yaşlı bir qoca içəri daxil oldu. Behruz ayağa durub qocaya yer göstərdi. Sonra da cibindən 5 000 tümən çıxarıb, kişiyə uzatdı və dedi:
- Seyyid, buyur.
Behruza baxdım və mən də 2 000 tümən çıxarıb kişiyə uzatdım. Kişi pulu almadan soruşdu:
- Sən pulu mənə niyə verirsən?
Dedim:
- Seyyidə nəzir verərlər..
Kişi nəzir sözünə əsəbiləşdi və dedi:
- Bala, o məndən xotkar ( qələm) alır. Mən 82 sinnindəyəm, həmişə də öz zəhmətimlə dolanmışam!
Vəziyyətdən çıxmaq üçün tez dilləndim:
- Baba, mənə də xotkar ver. Sonra o kişi ilə biraz söhbət elədim. Adı Seyyid Həsən Peyğəmbəri idi. Heç kimin əlinə baxmamaq üçün kişi torbasına qələm doldurub dükanları gəzir və qələm satırdı. Onunla görüşüm heç ağlımdan çıxmır. O qoca bir ibrət məktəbi idi.
Cənubi Azərbaycanda yadımda qalan və xoş təsir bağışlayan xatirələrimdəm biri Savalan səfərimizdir. Savalan dağı dəniz səviyyəsindən 4800 metir hündürlükdədir. Savalan dağının başında Pənahgah adlanan bir yer var. Pənahgah- insanların vəhşi heyvanlardan( deyilənə görə orada ayı çox olur) və qardan-şaxtadan qorunmaq üçün sığınacaq yeridir. Xoşbəxtəm ki, bir gün Savalanın qarlı zirvələrini görmək mənə nəsib olub. Ora ancaq "Landrover" maşınları ilə qalxmaq olur., yolu çox çətindir. Pənahgahda yuxarı piyada çıxmaq lazım gəlir, həm də xüsusi geyimlə. Dağın başında oksigen çatmır. Hər an ayıların hücumuna məruz qalmaq olar. Bizdən bir az qabaq üç alpinist qız itmişdi, ikisini yaralı tapdılar, birindən isə xəbər yox idi. Bizə dedilər ki, Zərdüşt peyğəmbərin (" Avesta") qəbri oradadır, amma qar altında olduğu üçün biz onu görə bilmədik.
Orada 5-6 saat müddətində ürək titrədən hadisələrin şahidi oldum. Dağa qalxmaq üçün Qotursu deyilən yerdə maşın seçməli idik ( mən və xanımım). Maşınlar 6 nəfərlik idi. Yol haqqı adambaşına 60 tümən. Sərnişinin sayı az olanda yerdə qalanlar razılığa gəlib boşluğu doldurmalı olurlar. Biz ora çatanda beş fransız və bir fars bələdçi sürücü ilə qiymət mübahisəsi edirdilər ( təxmin elədim). Birdən sürücünün gözü bizə sataşdı və bizə yaxınlaşdı:
--Azərisiz?- soruşdu.
--Bəli.-dedim.
--Qəlin gedək.
-- Yaxşısı budur xarici turistləri apar. Niyə 240 tümən itirəsən?-dedim.
--Mən Azəri qardaşımı burda qoyum, fəransəliləri aparım?- hirslə dedi və sonra davam elədi- Tüpürüm oların puluna da, özlərinə də!
Beləcə sürücü bizi maşına götürdü. Düzü, Pənahgaha qədər bizdə ürək-göbək qalmadı, o qədər çalxalandıq ki..Sürücü bizə dedi ki, heç kimi götürüb aşağı düşməyəcək, neçə saat olsa, bizi gözləyəcək. Dilə tutmaq istədim, razılaşmadı. Kişi kimi sözünün üstündə durdu!
Pənahgahda bir az dincəldik. Orda balaca bir mağaza var idi. Maraq üçün ora girdik. Saqqalı bir oğlan bizi gülər üzlə qarşıladı. Dükanda olanların hamısından bizə pulsuz təklif elədi, hətta yalvardı ki, götürək. Sonra həvəslə danışmağa başladı:
--Sizdə cəng olanda qaçıb gəldim mərzə ki, keçim siz tərəfə. Ermənilərin anasın ağladım! Amma burdakı köpəy uşaqları buraxmadılar!...
Ürəyi dolu idi. Xeyli danışdı. Erməniləri o ki var söydü. Beləcə Savalan dağında macəralarla dolu bir gün yaşadıq.Hərdən Savalan üçün burnumun ucu göynəyir.Xüsusən də orda yediyim kababın dadı hələ də damağımdadır.Çox dadlı ət idi. Kababçıdan səbəbini soruşdum. Dedi ki, qoyunlarımız Savalanın vitaminli otları ilə qidalanırlar. O, dadı Kəlbəcərdən gətirilən, Göy Göldə şişə çəkdiyimiz ətdə də hiss elədim.
İranın ağılsız oyunları bizi o taya həsrət qoyub.Allah başda oturanlara bir az insaf versin. Hərdən gedək o taylı qardaşlarımızı, doğma vətən ətri verən torpaqlarımızı görək!
Məmməd Əvəzoğlu.18.04.2023.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.