NURƏDDİN ƏDİLOĞLU:
ZƏKASI İLƏ DÜNYAYA QAPI AÇAN ZİYALI
Ömrünün 69-cu ilində haqqın dərgahına qovuşan yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev dünya durduqca cəmiyyətdə həmişə yeri görükən, xeyirxah əməlləri ilə ÖLMƏZLİK HAQQI qazanan vətənpərvər ziyalılarımızdan biri kimi xatırlanır. Sağlığında onun istedadı, zəhmətsevərliyi, eləcə də humanistliyi, əxlaqı keyfiyyətləri təkcə bizim ölkədə deyil, ədəbi əlaqələr qurduğu xarici ölkələrdəki məşhur həmkarlarına, qələm yoldaşlarına da bəlli idi...
AYZEK ƏZİMOVUN AZƏRBAYCANLI QONAĞI
1989-cu ildə Zeydulla müəllim ABŞ-da uzunmüddətli ezamiyyətdə olarkən dünya şöhrətli Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi yazıçılarla şəxsən tanış olmuşdu. Sonralar onlarla məktublaşar, ədəbi əlaqələrini bu və digər şəkildə davam etirirdi. Hətta Zeydulla müəllim görkəmli fantast yazıçı Ayzek Əzimovun sağlığında Nyu-York şəhərindəki evində qonağı olmuş, ondan maraqlı müsahibə də götürmüşdü. Səmimi söhbət zamanı Ayzek Əzimov Zeydulla müəllimə əslən Azərbaycanın Quba rayonundan olduğunu etiraf etmişdir.
Amerika səfərindən sonra Zeydulla müəllim öz həmkarları ilə söhbətlərində, eləcə də mətbu yazılarında soykökü Quba yəhudilərindən olan Ayzek Əzimov kimi nəhəng şəxsiyyətlərdən Azərbaycan həqiqətlərini dünyaya yaymaqda istifadə etməyin necə əhəmiyyətli olduğunu vurğulayırdı.
LUİZİANA ŞTATININ FƏXRİ VƏTƏNDAŞI
Zeydulla Ağayev Azərbaycan-ABŞ ədəbi əlaqələrinin yorulmaz və fəal tədqiqatçı idi. Bu sahədə xidmətlərinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülmüşdü. Dəfələrlə ABŞ-da elmi ezamiyyətdə olan cəfskeş alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Eyni zamanda dünya universitetləri arasında mükəmməl reytinqə sahib olan Los-Anceles Universitetində mühazirələr oxumuşdu.
Zeydulla müəllim Allahın ona bəxş etdiyi istedadla yanaşı çox səmimi, qədirbilən, dostcanlı, alicənab insan idi. Ehtıyacı olanlardan heç vaxt əlindən gələn köməyi əsirgəməzdi. Sanki Allah-təala ona yaşından xeyli gənc görünməyi ürəyinin saflığına, dürüstlüyünə görə mükafat olaraq vermişdi. Bir dəfə Azərbaycanın xalq şairi Nəriman Həsənzadə ilə Zeydulla müəllim haqqında söhbət edərkən dedi ki, onun gənc və şux qalmasının səbəbi xeyirxahlığından irəli gəlirdi.
"MƏSLƏKİM – TƏRCÜMEYİ-HALIMDIR"
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri və çoxşaxəli fəaliyyət göstərmiş Abbas Səhhətin bu məşhur fikrini Zeydulla müəllimə də şamil etmək olar. Azərbaycanın adını onun hüdüdlarından uzaqlarda zirvəyə qaldıran professor Zeydulla Abdulla oğlu Ağayev 81 il əvvəl Masallının axarlı-baxarlı Qəriblər kəndində dünyaya göz açmışdı. Uşaq vaxtı o da öz yaşıdlarıyla Şır-şır bulağın dişgöynədən suyundan içmiş, Təkkeçidin dar, taxta körpüsündən keçib Dəmbəlovun zirvəsinə çıxmışdı. Buradan İstisu ətrafı zümrüd rəngli palıd meşələrini, qıvrıla-qıvrıla dağların qoynundan dənizə can atan Viləş çayının gözoxşayan mənzərələrini seyr etmişdi.
Rayon mərkəzində orta təhsilini başa vurandan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, ali təhsilini 1968 - ci ildə uğurla bitirmişdir. Elə həmin təhsil ocağında 1969-cu ildən 1983-cü ilədək çoxtirajlı “Bilik” qəzetinin redaktoru, 1983-cü ildən 1994-cü ilədək Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, sonra professoru, 2000-ci ildən 2005-ci ilədək elmi işlər üzrə prorektor, 2007-2009 – cu illərdə Azərbaycan Universitetində kafedra müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
Zeydulla müəllimin yazıçı kimi imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. nəsr kitablarından çox yaxşı tanış idi. Bu əsərlərdə yazıçının toxunduğu problemlər demək olar ki, indi də öz aktuallığını itirməyib.
“TƏRCÜMƏÇİ ƏSƏR MÜƏLLİFİNİN TALE SÖYKƏNCİDİR”
...Öz orijinal nəsr əsərləri ilə yanaşı, o, həm də gözəl mütərcim idi. Tərcümə ədəbiyyatında sahəsində də böyük uğurlara imzasını ataraq, Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin, Somerset Moyem, Ayzek Əzimov, Elton Sinkler, Con Sommerfild, Artur Heyli kimi dünya şöhrətli yazıçıların roman, povest və hekayələrini dilimizə çevirib, çap etdirmışdır.
1988-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış tanınmış ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir. On il sonra Zeydulla müəllim oxuculara Ayra Levinin “Ölümqabağı öpüş” romanını (Bakı, Hərbi nəşriyyat, 1998) təqdim etdi. Zeydulla müəllim mənimlə söhbətlərində deyərdi ki, tərcüməçi əsər müəllifinin TALE söykəncidir.
Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının da hekayə və pyeslərini ingilis dilinə çevirib “Modern Azerbaijan Prose” (Bakı, Azərnəşr, 2003) kitabını çap etdirmişdi. Bu kitaba İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının əsərlərindən ingilis dilinə tərcümə etdiyi nümunələri daxil etmişdir.
Erməni millətçiliyinin iç üzünü tutarlı faktlarla ifşa edən Samyel Uimzin “Ermənistan - terrorçu “xristian” ölkəsinin gizlinləri” kitabı (Bakı, Azərnəşr, 2004) professor Zeydulla Ağayevin rəhbərliyi və təşəbbüsü ilə ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş və MDB məkanında olan ölkələrdə yayılmışdır.
ZEYDULLA MÜƏLLİMİN “HARAY”I
2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərildi. Bu səhnə əsəri tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən çox rəğbətlə qarşılandı. “Haray” tamaşası İkinci Dünya müharibəsinə həsr olunsa da xalqımızın Qarabağsız çağlarıyla səsləşirdi, əsərdə “Qara bağrımız nə vaxt NİCAT tapacaq?” deyə haray çəkən qadın qəhrəmanı sanki Azərbaycanın qəhrəman oğullarını erməni faşiszminin işğalı altında olan Qarabağı azad etməyə çağırırdı... Zeydulla müəllim həmin səhnə əsərində baş verən hadisələri Qarabağla bağlamaq məqsədi güddüyünü özü də etiraf edirdi…
DÜNYA VAXT GİRİNCİDİR...
Mənim yaddaşıma Zeydulla müəllim elə ilk görüşümüzdən xeyirxahlığın, mənəvi zənginliyin, ziyalılığın mükəmməl obrazı kimi həkk olunub. 45 yaşı olanda ondan rəhmətlik Məmməd Kazımın təsis etdiyi “Qala” qəzeti üçün aldığım “Dünya vaxt girincidir” adlı müsahibəni belə bir sualla başlamışdım: “Dünyanın düz vaxtı” kitabının müəllifi dünyanın əndişəli çağında nə fikirləşir?” Zeydula müəllim dedi ki: “Dünya yaranandan düz vaxtı olmayıb! Hətta tarixçilərin dediyinə görə müharibəsiz, qansız-qadasız dünya cəmi-cümlətanı 280 gün “ömür sürüb.” Dünyanı əndişəli eləyən insandır. İnsan – yer üzünün məhsuludur. Yer üzü nahamvardı, girintili-çıxıntılıdır. İnsan da öz təbiəti etibarı ilə yer kürəsinə bənzəyir. Baxın, kosmosu insan kəşf edir, yerin tərkini insan öyrənir, gəl ki, heç vaxt özünü öyrənib qurtara bilmir və görünür bilməyəcək də... Bir mahnıda deyildiyi kimi: Dünya köhnə dünyadı... Təzələnənsə insanlardı, yaşayış tərzimiz, sosial qayğılar, ədəbi mühütimiz, maddi və mənəvi durumumuzdu...”
Bu müsahibədən iki il sonra - 1992-ci ilin payızında mənim təşəbbüsümlə Masallıda keçirilən həkim, alim, bəstəkar Mirkazım Aslanlı -Sarəngin 80 illik yubileyində görüşdük. Sarəngi yaxından tanıyan və onun tərcümələrini vaxtilə redaktor olduğu “Bilik” qəzetində dərc edən Zeydulla müəllim yubileydə çox maraqlı çıxış elədi.
DÜNYANIN DÜZ VAXTININ ADAMI…
2005-ci ildə Sarəngin həyat və yaradıcılığı haqqında qələmə aldığım “Yarımçıq qalmış şikəstə” kitabıma Zeydulla müəllim rəy verib, “Doğma yurda övlad məhəbbəti ilə...” başlıqlı ön söz yazdı. Və təkcə rəy verib ön söz yazmadı, həm yazdığım əlyazmanın üstünə 100 dollar qoyub dedi: “Əlim yüngüldür, bu kitab tez nəşr ediləcək. Sənin xoşbəxtliyin ondadır ki, öz məhdud maddi imkanlarına və gözəl qələmin, qəlbin olmasına baxmayaraq, daimi iş yeri axtara-axtara ünvanlar dəyişdiyin bir vaxtda müqəddəs bir işin qulpundan yapışmış və bu kitabı bizim mühakiməmizə ərmağan etmisən!..”
Doğrudan da dediyi kimi, əli yüngül oldu. Alim həmkarları Musa Quluzadə, Anar İsgəndərli, şair İlham Növruzoğlunun dəstəyi həmin kitab işıq üzü gördü. İllər sonra Zeydulla müəllimin haqqında yazdığım məqalələrimdən birini əbəs yerə “Dünyanın düz vaxtının adamı...” adlandırmamışdım. Çünki ata-baba ocağından götürdüyü nuru qəlbində ömrü boyu hallalıqla daşıyan Zeydulla müəllimin ziyalılığı ilə müdrikliyi vəhtət təşkil edirdi; nə elədiyi yaxşılıqları, nə də ona qarşı edilən haqsızlıqları dilə gətirirdi… Açığını deyim ki, hər kim Zeydulla müəllimin ömrünün son illərində üzləşdiyi haqsızlığa tuş gəlsəydi, ölkəni tərk gedib xarici ölkələrin birində yaşayardı və bu günəcən öz sağlamlığını qorumaq imkanı əldə edərdi.
Zeydulla müəllim deyərdi: “Torpaq ilk növbədə öz oğullarının çiynində dayanır və şöhrət tapir… Məncə şöhrət naminə vətəndən, onun dərd-sərindən üz döndərmək, yazmamaq elə vicadanın səsini eşitməmək kimi bir şeydir...”
ÖLÜM HAQQ OLSA DA...
Zeydulla müəllimin vaxtsız ölümü hamını, o cümlədən, onun alim dostlarını, dərs dediyi tələbələri, qohum-qardaşını, ən çox da ailəsini yandırıb-yaxır… Tələbəsinin ölüm xəbərindən sarsılan Azərbaycan görkəmli ədəbiyyatşünası, folklorşünas - professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Tələbəm haqqında vida sözü” məqaləsində yazırdı: “Mən namizədlik dissertasiyası müdafiə edəndə çox cavan olsa da, yaradıcılığımı ilk işıqlandıran unudulmaz tələbəm Zeydulla oldu. Məqaləyə qeyri-adi ad qoymuşdu: “Yolun pambıq olsun” Fani dünya keşməkeşlidir. Nə edəsən ki, “həyat daimidir, insan amanat”... Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı və tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri və bədii əsərləri ilə bizimlədir.”
Zeydulla müəllimin tələbəsi olmuş tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirli “Müəllim adını ucaldan” başlıqlı məqaləsində yazırdı ki, belə bir şəxsiyyətin Azərbaycan ədəbiyyatı, tərcümə sənəti, elmi qarşısında böyük xidmətlərini heç kəs dana bilməz...
Təbiiki insan o zaman unudulur ki, onun özünü və əməllərini xatırlayan kimsə olmasın.
RUHA SƏRİNLİK VƏ ƏTİR ÇİLƏYƏN GECƏ
Əlbəttə, dünya yaxşılardan xali deyil. Söz vaxtına çəkər deyiblər. Ötən il Ramazan ayında Nizami Kino Mərkəzində Zeydulla Ağayevin 80 illik yubileyinə həsr olunmuş “İntizarın səssiz sədası” adlı xatirə gecəsi keçirildi. Gecədə iştirak edən ədəbiyyat, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri, Zeydulla Ağayevin dostları onun zəngin irsindən, elmi və ədəbi fəaliyyətindən, insan və ziyalı kimi əvəzsiz xidmətlərindən, Azərbaycan elminə, mədəniyyətinə və tərçümə sənətinə verdiyi töhfələrdən bəhs etdilər.
Bu Mübarək Ramazan günü də professor Zeydulıa Ağyevin ölməz Ruhunu yad etməyi özümə borc bildim.
Adına, şəxsiyyətinə, çoxşaxəli yaradıcılığına və Ruhuna böyük etiramla,
Nurəddin Ədiloğlu -yazıçı-publisist.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.