Heydər Əliyev ulu Göyçədə
2023 - Heydər Əliyev ili!
Ulu öndər haqqında çoxlarının bilmədiyi mühüm bir fakt
“Şahidi olduğun bir əməl yaddaşda daha dərin iz qoyur,
nəinki bu barədə deyilən min söz”.
İbsen Henrik,
Norveç şairi və dramaturqu
Baharın gəlhagəl, qışın isə qaçhaqaç günləri idi. İrəvan quberniyasının Yeni Bayazid qəzasının Çəmbərək (Krasnoselo) rayonunun camaatı Novruz bayramı əhval-ruhiyyəsi ilə yaşayırdı. Yaşlılar çaşır yığmaq üçün ağır kürklərini çıxardıb yamaclara çıxmaq zamanını, uşaqlar isə əldən düşənədək üzmək üçün Göyçə gölünün suyunun isinişməsini gözləyirdilər. Rayon əhli adi günlərinin birini yaşayırdı. Mövsümün bu dövrü hər il belə olurdu bu yerlərdə.
1965-ci ilin ilk baharı da istisna deyildi. Rayon rəhbərliyi də cari işlərlə məşğul idi. Rayon Partiya Komitəsinin katibi Kazım Əliyev səhər-səhər iş otağında daxil olan məktubları diqqətlə oxuyub, müvafiq şöbələr üzrə tapşırıqlar verirdi. Telefon zəng çaldı. Birinci katib Əli Həsənovla birbaşa əlaqə telefonu idi.
- Buyurun, yoldaş Həsənov.
- Kazım, Ağbulaqdakı təsərrüfatlarla bağlı fikrini bilmək istəyirəm. Bir düşün, gələcəm sənin otağında danışaq.
Aralarında səmimi münasibətlər olsa da, bir az gözlənilməz idi belə bir qeyri-formal zəng. Həm də axı Ağbulaq ərazisində müzakirə oluna biləcək xüsusi mövzu da yox idi. Əli Həsənov özü Kazım Əliyevin otağına gəldi. Bir neçə dəfə Ağbulaq kəndinin adını çəkdikdən sonra gözləri ilə Kazım Əliyevi dəhlizə dəvət etdi. Hər ikisi dəhlizə çıxdılar. Əli Həsənov dedi:
- Günorta qonağımız olacaq. Bu yerlərin adamı deyil. Sizdə nahar edəcəyik. Səməndər bacıya de, hazır olsun. Telefonla bir söz demə. İşdən tez gedərsən. Bizim evdə “qulaq” var (Əli Həsənov evində danışıqların izlənməsi üçün ermənilər tərəfindən cihaz quraşdırıldığını nəzərdə tuturdu).
Heydər Əliyev və Əli Həsənov - 1964
Qonağın kim olmasını soruşmazlar - bu yerlərin qaydası belə idi. Günorta Kazım Əliyevin evi tərəfə "QAZ 69" markalı maşın yaxınlaşdı. Ev sahibi və Əli Həsənov qonağı eşikdə gözləyirdilər. Maşından hündür boylu, idmançı cüssəli, mavi gözlü, 40 yaşlarında bir adam düşdü. Əli Həsənovla görüşdü. Onlar tanış idilər. Daha sonra Kazım Əliyevlə əl sıxdı və diqqətlə ona baxdı. Həyətə daxil oldular. Gəlmə adam Əli Həsənovdan soruşdu:
- Haqqında danışdığın əməkdaşın bu adamdır?
Əli Həsənov təsdiq etdi. Otağa keçdilər. Səməndər xanım məcməidə xoruzpipiyi dəmlənmiş ətirli cayla içəri daxil oldu.
- Sizin tərəfdə kəklikotu çayı olmur? - qonaq gümrah səslə soruşub, otağa çökmüş rəsmiyyətə bir sadəlik, səmimilik qatdı.
Az keçmiş Səməndər xanım bu dəfə kəklikotu çayını süfrəyə düzdü, yanında da İrəvan kətəsi. Ətirli qoxu otağı bürüdü. Çayın qonağın ürəyincə olması aydın seziliridi. Qonaq tavana, divarlara göz gəzdirdi. Elə bil öz-özlüyündə nəyi isə götür-qoy edir, əllərini yuyurmuş kimi gah sağ əli ilə sol yumruğunu, gah da sol əli ilə sağ yumruğunu sıxırdı. Saatına baxdı:
- Yemək qalsın başqa vaxta. Çıxaq havaya, - deyib ayağa qalxdı.
Səməndər xanıma minnətdarlığını bildirdi:
- Belə yerlərin kəklikotu dəmini içməyib gedə bilməzdim.
İdmançı görkəmli adam gəldiyi "QAZ 69"da, Əli Həsənovla Kazım Əliyev “Volqa”da ermənilərin sıx məskunlaşdığı Orconikidze kəndini keçərək, Şınıx dərəsi tərəfə, Azərbaycan SSR ərazisinə, Gədəbəyə, Mutu dərəyə, Köhnə Baş Keçidə üz tutdular. Bir qədər sonra maşınlar dayandı. Qonaq: “Qoy, əməkdaşın bizi burada gözləsin”, - dedi.
Əli Həsənov və Kazım Əliyev
Əli Həsənovla qonaq aralanıb şumluğa tərəf yollandılar. Kazım Əliyev maşının yanında qaldı. Bir saat davam edən söhbətdən sonra qonaqla birinci katib geri döndülər. Qonaq hər ikisi ilə görüşüb, öz maşınına tərəf irəliləməzdən əvvəl Əli Həsənova sakit, lakin qətiyyətli səslə dedi:
- Yoldaşa da vəziyyəti izah et. Heç bir şeydən də çəkinməyin. Bir addım belə ata bilməzlər. Möhkəm dayanın.
"QAZ-69" uzaqlaşdı. Əli Həsənov qayğılı görünürdü, başını bulayıb Kazım Əliyevə yaxınlaşdı:
- Bu adam bizi böyük bəladan qurtarmağa gəlib. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Heydər Əliyevdir. Bakıdan Naxçıvana, oradan da maşınla birbaşa bizim rayona gəlib. Qonşularımız dinc durmurlar...
İki gün sonra rayonda görünməyən hadisələr baş verdi. Çəmbərəkə Moskvadan DTK-nın nümayəndələri gəldilər. Sovet rəhbərliyi milli məsələyə və millətçiliyin hər hansı bir təzahürünə çox həssas yanaşırdı. Rayonun “ДОСААФ” (Добровольное Общество Содействия Армии, Авиации и Флоту) “Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti”nin binasındakı silah otağından yoxa çıxmış silahlar Moskvadan gələn komissiya tərəfindən Orconikidze ermənilərindən yığıldı. Məhdud sayda adama məlum idi ki, oradan və rayon milis şöbəsinin silah saxlanılma otağından “itmiş” silahlar əvvəlcədən hazırlanmış plana əsasən ermənilərə paylanıbmış.
Aprelin 24-ü, qondarma “erməni soyqırımı” günündə Yerevandan gəlmiş dəstə ilə yerli millətçilər təxribatlar törədərək, Gədəbəyin Şınıx dərəsinin Orconikidzeyə yaxın kəndlərində və Krasnoselonun Ardanış, Şorca və Ağbulaq kəndlərində azərbaycanlıları qırmağı planlaşdırmışdılar.
Onu da qeyd etmək lazımdır ki, qondarma “erməni soyqırımının” 50 illiyi ərəfəsində Qərbdə, o cümlədən Latın Amerikasında və Yaxın Şərqdə yaşayan ermənilər Türkiyə əleyhinə genişmiqyaslı terror aksiyalarına start verməyi qərara almışdılar. Ondan əvvəl isə Azərbaycanda və Ermənistanda azərbaycanlılara qarşı silsilə təxribatlar planlaşdırılırdı. Erməni lobbisinin təzyiqləri qarşısında aciz qalan Sovet rəhbərliyi prinsipsizlik nümayiş etdirərək, 1965-ci ildə “soyqırımla” bağlı Yerevanda məhdud çərçivədə tədbir keçirilməsinə icazə verdi. Əslində bu aqressiv erməni milliyətçiliyinə SSRİ məkanında da əl-qol açmağa imkan yaratdı.
...Söhbətin əvvəlinə qayıdaq. Krasnoseloda dindirmələr, sorğu-suallar başladı. Rayonun partiya-sovet və hüquq-mühafizə orqanlarının rəhbərləri də Moskvadan göndərilmiş xüsusi komissiya tərəfindən şübhəlilər qismində təhqiqata cəlb olundular. Yerli milis şöbəsinin rəisi mayor Qaleçyan xüsusilə narahat görünürdü. Əsaslar isə ciddi idi. Əvvəllər də azərbaycanlılara qarşı nifrətini gizlətməyən Qaleçyanın dinc əhalinin əmin-amanlığını qorumaq əvəzinə terror şəbəkəsinin əsas əlaqələndiricisi olması üzə çıxmışdı.
Rayonda müxtəlif şayiələr yayılmağa başladı. Artıq rayon camaatı terror şəbəkəsinin Yerevana, oradan da xaricə uzanmasını müzakirə edirdi. Moskva komissiyasının rayonda işinin ikinci günü isə Qaleçyanın öldürüldüyü xəbəri yayıldı. Rəsmi versiya “özünəqəsd” oldu. Qaleçyanın kabinetində ağzının içinə atəş açılmışdı. Kriminal aləmdə ağzından söz qaçıran şəbəkə üzvləri belə cəzalandırılır. Bu ölüm əslində Moskva komissiyasının da işinə yaradı. Şəbəkənin əsas təşkilatçıları və üvzləri nə bilindilər, nə də həbs olundular.
...Bu gerçək hadisə Heydər Əliyevin həyatından olan epizodik bir andır. Yüzlərlə, minlərlə soydaşımızı xilas edən an. O gündən sonra göyçəlilər Heydər Əliyevin sayəsində daha 23 il öz dədə-baba torpaqlarında yaşayıb-yaratdılar. Əli Həsənov daha dörd il birinci katib işlədi. Daha sonra İrəvanda rəhbər vəzifələrdə işləsə də, artıq o, ermənilərin qəzəbinə tuş gəlmişdi. Onun erməni siyasi dairələri tərəfindən təqibləri başlanmışdı, hər an şərlənərək həbs edilməsi mümkün idi. Lakin Heydər Əliyev uzaqgörənlik edib, sərvaxt tərpənərək, bu vətənpərvər azərbaycanlı kadrı erməni şovinizminin cəngindən xilas edib, Azərbaycana dəvət etdi və o, respublikamızda da məsul vəzifələrdə çalışdı. Həsənovdan sonra azərbaycanlıların böyük əksəriyyət təşkil etdiyi Krasnoseloda bir daha birinci şəxs postuna azərbaycanlı təyin edilmədi.
O dövrün gerçəkliyi elə idi ki, anti-azərbaycan Sovet rejiminin sərt qadağaları çərçivəsində Heydər Əliyevin belə fədakarlıqlarından xalqımızın xəbəri olmurdu, ancaq bunları az sayda bilənlər Azərbaycan xalqının böyük oğlunun bu cür vətənpərvərlik nümunələrini daim minnətdarlıqla xatırlayırlar.
Nə yaxşı ki, həmfikrim, göyçəli həkim Hüseyn Hüseynov kimi şəxslər həmin hadisələrin canlı şahidləri olublar.
Tahir Kərimov,
bir zaman Prezident Heydər Əliyevin
şəxsi tərcüməçisi olmuş diplomat,
Harvard Universitetinin keçmiş məzunu.
-----------------------------------------------------------
Yenidən işləyib, redaktə edərək, təqdim etdi:
Rəhman ORXAN, Əməkdar jurnalist
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.