Rafiq Oday:
VƏTƏNƏ VƏ XALQA XİDMƏT MƏRAMI
Valeh CƏFƏROV - 80
Giriş
Onunla tanışlığımızın tarixçəsi uzun illər bundan öncəyə gedib çıxır... Adam var, şəxsi tanışlıqdan sonra haqqında məlumat toplamağa başlayırsan. Yəni tanışlıqdan öncə haqqında hər hansı bir məlumatın olmur. Adam da var ki, üzünü görməsən də, qiyabi lap çoxdan tanıyırsan, fəaliyyətini izləyirsən... Bu tanışlığı Allah-taala əyani şəkildə nəsib edəndə də, çox sevinir, şad olur və düşünürsən – nə yaxşı ki, belə gözəl insanla, dəyərli ziyalı ilə daha yaxından tanış oldum, kəlmə kəsdim, söhbətlərini dinlədim, nəhayətdə dostluq etdim, vətənə və xalqa xidmət məramından faydalandım. Belə ziyalılardan, alimlərdən, müsbət insani xüsusiyyətləri ilə çoxlarına örnək ola biləcək kişilərdən, bütün ömrünü kimya sənayesinin və kimya elminin inkişafına həsr edən alimlərdən biri də AMEA-nın müxbir üzvü Valeh Cabbar oğlu Cəfərovdu.
Böyük insan
Valeh Cabbar oğlu Cəfərov - Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə “Azərkitab” nəzdindəki kitabxana kollektorundan başlamış, sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) I kursuna daxil olaraq təhsil-təcrübi qaydası üzrə 1961-1963-cü illərdə Bakı Neftayırma zavodunda laborant, əməliyyatçı köməkçisi vəzifələrində işləmişdir.
1967-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinin əyani şöbəsini bitirib. Təyinatla göndərildiyi Sumqayıt Kimya kombinatında (sonralar “Üzvi-sintez” zavodu) böyük əməliyyatçı, növbə rəisi, sex rəisi, korpus rəisi vəzifələrində işləmişdir. 1969-cu ildən AMEA-nın Polimer Materialları institutunda laboratoriya rəhbərinin müavini, direktor müavini, baş mühəndis, elmi işlər üzrə direktor müavini, eləcə də, şöbə və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1991-1993-cü illərdə köçürülmə yolu ilə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki GDPU) elmi tədqiqat bölməsinin rəisi, aspirantura şöbəsinin müdiri vəzifələrində işləsə də, 1993-cü ilin fevral ayından yenidən köçürmə yolu ilə Polimer Materialları İnstitutuna qayıdır və burada Baş mühəndis və 1994-cü ildən 2016-cı ilə qədər isə institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. Hazırda institutun "Polimer materiallarının təkrar etmalı və ekologiyası" laboratoriyası”nın müdiridir.
Valeh müəllim 1984-cü ildə “Malein anhidridinin homo və sopolimerlərinin qalay və xlorüzvi törəmələrinin sintezi və xassələri” mövzusunda namizədlik, 2008-ci ildə isə “Yüksək təzyiqli polietilen malein anhidridinin sopolimerləri və mineral doldurucular əsasında yüksək möhkəmli və termiki davamlı polimer materiallarının yaradılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona 1994-cü ildə baş elmi işçi, 2015-ci ildə isə professor adı verimişdir, 2014-cü ildən AMEA-nın müxbir üzvi seçilmişdir.
Elmə verilən töhfələr
Tanınmış alim Valeh Cəfərov "Makromolekullar kimyası" sahəsində ixtisaslaşmış mütəxəssisdir. Onun apardığı elmi araşdırmalar sayəsində radikal polimerləşmə yolu ilə malein anhidridinin homopolimeri və onun vinilasetat, stirol, C5-C8 olefin sırası, (met) akril turşusu, propilen oksidi ilə ikili və üçlü birgəpolimerlərinin, qalay və halogen (xlor) tərkibli birgəpolimerlərinin sintezi, onların polimer analoqlarının çevrilmələri tədqiq edilib. Alınan birgəpolimerlərin UB və elektron şüalarının təsirindən kimyəvi quruluş dəyişikliyinə uğraması müəyyən olunub, onların appret, antipiren, örtükəmələgətirici, foto və elektronorezist, biosit və s. kimi xassələri aşkar edilərək sənayenin müvafiq sahələrində istifadəsi tövsiyə olunub. Polimerlər, təbii mineral ehtiyatlar və onların atqıları əsasında yeni nəsil polimer kompozisiya materiallarının (PKM) və (nano) kompozitlərin yaradılması və emal yollarının işlənilməsi, həmçinin, ekoloji tarazlığın qorunub saxlanılması istiqamətində apardığı elmi-tədqiqat işləri bu görkəmli alimin elmi yaradıcılığında əsas yer tutur.
Yerli mineral ehtiyatların tullantılarının - alunit, azərit, boksit, seolit, dəmir və mis filizi, vulkanik kül, vezuvian, qızılca qumu, perlit, silisium geli, bentonit və s. səmərəli istifadəsi istiqamətində məqsədyönlü elmi araşdırmalar aparılaraq yüksək istismar xassəyə malik polimer kompozisiya materiallarının yaradılması, onlardan doldurucu kimi istifadə olunması ilk dəfə Valeh müəllim tərəfindən həyata keçirilmiş, doldurulmuş sistemlər yaradılmış və müsbət nəticələr əldə olunmuşdur. Alınan nəticələr əsasında laboratoriya səviyyəsində reqlamentlər tərtib edilərək istehsalata təqdim olunmuş və müvafiq müəssisələr tərəfindən sınaq aktları təsdiq olunmuşdur.
Səmərəli və məqsədyönlü fəaliyyət
AMEA-nın müxbir üzvü Valeh Cəfərov 260 elmi əsərin, o cümlədən 6 müəlliflik şəhadətnaməsinin, 4 patentin və iki dərs vəsaitinin müəllifidir. “Окружающая среда: вторичное использование полимерных отходов” adlanan birinci vəsaitlər 2014-cü ildə, “Polimerlər foto kimyası və üzvi elektronika” adlı ikinci vəsait isə 2018-ci ildə nəşr olunmuşdur. 1995-2007-ci illərdə onun rəhbərliyi ilə başa çatdırılmış elmi-tədqiqat işlərindən 7-si AMEA-nın tətbiq planına daxil edilib. Alim kimya üzrə 1 elmlər doktoru, 2 fəlsəfə doktoru, 15-dən çox magistr yetişdirib, bir çox dissertasiya işlərinə rəsmi apponent olub. Hazırda bir elmlər doktoruna məsləhətçi, bir dissertantın elmi rəhbəridir.
Valeh Cəfərov AMEA-nın nəzdində fəaliyyət göstərən “Makromolekullar kimyası” və “Ekologiya”, BDU-nun ekoloji kimya ixtisası üzrə Müdafiə Şurasının, Y.N.Məmmədəliyev adına Neft-Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən neft-kimya ixtisasl üzrə Müdafiə Şurasının üzvüdür. Həmçinin Radiasiya Problemləri İnstitutunun “Nüvə materialşünastlığı” ixtisasları üzrə seminarın, koordinasiya şuralarının, Respublika Ekologiya Cəmiyyətinin, Azərbaycan Milli Atlasının hazırlanması və AMEA terminologiya üzrə komissiyalarının üzvü kimi geniş fəaliyyət göstərmişdir. Tanınmış alim bilik və bacarığını daim gənc nəsilə aşılamaq üçün fəal çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, Sumqayıt Dövlət Universitetində “Ekologiya” kafedrasının professorudur.
Elmin bəxş etdiyi töhfələr
Valeh Cəfərovun – bu görkəmli alimin əməyi həmişə yüksək qiymətləndirilmişdir. O, müxtəlif illərdə üç dəfə Gürcüstan Kimya Cəmiyyətinin fəxri diplomuna layiq görülmüş, Gürcüstan Kimya Cəmiyyətinin fəxri üzvü seçilmiş, Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən Ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçməsi istiqamətindəki fəaliyyəti, vətənə və xalqa layiqli xidmətlərinə görə isə “İlin nüfuzlu ziyalısı” Ali media mükafatı ilə təltif olunmuşdur.
Valeh müəllim Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə və Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında fəal iştirakına görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
Qoşa qanad və ya sadiqlik nümunəsi
Görkəmli alim Valeh müəllim Cəfərovla həyat yoldaşı, tanınmış kimyaçı alim Elmira xanım Əkbərovanın gənc nəslə örnək olan ömür yolu və ailə həyatı qurmağa hazırlaşan gənclərin faydalana biləcəyi çox maraqlı və qibtəolunası sevgi tarixçələri var. Valeh müəllimlə Elmira xanım bir ali təhsil ocağında və eyni vaxtda təhsil alıblar. Tanışlıqları da elə tələbəlik illərinə təsadüf edir. Bu tanışlıq günlər, həftələr aylar keçdikcə müqəddəs sevgiyə çevrilir və bu sevgi onları qırılmaz tellərlə bir-birinə bağlayır. Sonda isə gözəl bir ailə həyatına çevrilir. Beləcə, Sumqayıt onların tale şəhərinə, AMEA-nın Polimer Materialları İnstitutu isə dəyişilməz iş ünvanına - elmi fəaliyyət mərkəzinə çevrilir. O gündən etibarən işə bir gedib bir gələn, mənalı istirahətlərini birgə quran, müxtəlif səfərlərə imkan daxilində bir yerdə çıxan bu cütlüklərin bir-birinə olan sevgisi, bağlılığı, sədaqəti, etibarı və etimadı dillər əzbəri olur. Mən deyərdim ki, bu iki dəyərli insanın həyat və yaşam hekayəsini qələmə alan olsa, “Valeh və Elmira” dastanı müasir məhəbbət, sədaqət, dəyanət, etimad, etibar, inam, güvənc dastanları içərisində ən oxunaqlısı və ən qibtə olunanı olar.
Valeh müəllimlə Elmira xanım Vətən üçün üç igid, üç layiqli vətəndaş böyüdüb tərbiyə ediblər. Oğlanlarının ikisi - Vüsal və Vüqar Azərbaycan Vətən Müharibəsi veteranıdır. Qarabağ savaşının ən şiddətli vaxtlarında Ulu öndər Heydər Əliyevin çağırışı ilə hər ikisi təkrar cəbhəyə yollanmış, bir neçə il vicdanla, qeyrətlə, rəşadətlə vuruşaraq, vətəndaşlıq borclarını yerinə yetirmiş, düşmənə öz həddini bildirmişlər. Hər iki vətən oğlu Heydər Əliyevin sərəncamı ilə Vətən müharibəsi veteranı adına layiq görülmüşdür. Əgər ailənin kiçik oğlu Vüsət o zaman şagird olmasaydı, yəni yaşı çatsaydı, böyük sevgi ilə qardaşları kimi bu savaşda iştirak edərdi. Təbii ki, bu hal Valeh müəllimlə Elmira xanımın öz övladlarına verdiyi tərbiyədən, öyüd-nəsihətdən, aşıladığı vətən sevgisindən qaynaqlanırdı. Və bir də “Ot kökü üstə bitər” həqiqəti var. Valeh müəllimin elm fədaisi, vətən sevdalısı olması atası – dövrünün tanınmış ziyalısı, təhsil cəfakeşi, Səməd Vurğunla eyni vaxtda Qori Müəllimlər Seminariyasında təhsil alan, xalqın, millətin maariflənməsi yolunda ömrünü şam kimi əridən, imkanı çərçivəsində ətrafdakı ehtiyacı olan insanlara əl tutan, təkcə Arıqıran kəndində yox, bütövlükdə Gədəbəy-Şəmkir rayonlarında adı hörmət və ehtiramla çəkilən Cabbar Cəfərovun verdiyi tərbiyədən və öyüd-nəsihətdən, anası Şüküfə xanımın halal südündən qaynaqlanır. Burada bir məqama xüsusi olaraq diqqət çəkmək istərdim: Valeh müəllimin atası Cabbar Cəfərovun ömür yolu ilə bağlı araşdırma apararkən məlum oldu ki, bu insan, Ulu öndər Heydər Əliyevlə eyni gündə anadan olub, eyni seminariyada təhsil alıb, eyni gündə də (12 dekabr) dünyasını dəyişib. Ruhları şad, məkanları cənnət olsun.
Kəsişən yollar
Valeh müəllimin ömür-gün yoldaşı Elmira xanım Əkbərova Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində dünyaya göz açıb. M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu (indiki ADNSU) bitirib. Onun mənimsədiyi rezin texnologiyası ixtisası SSRİ Kimya Sənayesi Nazirliyinin səlahiyyətinə daxil olsa da, Elmira xanım öz inadkarlığı ilə məqsədinə nail olur və 1967-ci ildə Sumqayıta gələrək burada yenicə fəaliyyətə başlayan AMEA-nın Polimer Materialları İnstitutunun (indiki Neft-Kimya Prosesləri İnstitunun Sumqayıt filialı) “Element üzvi birləşmələri” laboratoriyasında laborant kimi əmək fəaliyyətinə başlayır (onda bu laboratoriyaya tanınmış alim Ramiz Sultanov rəhbərlik edirdi.)
Gənc kimyaçı xanım ilk günlərdən işgüzarlığı, nizam-intizamı, bacarığı, peşəsini ürəkdən sevməsi ilə rəhbərliyin, çalışdığı kollektivin rəğbətini qazanır. Burada mühəndis, kiçik elmi işçi, elmi işçi, nəhayətdə böyük elmi işçi vəzifəsinə qədər yüksəlir. Az bir zaman kəsiyində müstəqil elmi-tədqiqat işlərini sintez laboratoriya qurğularında yüksək çıxımla yeni kimyəvi birləşmələrin (monomerlərin) alınması ilə tamamlayır. O vaxt Elmira xanım Əkbərovanın çalışdığı laboratoriyanın müdiri, kimya elmləri doktoru, professor Məmməd Vəliyev laboratoriyanın işini davam etdirməklə yanaşı elmin maraqlı sahələrindən olan müxtəlif funksional qruplar saxlayan allilasitilen sıra birləşmələrinin sintezi və onların çevrilmələri sahəsində elmi tədqiqat işləri aparmağı Elmira xanıma tapşırır. Bu sahədə yorulmadan çalışan Elmira xanım çoxsaylı tədqiqat təcrübələri aparır və “Allilasetilen spirtlərinin əvəzli və törəmələrinin sintezi və xassələri” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsi alır.
Diqqətçəkən məqamlardan bir də o idi ki, Elmira xanımın dissertasiya işi müdafiədən əvvəl Ali Attestasiya Komissiyasının qaydalarına uyğun olaraq kənar təşkilatda - Moskvada Element üzvi Birləşmələr İnstitutunda müzakirə olunmuş və tanınmış alimlər tərəfindən yüksək rəy almışdı. Elmira xanım Əkbərovanın əsas elmi nailiyyətləri kimi ilk dəfə yüksək çıxımla 2 əvəzli allilasetilen spirtlərinin sintez üsulu ilə işlənib hazırlanmasını göstərmək olar. Belə ki, allilasetilen və metallilasetilen spirtləri və onların törəmələri CCl2 ilə CH2-CH qrupların iştirakı ilə reaksiyaya daxil olur və uyğun asetilen sırası dixlortsiklopropanların əmələ gəlməsi gerçəkləşir. Bununla da əvəzolunmamış allilasetilenlərlə dixlortsiklopropanlar az çıxımla alınır.
Kimyaçı alim Elmira xanım Əkbərova AMEA-nın Polimer Materialları İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərdiyi müddət ərzində 150-dən çox kimyəvi reaksiya qabilli yeni manomerlər sintez etmişdir.
Bir məsələni xüsusi olaraq qeyd edim ki, hələ o vaxtlar Almaniyanın “Beyger-Beyger” firmasının xahişi ilə yeni sintez olunmuş kimyəvi birləşmələrin göndərilməsi zamanı Elmira xanım Əkbərova çox sayda yeni kimyəvi birləşmələri sintez edərək sifarişçi təşkilata göndərmiş və bunun müqabilində də instituta vəsait daxil olmuşdur.
Alimin 60-a yaxın elmi əsəri çap olunmuşdur ki, onlardan da 24-ü xarici nəşrlərdə yer almışdır. 13 elmi məqaləsi beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuşdur. 3 müəlliflik şəhadətnaməsinin və 2 patentin müəllifi olmuşdur. Elmira xanımın kadr hazırlığı sahəsində də əməyi olmuş, 1 fəlsəfə doktorunun hazırlanmasına rəhbərlik etmişdir. Təqdirəlayiq haldır ki, bu sahə üzrə elmlər namizədi diplomunu alanların çoxu Elmira xanımın sintez etdiyi maddələrin əsasında dissertasiya müdafiə etmişdir.
Qeyd: Mən 2010-cu ildə dostum, qardaşım, dərin hörmət bəslədiyim Valeh müəllimin dəvəti ilə Elmira xanım Əkbərovanın 70 illik yubiley tədbirində də iştirak edərək ürək sözlərimi çatdırmışam. Sonra isə təsisçisi və baş redaktoru olduğum “Möhtəşəm Azərbaycan” qəzetində haqqında geniş bir yazı dərc etdik. 2020-ci il mart ayının 4-də bu gözəl insanın, tanınmış kimyaçı alimin, xanımlara örnək ananın 80 illik yubileyini qeyd edəcəkdik. Amma çox təəssüf ki, ömür vəfa etmədi. Elmira xanım yubileyinə 10 aydan da az bir müddət qalmış – 9 iyun 2019-cu il tarixində yaxınları, doğmaları, əzizləri, onu əhatə edən insanlarla vidalaşaraq, əbədiyyətə qovuşdu. Ruhu şad, məkanı cənnət olsun!
Haşiyə
Bir məsələni də qeyd edim ki, 1998-ci ildən bəri mən Sumqayıtın ictimai-siyasi, ədəbi və mədəni həyatında yaxından iştirak edir, Prezident seçkilərində, Milli Məclisə seçkilərdə, Referendumlarda (ümumxalq səsverməsində) vəkil edilmiş xəxs qismində və ya təbliğat-təşviqat kampaniyasının tərkibində YAP-ın üzvü kimi fəaliyyət göstərirəm. Bu kampaniyaların əksəriyyətində Valeh müəllim Cəfərovun bir vətəndaş olaraq, bir ziyalı olaraq həmişə öndə olduğunu görmüşəm. Harda vətən naminə, dövlət naminə, dövlətçilik naminə faydalı bir addımın atılmağı gərəkdiyində Valeh müəllimin vətəndaşlıq mövqeyi ortada olub. Digər bir müsbət xüsusiyyətini isə 2006-cı ildə İtaliyaya (Roma şəhərinə) səfərimiz zamanı kəşf etmişəm. Dədə-babalarımızdan belə bir deyim də miras qalıb: “- Qardaşın necə adamdır?” “- Yol yoldaşı olmamışam.” Bəli, biz 10 günlük bir müddət ərzində yol yoldaşı olduq və Valeh müəllimin elmindən, biliyindən, maraqlı və duzlu-məzəli söhbətlərindən, ibrətamiz nəsihətlərindən yararlandıq. Bu da Valeh müəllimin bir şəxsiyyət olaraq hərtərəfli formalaşmasının göstəricisidir.
Nəticə
Düzünə qalsa, mən bu yazımda məqsədlə nəticə arasında müstəqim bir əlaqə qura bilməyimdən o qədər də əmin deyiləm. Çünki hansı yola baş vurdumsa, o yol məni Valeh müəllimin yanına aparıb çıxardı. Kimdən söhbət açmaq istədimsə Valeh müəllimin kölgəsini gördüm üstündə. Kimin sevincinə sevinmək istədimsə, məndən öncə Valeh müəllimin sevindiyini gördüm. Kimin kədərinə şərik olmaq istədimsə, məndən öncə Valeh müəllimin göz yaşlarının sifətində şırım açdığını gördüm. Amma bütün məqamlarda vüqarlı gördüm, əyilməz gördüm. Göz yaşları içində boğulsa da, ayrılıq rüzgarlarına mərdliklə sinə gərdiyini müşahidə etdim. Başqa cür də ola bilməzdi, çünki Valeh müəllim Cəfərov bu nəslin ümid və pənah yeri, istinad nöqtəsidir. Hələ neçə-neçə məsləhətə ehtiyacı olanı, nəsihət gözləyəni, ağsaqqal xeyir-duası almaq istəyəni var bu nəslin. Neçə-neçə haqq dünyasına qovuşanı var ki, xatirəsinin əbədiləşdirilməsi üçün növbə gözləyir. Bu da o deməkdir ki, Valeh müəllimə hələ “yoruldum” demək, rüzgarlara təslim olmaq, hər şeyi talenin və zamanın axarına buraxmaq olmaz. Valeh müəllimə uzun ömür, sağlam can, səbir, dözüm və polad iradə lazımdır ki, heç kimin çəkə bilmədiyi bu ağır, məşəqqətli həyat yükünü əyilmədən, sınmadan mənzil başına çatdıra bilsin, zülmətlərin yerini aydınlıqlara təslim edə bilməsi üçün özündə güc tapa bilsin.
Mənə isə bir dost və qardaş olaraq bunları demək qalır: 80 illik yubileyiniz mübarək, Valeh müəllim. Allah-taala yar və yardımçınız olsun. Bura qədər gəldiyiniz yolda alnınız açıq, üzünüz ağ, başınız ucadır. Bundan sonra da bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinizdən əminəm, BÖYÜK İNSAN!
Dərin hörmət və sayğılarla,
Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti,
şair-publisist
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.