Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.
Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi bildirildi.
Prezident İlham Əliyev Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, eyni zamanda, bu ölkələrin dini liderləri arasında əməkdaşlığın həyata keçirilməsinin önəmini qeyd etdi və vurğuladı ki, bu əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir. Dövlətimizin başçısı qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfərinin önəminə toxunaraq bu səfərin orada gedən proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirdi.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı Ağdamın Xıdırlı kəndində inşa olunacaq tam orta məktəb binasının təməlinin qoyulmasını dostluq və qardaşlıq əlaqələrimizin təzahürü kimi dəyərləndirdi. Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.
Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın salamlarını dövlətimizin başçısına çatdırdılar.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə və Ersin Tatara çatdırmağı xahiş etdi.
Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirən dini liderlər bu Forumun önəmini vurğuladılar, dövlətimizin başçısının Forumda məzmunlu çıxışının onlara dərin təəssürat hissi bağışladığını dedilər. Qonaqlar bu tədbirin türkdilli dövlətlər arasında dostluq və qardaşlıq əlaqələrinə söykənən tarixi, dini, mədəni köklərimizin bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğuladılar.
Prezident İlham Əliyev işğal dövründə ermənilər tərəfindən tarixi-dini abidələrimizin dağıdıldığını qeyd edərək hazırda həmin ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində yeni məscidlərin inşa edildiyini, dağıdılanların isə bərpa olunduğunu dedi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini azadlıqların təmin olunması, islami dəyərlərin qorunması işinə dövlət səviyyəsində göstərilən qayğıya, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda tarixi-dini abidələrimizin, məscidlərimizin bərpasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi olaraq qeyd etdi, Fondun dini-mədəni sərvətlərimizin qorunmasında oynadığı rolu vurğuladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda dini dəyərlərin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini dərin ehtiramla yad etdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.
Söhbət zamanı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, müxtəlif mədəniyyətlər və dinlərarası əlaqələrin qurulmasında bu tədbirin rolu qeyd edildi.
Görüşdə Azərbaycanın Rusiyanın müxtəlif regionları, o cümlədən ölkəmizin tarixi, mədəni köklərlə bağlı olduğu Şimali Qafqaz regionu ilə əlaqələrinin ümumilikdə Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin inkişafına töhfə verdiyi vurğulandı.
Dövlətimizin başçısının Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyəti ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı.
Qeyd olundu ki, Azərbaycanın və Rusiyanın Şimali Qafqaz regionunun dini liderlərinin əlaqələri xalqlarımız arasında münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edir.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.
Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfə verəcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışıldı, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edildi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.
Görüşdə dövlətimizin başçısı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırdı. COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yarandığını deyən Prezident İlham Əliyev artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunduğunu və davamlı şəkildə keçiriləcəyini qeyd etdi.
KAICIID-in Baş katibi bu Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və dövlətimizin başçısının tədbirin açılışındakı nitqində dünyaya çox vacib mesajlar verdiyini vurğuladı. O, Azərbaycanın müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olduğunu dedi, ölkəmizdəki tərəf müqabilləri ilə yaxından əməkdaşlıq etdiyini bildirdi.
KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verən Baş katib bundan sonra da Azərbaycanla birlikdə müxtəlif layihələrin reallaşdırılması üçün yaxından işləyəcəklərini diqqətə çatdırdı.
O, həmçinin qeyd etdi ki, bu Forum çərçivəsində gündəlikdə duran məsələlər KAICIID tərəfindən də yaxından dəstəklənir.
Dövlətimizin başçısı Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirdi, ölkəmizin Qoşulmama Hərəkatındakı sədrliyini qeyd etdi. Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini dedi.
Söhbət zamanı KAICIID-lə Azərbaycanın təsisatları arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanaraq dünyanın müxtəlif ölkələrindən çox sayda nüfuzlu qonağın iştirak etdiyi bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi qeyd olundu.
Azərbaycanla İraq arasında əlaqələrin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı hazırda İraqda sabitliyin, əmin-amanlığın təmin edilməsini müsbət amil kimi qiymətləndirdi. Azərbaycan Prezidenti İraqın zəngin tarixə və mədəniyyətə malik olduğunu vurğulayaraq ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığa toxundu, torpaqlarımız erməni işğalı altında olan dövrdə İraqın hər zaman ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərdiyini qeyd etdi. İraq Prezidentinin həm rəsmi, həm də Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfərlərini xatırladan dövlətimizin başçısı bu yaxınlarda Azərbaycanın iki nazirinin rəhbərliyi ilə nümayəndə heyətlərinin İraqa səfər etdiklərini, İraqın Baş naziri tərəfindən qəbul olunduqlarını, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində ətraflı müzakirələrin aparıldığını vurğuladı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundu.
Prezident İlham Əliyev müdafiə sənayesi, energetika, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi.
Dövlətimizin başçısı Möhsin Əli Əkbər Əl-Mandalavinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını qeyd etdi.
Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən İraq Parlamentinin sədri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluqlarını bildirdi.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə bağlı təbriklərini çatdıran İraq Parlamentinin sədri bu proses çərçivəsində dövlətimizin başçısının göstərdiyi səyləri dəstəklədiklərini və tezliklə sülh müqaviləsinin imzalanmasını arzu etdiklərini dedi.
O, Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyini qeyd edərək, bu Hərəkatın təsisatlanması istiqamətində ölkəmizin verdiyi töhfələri və irəli sürdüyü təşəbbüsləri xüsusi vurğuladı. Möhsin Əli Əkbər Əl-Mandalavi iki ölkənin parlamentləri arasındakı əlaqələrə toxunaraq dedi ki, İraq Parlamenti Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini dəstəkləyir.
İraqda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirən Parlamentin sədri Azərbaycan şirkətlərini bu prosesə töhfə verməyə dəvət etdi. Möhsin Əli Əkbər Əl-Mandalavi Prezident İlham Əliyevi tezliklə İraqda görməkdən məmnun olacaqlarını dedi.
Dövlətimizin başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirdi.
İraq Parlamentinin sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı, Bakı şəhərinin memarlığının onları heyran etdiyini dedi.
Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Bakı şəhərinin memarlıq nümunələrindən olan və dünya miqyasında şöhrət qazanmış Heydər Əliyev Mərkəzinin memarı məhz İraq xalqının yetirməsi Zaha Hadiddir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.
Görüşdə qlobal səviyyədə çox aktual mövzuların müzakirəsi və qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulandı.
Bu tədbirdə bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi Foruma dünya səviyyəsində marağın göstəricisi kimi qiymətləndirildi.
Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd olundu.
Söhbət zamanı COP29-un Azərbaycanda keçirilməsi və bununla bağlı ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyi vurğulandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.