Şakir Mahmudlunun şeirləri
«Azpresstimes.info» Şakir Mahmudlunun şeirlərini oxuculara təqdim edir.
Şakir Mahmudlu (Mahmudlu Şakir İbrahim oğlu) 1955-ci il oktyabrın 31-də Masallı rayonunun Eminli (Mahmudlu) kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) dil-ədəbiyyat fakültəsini bitirib. Masallı şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib. Hazırda təqaüddədir.
Müxtəlif vaxtlarda məqalə və şeirləri qəzet, jurnal və almanaxlarda dərc olunub.
“Mahmudlu” və “Mahmudabad” salnamələrinin, “İtirilmiş kənd” və “Dərs” adlı tarixi romanların müəllifidir. “Hardan başlayır Vətən”, “Şakirin həyat nəğmələri” adlı şeir kitabları, “Muğan” və “Azərbaycan min ildə” salnamələri nəşrə hazırlanır.
Hardadır
El-obanın həyat dolu nəşəsi,
Nənələrin yağlı şəkər kökəsi,
Dədələrin halal çörək təknəsi,
Hanı, qardaş, hara getdi, hardadır?!
Bərəkətli bol payızı, gül yazı,
Bəğçamızın bal yemişi, qarpızı,
Toy-düyünü, tar-kamanı, həm sazı,
Hanı, qardaş, hara getdi, hardadır?!
Kəndimizin toz-torpaqlı küçəsi,
İnsanların həyat eşqi, həvəsi,
Yoxa çıxıb, uşaqların nəşəsi,
Hanı, qardaş, hara getdi, hardadır?!
Göllərimin yaşılbaşlı sonası,
Çaylarımın qarasolu, xanısı,
Toxunulmuş kilim-xalı xanası,
Hanı, qardaş, hara getdi, hardadır?!
Nədi, bu vurhavur, bu gethagetlər?
Qurdlar yoxa çıxıb, çoxalib itlər,
Sözü bütöv, arxa-kömək igidlər,
Hanı, qardaş, hara getdi, hardadır?!
Həyat kələ-kötür, həsrət hamara,
Abır-həya hanı, həsrətik ara,
Həsrət indi ağ duvaqlı bir yara,
Hanı, qardaş, hara getdi, hardadır?!
Şakir çaşbaş, bu gedişə, bu hala,
Həyat alçı-toxan, dönüb qumara,
Kişilik əsasdı, baxmaz ki vara,
Hanı, qardaş, hara getdi, hardadır?
Kəlağayı
Təbrizimin, həm Gəncəmin,
Gül butalı, həm Şəkimin,
Anaların, bacıların,
Namus rəmzi kəlağayı,
Qeyrət rəmzi kəlağayı.
Ağı - xoşbəxtlik, səadət,
Qırmızı - gənclik, təravət,
Noxudu - dövlət, dəyanət,
Namus rəmzi kəlağayı,
Qeyrət rəmzi kəlağayı.
Rəngi, tamada gül-çiçək,
Bəzəyi , buta al-ləçək,
İylə, qoxla, köksünə çək,
Namus rəmzi kəlağayı,
Qeyrət rəmzi kəlağayı.
Urmidə bir ayrı gözəl,
Şirvanda tarixi əzəl,
Salyanda al, yola düzəl,
Namus rəmzi kəlağayı,
Qeyrət rəmzi kəlağayı.
Şakir yurdunun vurğunu,
Kimlər qurdu bu qurğunu?
Axtarmaqdan yol yorğunu,
Namus rəmzi kəlağayı,
Qeyrət rəmzi kəlağayı!
2005.
Biri varmı ürəyində?!
Biri varmı ürəyində?!
Ağrısına, ağrım deyib,
Qəm yükünə yüküm deyib,
Sızıldayıb, ağladığın!
Biri varmı ürəyində?!
Gözünə gözüm dediyin,
Ömrünə ömrüm dediyin,
Sızıldayıb, ağladığın!
Biri varmı ürəyində?!
Hicran olan, həsrət olan,
Həmişə yuxuna gələn,
Sızıldayıb, ağladığın!
Biri varmı ürəyində?!
Könül səsi bildiyiniz,
Olmayanı sevdiyiniz,
Sızıldayıb, ağladığın!
Biri varmı ürəyində?!
Axtaranda, tapmadığın
Vüsalına çatmadığın,
Sızıldayıb, ağladığın!
2025.
Gileyliyəm gecələrdən
Qalıb tənha, qalıb yalqız,
Gileyliyəm gecələrdən.
Gecə uzun, gecə sonsuz,
Gileyliyəm gecələrdən.
Yuxum çəkilibdi ərşə,
Məəttələm bu gərdişə.
Düşüb sevda adlı işə,
Gileyliyəm gecələrdən.
Gecə ələm, gecə dərddi,
Əllərimdən axdı getdi.
Ömrüm-günüm belə bitdi,
Gileyliyəm gecələrdən.
Ağrımazdı dərdsiz başım,
Sızıldayır gozum-qaşım,
Yəqin səbəb buna, yaşım,
Gileyliyəm gecələrdən.
Həsrət, hicran yağışıdı,
Ağrı-acı axışıdı.
Nakam bir eşq qarğışıdı,
Gileyliyəm gecələrdən.
2000.
İlahinin şah əsəri
Gözəllik Allah vergisi,
Yaradanın baş əsəri!
İnsan gözəlliyin başı,
İlahinin şah əsəri!
Dəniz gözəl, dağ da ğözəl,
Ormandakı ceyran gözəl,
Göydə uçan quş da gözəl,
İlahinin şah əsəri!
Təpə gözəl, dağ da ğözəl,
Balıq gözəl, göl də gözəl,
Oğlan gözəl, qız da gözəl,
İlahinin şah əsəri!
Günəş gözəl, ay da gözəl,
Səma gözəl, yer də gözəl,
Gözəl olan söz də gözəl,
İlahinin şah əsəri!
İnsan yaranıbdır, özəl,
Sevib- seçilirsə, gözəl.
Şakir, yarın daha gözəl,
İlahinin şah əsəri!
2022.
Dahi, yoxsa ki, dəli?
Dahiliklə dəlilik,
Qardaşdı bu həyatda.
Qalib olanlar dahi,
Məğlub olanlar dəli.
Papağını qarşına,
Qoyub da bir fikirləş,
Görən, indi sən kimsən,
Dahisən, yoxsa dəli?!
İndi qoy tərəziyə,
Əməlini, işini.
Hansı ağır gələcək,
Dahi, yoxsa ki dəli?!
Ətrafına sal nəzər,
Bax, kimləri görürsən.
Bir-bir saf-çürük eylə,
Dahidi, yoxsa dəli?!
Dəlinin bircə feli,
Əlindəki də beli.
İndi görki o da kim,
Dahidi, yoxsa dəli?!
Dahini də gəl yoxla,
Gör mizana gələcək.
Gəlsə, səncə o kimdir,
Dahidi, yoxsa dəli?!
Həyat belədir qardaş,
Bəzən dəyişik salır,
Dəli ağıllı olur,
Dahi də ki, lap dəli?!
2024.
Aldın
Bu nə işvə, bu necə naz,
Aldın canım, gözəl, aldın.
Ömrümə yazılmış yazı,
Aldın canım, gözəl, aldın.
Yerişin bir ürkək Ceyran,
Duruşun bir tülək Tərlan,
Baxışındı canlar alan,
Aldın canım, gözəl, aldın.
Əsdirmə, bədəni, beli,
Sanki can almaqdı feli,
Çiynə salıb siyah teli,
Aldın canım, gözəl, aldın.
Gülüşün aşıq havası,
Çalma sinən üstə sazı,
Nəğmən bülbülün avazı,
Aldın canım, gözəl, aldın.
Şakir neyləmişdi sənə,
Yaraşmır bu yaşda mənə,
El-oba söyləsin tənə,
Aldın canım, gözəl, aldın.
2022.
Uşaq olmaq istəyirəm
Qaçıb tozlu küçələrdə,
Uşaq olmaq istəyirəm.
Bulaşıb toza-torpağa,
Uşaq olmaq istəyirəm.
Minib qamış atıma mən,
Ayaqyalın, başıaçıq,
Qaçıb tozlu küçələrdə,
Uşaq olmaq istəyirəm.
Sındırıb qabı-qacağı,
Anam gəldi qorxusuyla,
Qaçıb tozlu küçələrdə,
Uşaq olmaq istəyirəm.
Dırmaşıb alça yığanda,
Ağac sındı qorxusuyla,
Qaçıb tozlu küçələrdə -
Uşaq olmaq istəyirəm.
Atıb dəftəri-kitabı,
İtlə-pişiklə oynayıb,
Qaçıb tozlu küçələrdə -
Uşaq olmaq istəyirəm.
Qovub qoyunu, quzunu,
Minib buynuzlu qoça da,
Qaçıb tozlu küçələrdə -
Uşaq olmaq istəyirəm.
Dədəmin ağır zəhmindən,
Nənəmin nar çubuğundan,
Qaçıb tozlu küçələrdə -
Uşaq olmaq istəyirəm.
Çırmalayıb balağımı,
Atıb əsanı yerə mən,
Qaçıb tozlu küçələrdə -
Uşaq olmaq istəyirəm.
Qınasaz da, danlasaz da,
Yetmişimdən utanmaram,
Qaçıb tozlu küçələrdə -
Uşaq olmaq istəyirəm,
Uşaq olmaq istəyirəm!
Quruyub Arazın, Kürün suyu da
O qədər dərd çəkib, dərdə ağlayıb,
Quruyub Arazın, Kürün suyu da.
O qədər dərd çəkib, sinə dağlayıb,
Quruyub Arazın, Kürün suyu da!
O qədər ağrını-acını görüb,
Bilməm necə dozüb, bu vuhavura?!
Ağrıdan-acıdan qıvrılıb, yatıb,
Quruyub Arazın, Kürün suyu da!
Olublar teşnəyə dərman, məlhəm də,
Muğana can verib, Milə can verib.
Dəyən zərbələrdən olub kor quyu,
Quruyub Arazın, Kürün suyu da!
Yanında duranlar qorxub, qaçardı,
Daşlara toxunan dalğa səsindən.
Elə bil küsüblər, inciyib durub,
Quruyub Arazın, Kürün suyu da!
Neçə müharibə görüb-aşırıb,
Düşmən qabağını kəsib, durardı.
İndisə qocalıb, sakitcə durub,
Quruyub Arazın, Kürün suyu da!
2024.
Xatirinə dəyir tez
Son zamanlar yaman kövrək olubsan,
Nə deyirəm, xatirinə dəyir tez.
Göz yaşların yanağında donubdu,
Nə deyirəm, xatirinə dəyir tez.
Sevgim həm əzəlim, həm sonuncudur,
Gözün gözlərimə baxıb dayanır.
İndi hər sözümdən küsüb durursan,
Nə deyirəm, xatirinə dəyir tez.
Biz keçən illəri birgə yaşadıq,
Həyat nəğməsində birlikdə yazdıq.
Biz elə birlikdə, bir yerdə varıq,
Nə deyirəm, xatirinə dəyir tez.
Səni ilk gördüyüm andan sevmişəm,
İndi də sevirəm əvvəlki kimi,
Bilməm, səbəb nədir, tez-tez küsürsən?
Nə deyirəm, xatirinə dəyir tez.
Bilirsən, Şakirin əzəli eşqi,
Sənə bağlı olub, sənlə yaşlanıb.
Heç nədən küsürsən, küsüb durursan,
Nə deyirəm, xatirinə dəyir tez.
2025.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.