Arif Ərşadın növbəti hekayəsi...
Əziz dostlar, hörmətli oxucular!
Sizcə bu hekayəni davam etdirərək roman yazmağa dəyərmi? Fikirləriniz mənim üçün maraqlıdır.
İş vaxtının qurtarmasına beş dəqiqə qalmış Murad kompyuteri söndürdü. Masanın üzərində olan sənədləri səliqə ilə bir tərəfə qoydu. Bu gün işlərinin çox olmasından heç evə də zəng vurmağa macalı olmamışdı. Kvartalın və eləcədə ilin axrı olduğundan idarədə hamının başı işlə möhkəm qarışıq idi. Bir sözlə küçədə soyuq olmasına baxmayaraq bir həftə idi ki, idarədə həyat qaynayırdı...
Murad ayağa qalxaraq çantasının ağzını açdı, masanın üzərindəki qovluğun birini götürüb çantaya yerləşdirdi. Çantanın ağzını bağlamaq istərkən nəyinsə mane olduğunu görüb qovluğu çantanın içərisindən çıxartdı. Sonra çantanın içərisində olan başqa bir bükülünü də çıxardıb masanın üzərinə qoydu. Bükülünün içindəki yeməkləri görəndə bu gün nahar etməməsi onun yadına düşdü. Şəkər xəstəsi olduğundan o, yeməyini hər gün evdən gətirirdi. Bu səhər də arvadı ona zeytun yağında bişirilmiş bir qab qarabaşaq, üzərinə də qaynadılmış toyuq əti və iki dilim də qara çörəyi necə qoymuşdusa, eləcə də çantasında qalmışdı. Nahar vaxtı katibəsi ona çay verəndə nimçədə iki ədəd paxlava da gətirmişdi. Həmin paxlavaları bir stəkan çayla bir anın içində necə yeməsi, yeyəndən az sonra isə başının dumanlandığını, gözlərinin torlaşmasını hiss edəndə pəhrizi pozduğunu anlamışdı. Belə hallarda bir daha şirniyyat yeməyəcəyini özünə söz versə də, heç vaxt buna əməl eləmirdi, verdiyi söz elə söz olaraq da qalırdı. Öz-özünə, - Onsuz da arvad görməyib ki, - deyərək, qımışdı. Evdə həmişə arvadla davası, söz-söhbəti də, elə onun şirniyyat yeməsi üstündə olurdu. Arvadı belə vaxtlarda şəkər xəstələrinin pəhrizə əməl etmələrinin necə vacib olduğu haqqında uzun-uzadı “mühazirə” söylədikdən sonra, sözünü bu cür bitirərdi:
-A kişi, özüvə yazığın gəlsin, yatağa düşəndə heç kim sənə baxmayacaq. İnsan gərək özü-özünün həkimi olsun!
-Sən də baxmayacaqsan, ay arvad?
-Yox, bax elə mən də baxmayacam! Mənim xəstə becərməyə nə halım var, nə də ki, həvəsim.
-Onda hələ ki, nə qədər canımda su var, gərək başıma indidən bir çarə qılım, ay arvad, - deyən Murad, aralığa zarafat salıb, canını arvadın danlağından qurtarırdı...
Murad qovluğu yenidən çantaya yerləşdirdi. Asılqandan asılmış paltosunu geyindi, papağını başına qoyub çıxmaq istəyirdi ki, iş telefonu zəng çaldı. Əvvəl telefona yaxınlaşmaq istəmədi, sonra nə fikirləşdisə geri qayıdıb dəstəyi qaldırdı və ciddi səslə dilləndi:
-Alo, eşidirəm.
-Baba salam, necəsən?
Muradın sifət cizgiləri və səs tonu bir andaca dəyişdi, danışan beş yaşlı nəvəsi Gültəkin idi.
-Can baba! Mən yaxşıyam Gülüm, sən necəsən?
-Mən də yaxşıyam. Baba, nənə deyir ki, gələndə bir ağ, bir dənə də qara çörək alsın.
-Baş üstə alaram. Bəs, baba sənə nə alsın, Gülüm?
-Mənə... Mənə yolka al.
-Evdə yolkamız var da, neynirsən ikisini? Bəlkə sənə başqa oyuncaq alım, hə, nə istəyirsən? Gəlincik alım?
-Yox, evdəki yolkam balacadır, mən böyük yolka istəyirəm, özü də işıqlı olsun.
-Oldu Gülüm, alaram.
Murad nəvəsi ilə sağollaşıb dəstəyi yerinə qoydu, çantasını və yeməyi olan bükülünü götürüb kabinetdən çıxdı. Pillələrlə aşağı enib, giriş qapısının yanında yerləşən gözətçının otağına yaxınlaşdı. Gözətçi rəisi görüb ayağa qalxdı və hörmət əlaməti olaraq başındakı tüklü papağını çıxartdı:
-Axşamınız xeyir olsun, Murad müəllim.
-Axşamın xeyir. Papağı nə basmısan gözünün üstünə, borandı?
-Hə, Murad müəllim, çöldə bir qar var ki, - əli ilə dizinə toxunaraq dilləndi, - düz buracan.
Murad maraqla pəncərədən çölə boylandı:
-Doğrudan? Nə vaxt yağıb, heç xəbərim olmayıb. Sonra o, əlindəki bükülünü gözətçiyə uzadaraq dedi:
-Götür bu yeməyi, axşam isidib yeyərsən.
Belə halların tez-tez baş verdiyindən, gözətçi məmnun halda bükülünü aldı, -Çox sağ olun, Murad müəllim. Allah sizdən razı olsun.
Murad idarənin həyətinə çıxanda yerdəki qarın çoxluğu onu təcübləndi. O, səhər işə gələndə hava şaxtalı olsa da qar yağmırdı. İşinin çox olduğundan bir dəfə də olsun pəncərədən küçəyə baxmağa imkanı olmamışdı. Yerdə hardasa bir qarışdan çox qar olmasına baxmayaraq hava çox sakit və təmiz idi. Qar narın-narın yağmaqda hələ də davam edirdi. Murad təmiz havanı bir-iki dəfə ciyərlərinə çəkib maşınına tərəf baxdı. Maşının üstü demək olar ki, tamam qarla örtülmüşdü. O, yavaş-yavaş maşına yaxınlaşdı, açarları cibindən çıxartmaq üçün əllərini cibinə saldı, qapını açaraq əlindəki çantanı maşına qoyub qapısını bağladı. Sonra nə fikirləşdisə idarənin pəncərəsindən ona baxan gözətçini əliylə yanına çağırdı. Gözətçi bir əlində bel, o biri əlində süpürgə idarədən çıxıb tələsik ona yaxınlaşdı:
-Murad müəllim, narahat olmayın. Mən bu dəqiqə maşını da, yolu da təmizləyərəm.
Murad başı ilə səmaya işarə edərək:
-Yox təmizləmə. Belə gözəl havada maşın sürmək günahdır. Mən evə piyada gedəcəm, maşında gözün olsun.
-Hə, elədir rəis. Belə hava ələ düşməz, əsl gəzməli havadır. Arxayın gedin, heç nədən də narahat olmayın, sağ olun.
-Salamat qal, sağ ol.
Murad yavaş-yavaş idarənin həyətindən çıxdı. İki gün bundan qabaq işə gələndə şəhərin mərkəzində olan mağazaların birinin vitrinində çoxlu yolkanın düzüldüyünü yadına salıb yolunu həmin istiqamətə saldı. Mağaza elə də uzaqda deyildi. Həmin mağazanın yerləşdiyi yerlə, onun yaşadığı binanı gözəl bir park ayırırdı. Vaxtı olanda, hava xoş keçəndə nəvəsi ilə bura gələr, onun təmiz havada yaşıdları ilə oynamasına tamaşa edər, özü isə ağacların altındakı oturacaqda əyləşib xəyallara dalaraq dincələrdi.
Yeni ilin gəlməsinə hələ üç gün qalmasına baxmayaraq qarın yağması adamlarda xoş bayram əhval-ruhiyyəsi yaratmışdı. Sanki hamı küçələrə axışmışdı - kimi qar topu oynayır, kimi xizək sürür, kimi də mağazlardan aldıqları ərzaqları evlərinə çatdırmaq üçün tələsirdi. Murad nə qədər çalışsa da, yeni il bayramı ərəfəsində axrıncı dəfə şəhərə nə vaxt qar yağdığını xatırlaya bilmədi. Bu şəhərə qar adətən yeni ilin ilk on günündən sonra yağırdı.
Murad marketə daxil olduqda ilk əvvəl ərzaq şöbəsinə yönəldi. Xanımının sifariş verdiyi çörəkləri alıb şöbədən çıxdı. Sonra yolka almaq üçün oyuncaqlar satılan şöbəyə daxil oldu. Yan-yana sıra ilə düzülən yolkalar rəngli oyuncaqlarla, yanan ulduzlu lampalarla zövqlə bəzədilmişdi. Buradan istənilən ölçüdə yolka tapmaq mümkün idi. Bu yolkaları görəndən sonra o, evdəki balaca yolkanı nəvəsinin bəyənməməsinə haqq qazandırdı. O, iki metrə yaxın olan bir yokanı bəyəndi, yolkanın bəzənməsi üçün adi və işıqlı oyuncaqlardan da xeyli aldı. Onları səliqə ilə bir yerdə qablaşdıran satıcı qıza minnətdarlıq etdi və aldıqlarının pulunu ödəyib mağazadan çıxdı. Parkın kənarı ilə yavaş-yavaş evinə tərəf addımlamağa başladı. Deyəsən acmışdı, dodaqlarının qurumasından şəkərinin aşağı düşməsini hiss edirdi. Şəkərli diabet xəstəsi olması, adətən ac olan zamanlarda yadına düşürdü. Həkimi də ona tapşırmışdı ki, az-az ye, amma tez-tez ye, elə buna görə də o cibində həmişə bir iki ədəd turş ”şüşə“ konfet gəzdirirdi. Murad yolkanı ağaca söykəyib əlini cibinə saldı. Bir konfet çıxardıb kağızını açdı, konfeti ağzına qoymaq istəyirdi ki, parkdan çıxan on dörd-on beş yaşlarında olan bir oğlanı görcək konfet əlindən qarın içinə düşdü. Oğlanın çiynində uzun saplı balta, əlində isə iki metrə yaxın olan bir şam ağacı vardı. Murad nə vaxt əlində tutduğu çörək paketini yuxarı qaldıraraq, bağıra-bağıra oğlana tərəf cumdu, heç özü də bilmədi:
-Sən niyə bu ağacı kəsmisən? Axı niyə kəsdin bu ağacı, niyə?
Oğlan bir anlığa çaşıb qaldı. Uzərinə yeriyən kişinin vahiməli səsindən qorxub əlindəki şam ağacını yerə atıb qaçdı, tələsik maşın yolunu keçərək binaların arasında gözdən itdi. Murad oğlanın dalınca qaçmaq istəsə də, ona çatmağın mümkün olmayacağını, həm də ayaqlarının tutulduğunu hiss edib dayandı. Bir də tutub neyləyəsiydi ki, bu gənc oğlana. Daha gec idi. O, ağacı artıq kəsmişdi. Əsəbindən onun bütün bədəni titrəyirdi. Başından qopan ağrıdan yerə çökdü. Əliylə yerdən bir ovuc qar sivirib üzünü sildi, yenidən yerdən bir çimdik qar götürüb ağzına qoydu. Bir balaca özünə gələndən sonra ayağa qalxdı. Gənc oğlan isə yolun o biri tərəfindən bütün bunlara baxır, ağacı götürmək üçün hələ də Muradın getməsini səbrlə gözləyirdi. Görünür kəsdiyi ağacı heç də qəribə səslə ona bağıran bu yoldan ötən kişiyə bağışlamaq fikrində deyildi. O, bu və ya digər bir şam ağacını mütləq bu gün evə aparmaqda israrlı idi. Kəsilmiş ağacı evə aparmaqda fikrini qətiləşdirib yolu kecdi, yavaş-yavaş Murada doğru addımlamağa başladı. O, ətrafdakı insanların əlində tutduğu baltanı görməməsi üçün onu gödəkçəsinin altında gizlətmişdi.
Murad ağaca söykədiyi yolka olan bağlamanı və yerə sərilmiş şam ağacını götürüb ağır addımlarla parkın içərisinə doğru addımladı, çətinliklə də olsa kəsilmiş ağacın yerini tapdı. Elədiyinin mənasız olduğunu anlasa da, ağacı kötüyün yanında yerə sancdı. Sonra yaxınlıqdakı oturacaqda əyləşib bir siqaret yandırdı, kiminləsə danışrmış kimi:
-Niyə axı üç günlük bayrama görə bu ağac kəsilməlidir?! Bu ağacı kəsmək üçün əkməyiblər axı. Bəlkə də bu ağacın əkildiyi yer hansısa sevgililərin nişan yeriymiş. Bəlkə də kimin üçünsə bir xatirəydi bu ağac? Bəlkə də bu şam ağacı kimlərinsə sevgi ağacı imiş. Bəlkə də...
Gənc oğlan ağacların arasından bu qəribə kişinin bütün hərəkətlərinə diqqətlə tamaşa edirdi. Parkın içərisində heç kim gözə dəymirdi. O, gödəkçəsinin altından baltanı çıxardıb yerə qoydu. Gödəkçəsinin düymələrini bağlayıb baltanı yerdən götürdü və oturacaqda əyləşən qəribə kişiyə bir az da yaxınlaşmağı qərara aldı. Murad isə əli baltalı gəncin arxadan ona yaxınlaşmasını görmür, barmaqları arasındakı siqaretə dərin bir qullab vurub yerə sancdığı şam ağacına tərəf baxaraq, xəyallara dalmağında idi ...
PS. Ardı ola bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.