Rafiq Oday:
ŞAİR ASİF ASİMANIN “ÖMÜR VƏFA ETSƏ...” ŞEİRLƏR KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
Asif ASİMAN - 70
Dəyərli oxucular, mən bu yazımda poeziya haqqında, şeir-sənət haqqında uzun-uzadı nəsə yazmaq fikrindən uzağam. Buna heç ehtiyac da yoxdu. Çünki ta minilliklərdən üzü bəri bilicilər, ustadlar, alimlər tərəfindən şeirin yüzlərlə tərifi verilib, amma sözün tam mənasında şeirin, poeziyanın nə olduğuna aydınlıq gətirmək mümkün olmayıb. Bundan sonra da yüzlərcə tərif veriləcək, düstur qurulacaq, amma poeziya yenə də bir sirri-müəmma olaraq qalacaq. Və hər gələn şair də bu sirri-müəmmaya bir damla əlavə etməklə bu sonsuz, ucsuc-bucaqsız dəryada pay sahibi olmağa çalışacaq. Haqqında yazacağım insan da eynilə... “Ön söz”ünü yazdığım kitab müəllifin sayca 11-ci kitabıdır. Həm yaşadığı ömür düzənində, həm də şeir-sənət aləmində çox yollar yorub, çox Səmənd atlar səyirdib. Bəzən insanlar tale yolu ilə ömür yolunu eyniləşdirirlər. Əslində isə belə deyil. Tale yolunu dəyişmək insanın gücü xaricindədir, ömür yolu isə insanın ağlı, düşüncəsi, zəkası, elmi, dərketmə qabiliyyəti, intuisiyası və s. sayəsində dəyişə və təkmilləşə bilir:
Könül sirdaşımdır bu cığır, bu iz,
Üz tutub, qəlb açıb hey dərdləşirəm.
Gecəli, gündüzlü içimdə səssiz,
Beləcə yollarla söhbətləşirəm.
“Yollarda tapmışam”
İslam dininə və müsəlman inancına görə, dünyanın əvvəlindən sonuna kimi baş vermiş və baş verəcək hər şey, bütün hadisələr, əməllər, sözlər, savab və günahlar, hətta səmavi kitablar lövhi-məhfuzda qeyd edilir. Bunu bir növ qəzavü-qədərin yazıldığı mənbə kimi də qəbul etmək olar. Heç bir hadisə lövhi-məhfuzdan kənarda qala bilməz. Burada yazılanlar qiyamət gününə kimi dəyişmədən qorunacaq – “qorunan lövhə” adının mənası da elə buradandır. Amma bir məsələ də var ki, Allah-taala insanı faili-muxtar yaradıb və insan da “faili-muxtar”lığı sayəsində nəyin yaxşı, nəyin pis olduğunu seçib-ayıra bilir. Hansı yolla getsə uçuruma düşəcəyini və yaxud zirvələrə qalxa biləcəyini dərketmə qabiliyyətinə malikdir. Hansı çığırı, hansı izi, hansı yolu seçməsi isə artıq insanın özünə bağlıdır:
Bu da bir taledi, düşüb bəxtimə,
Bu da bir ömürdü, yaşayıram mən.
Bütün bu dərdləri yığıb sinəmə
Söz-söz, misra-misra daşıyıram mən.
Misra var, düşmənin bağrını yaran,
Misra var, dost üçün öyüdlərimdir.
Misra var, əlimdən tutub aparan,
Bu gündən sabaha ümidlərimdir.
“Bu da bir taledi...”
Bu qələm adamının imzası ədəbi mühitdə yetərincə tanınır. Yarım əsrdən çoxdur ki, qələm əlində sözümüzün, dilimizin qəhrini çəkir. Sözü urvatdan salmır, sözə ucalıq bəxş edir, sənət köhləninə mindirir. Haqqında danışdığım insan – tanınmış şair, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, bir-birindən gözəl, anlamlı, mənalı və dəyərli şeirləri ilə oxucuların qəlbini ovsunlamış, yaradıcılığı tale işi, alın yazısı sayan Asif Asimandır.
Əziz dostumuzun, dəyərli qardaşımızın, istedadlı şairimizin 70 yaşı tamam olur. “Ömür vəfa etsə...” adlı bu kitab da şairin özünə və oxucularına yubiley hesabatıdır. Asif Asiman 70 illik ömrünün 50 ilini Sumqayıt şəhəri ilə bağlayıb. Sumqayıtı özünün tale şəhəri sayır. Doğulub boya-başa çatdığı Ordubad qədər də Sumqayıtı sevir. Ulu öndər, Ümummilli lider Heydər Əliyev deyirdi ki, Ordubad Azərbaycanın incisidir. Ordubad həm də yüzilliklər boyu yağılara göz dağı olub. Sinəsi oxlansa da, çalın-çarpaz dağlansa da sınmayıb, əyilməyib:
Vərəqləsək ötüb keçən çağını,
Görəcəyik neçə çarpaz dağını.
Bir zamanlar qoşun-qoşun yağını,
Ağuşuna çəkib uddu bu torpaq,
Ordubaddı, Ordubaddı bu torpaq.
İgidləri inadından dönməyən,
Öz atından, söz atından enməyən.
Asimanın ürəyində sönməyən
Bir məşəldi, yanar oddu bu torpaq,
Ordubaddı, Ordubaddı bu torpaq.
“Ordubaddı bu torpaq”
Və yaxud:
Sevgini qətrə-qətrə böl payla istəyirəm,
Səni günəşlə birgə, bu ayla istəyirəm.
Mən övladın, sən anam, bir layla istəyirəm,
Çiçəklərin ətrinə hey bələnəm, hey batam,
Dəstə, Ordubad, Kotam!
“Dəstə, Ordubad, Kotam”
Asif Asimanın gözündə elə Sumqayıt da Ordubad kimi Azərbaycanın bir incisidir, dünyanın ən gözəl şəhəridir, zəhmətkeşlər, halal, son tikəsini belə ətrafındakılarla bölməyə hazır olan adamlar şəhəridir, sülhün carçısı, haqqın, ülviyyətin beşiyidir. Gələn qonağını üzağlığı, alın aşıqlığı ilə qarşılaya bilən şəhərdir:
Haqqa doğru şaxələnmiş qolu var,
Ağ günlərə körpü salan yolu var.
Hər insanın taleyində rolu var,
Dəyanətdir kamalında bu şəhər.
Sındırammaz cəsarətin hər qərar,
Azadlığı, hürriyyəti o arar.
Hər anında sülhü edər bərqərar,
Ağ göyərçin timsalında bu şəhər.
“Bu şəhər”
Asif Asiman xeyir-duasını bu şəhərdən alıb, bu şəhərdə özünə iş tapıb, çəkdiyi zəhmət, əzmkarlıq, zəhmətkeşlik, qətiyyət, əməksevərlik onun halal süfrə¬sində halal duza, halal çörəyə çevrilib. Evinin qapışından haram tikə girməyib, övladlarının boğazından haram loxma keçməyib. Başının ucalığı, alnının açıqlığı, gözünün toxluğu, sözünün kəsəri, dosta sədaqəti, sevgidə dəyanəti, şəxsiyyətdə ləyaqəti, el-obaya, yurda, Vətənə məhəbbəti ona həmişə hörmət qazandırıb:
Gəl xeyir-duanı ver, bəlkə bir az kama çatım,
Ay ömür pasibanım, göz bəbəyim Sumqayıtım...
Ey şəhərlər şəhəri, sevgi dolu var baxışın,
Sənət, elm aləminə möcüzədir hər naxışın.
Yada yadsan həmişə, dosta açıqdır ağuşun,
Səni vəsf eyləməyə sərf olunub hər saatım,
Ay ömür pasibanım, göz bəbəyim Sumqayıtım!
“Sumqayıtım”
Asif Asiman haqq aşiqidir, nahaqqı heç vaxt yaxına buraxmaz, özü də haqsızla bir cərgədə dayanmaz. Yalan danışmaz, yalan danışanları da sevməz. Sözü bütövdür, yalandan, riyadan uzaqdır, dostcanlıdır, imkanı çatdığı qədər hamının işinə yarayandır, təmənnasızdır, istiqanlıdır, bir sözlə, əsl insana xas bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirib. Bu da o deməkdir ki, şair elə-belə yaşamayıb bu ömrü:
Sınaqlarda keçə-keçə ötüb yaş,
Çox vaxt gəlib haqsızlığa tuş adım.
Bəzən də ki, öz səbrimə basıb daş,
Neçə dərdi çəkə-çəkə yaşadım, -
Elə-belə yaşamadım bu ömrü.
Olmasam da bilirəm ki, anılır,
Məclislərdə xoş söhbətim, xoş adım.
Bostanıma daş atanlar yanılır,
Mən ömrümü halallıqla yaşadım, -
Elə-elə yaşamadım bu ömrü.
“Elə-belə yaşamadım…”
Asif Asiman vətəndaş şairdir, vətənini, torpağını, obasını, oymağını canı, qanı qədər sevir. Dövlətinə, dövlətçiliyinə, xalqına, millətinə bağlı insandır. Azərbaycan adı çəkiləndə sinəsi iftixar hissi ilə döyünür, belə bir məmləkətin vətəndaşı olması ilə qürur duyur. Hara baxsa, gözlərinə böyük, ulu, müqəddəs Azərbaycan görünür, qulaqlarında Azərbaycan adlı əzəmətli simfoniya səslənir:
Harda olsam nəğməsi qulağımda səslənir,
Məhəbbəti, sevgisi ürəyimdə bəslənir.
Könlüm bu gözəlliyin vəsfinə həvəslənir,
Sübh tezdən doğur günəş, qızılı dan görünür,
Azərbaycan görünür!
Bu gün özünəməxsus şöhrəti var, şanı var,
Məmləkətlər içində böyük bir ünvanı var.
Sevinmə, yağı düşmən, qarşıda tufanı var,
Nə vaxtsa qisas günü, qanlı ümman görünür,
Azərbaycan görünür!
“Azərbaycan görünür”
Asif Asiman Vətənin dərdlərinə aşiyan, Vətən dərdlərini ürəyində daşıyan şairdir. Xocalı faciəsi günündə - 26 fevral 1992-ci ildə Xocalının harayına ilk hay verənlərdən, bu ağrını, bu acını bütün dünyaya bəyan edənlərdəndir:
Qəddarlıq, vəhşilik baş aldı getdi,
Neçə doğma yurdlar boşaldı getdi.
Xocavənd, Quşçular, Daşaltı getdi,
Kim saldı araya bu qalmaqalı,
Hanı Malıbəyli, hanı Xocalı?!
Varsa qəlbimizin, varsa təpəri,
Qalxın, a yurdumun igid ərləri.
Atlar kişnəməyir nə vaxtdan bəri,
Bürüyüb lal sükut yamacı, yalı,
Hanı o Meşəli, hanı Xocalı?!
“Hanı Xocalı”
Ulu öndərimizin layiqli davamçısı İlham Əliyev Prezident seçiləndə hamı kimi vətəndaş şair Asif Asimanın da işğal altında olan torpaqlarımızın geri qaytarılacağına inamı artdı. Bu inam bir gün də olsun onu tərk etmədi, bu inamı bir anlığına da olsa özündən kənar tutmadı:
Yüz illərdi yağı düşmən bu yerlərdə tökməkdə qan,
Yer üzündə bu günədək görünməmiş belə talan,
Belə haqsız zülmə qarşı susur dünya, susur cahan,
Gəlişilə car eylədi yer üzünə bu haqq səsi,
Əsrin şanlı tarix yazan sərkərdəsi!
“Əsrin tarix yazan sərkərdəsi”
Vaxt-vədə yetişdi, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuz düşmənə qan uddurdu, igid, ərən oğullarımızın canı, qanı bahasına torpaqlarımız azad olundu. Bu gün Şəhidlər Xiyabanında uyuyan vətən oğulları öz şəhadəti ilə Zəfər himnini yazdılar:
Təvəllüdlər müxtəlif, nələr demirdi yaşlar,
Ən kövrək xatirələr pıçıldayırdı daşlar.
Didirdi ürəkləri xiffət dolu təlaşlar,
Unutmaq olarmı heç o məqamı, o anı,
Sanki qan ağlayırdı Şəhidlər Xiyabanı.
Qurumaq bilməsə də gözümüzdə axan yaş,
Müzəffər, dönməz etdi bizi bu torpaq, bu daş.
Canlı tarixə döndü qırx dörd günlük bu savaş,
Tanıtdı yer üzünə Turan Azərbaycanı,
Müqəddəs and yerimiz Şəhidlər Xiyabanı.
“Şəhidlər Xiyabanı”
44 günlük İkinci Qarabağ savaşı ZƏFƏRlə nəticələnsə də, yağıların burnu ovulsa da, görünür məkrli düşmən özünün bədnam xislətindən əl çəkənə oxşamır. Yenə nələrsə axtarır, bir bəhanə ilə aranı qarışdırmağa çalışır. Bunları açıq-aydın duyan və görən şair insanları, xalqımızı arxayın olmamağa şağırır, həmişə səvaxt olmağa səsləyir, “Qoy susmasın “Cəngi”miz” deyir:
Hamı xoşbəxt yaşamaq, yaratmaq həvəsində,
Ümid, inam, təpər var səsində, nəfəsində.
Çünki müzəffər ordu durub əhatəsində,
Sabahlara yol açır nitqimiz, ahəngimiz,
Qoy susmasın "Cəngi"miz!
Yox olub ürəklərdən, çəkilib qorxu, hədə,
Səsləyir xoş günlərə bizi artıq vaxt, vədə.
Zəfərdən güc alırıq bu gün hər bir sahədə,
Şərəf, şöhrət, şan ilə hörülür çələngimiz,
Qoy susmasın "Cəngi"miz!
“Qoy susmasın...”
Asif Asiman həm də təbiət şairidir. Tez-tez təbiətlə ünsiyyət qurduğundan, dərdləşdiyindəndir ki, müqəddəs yurd yerlərinə həsr etdiyi şeirlər sanki bir rəssam fırçasından çıxmış gözəl tablolardır, əsrarəngiz mənzərələrdir:
Bu ana təbiətin burda min cür rəngi var,
Təzə-tər çiçəklərdən hörülmüş çələngi var .
Hər səsdə, hər nəfəsdə şəlalə ahəngi var,
Neçə min çöhrələrdən boylanır, baxır qürur,
Culfa, Ordubad, Şərur!
Cəsarət bəxş edilib bizə ana bətnində,
Qorxumuz olmayıbdır nə darda, nə çətində.
Hər cavanı, qocası dağlar əzəmətində,
Vətən, yurd sevgisiylə dayanıb necə məğrur,
Culfa, Ordubad, Şərur!
“A yurdun şah damarı...”
Aşağıdakı təbiət lövhəsi isə şairin qələminin qüdrətindən, özünün isə ustadlığından xəbər verir. Şeiri oxuduqca insanın gözləri önündə yeddirəngli göyqurşağı sərgilənir, təbiət dilə gəlib insanla danışır elə bil, onu sehrindən, tilsimindən çıxmağa qoymur:
Bu kənd başdan-başa əfsun möcüzə,
Necə qəşəngləşib, göyçəkləşibdir.
Burda gözəlliklər durub üz-üzə,
Arzular, diləklər gerçəkləşibdir.
Bir yaz gecəsin yağışlarından,
Çəkir şirəsini bu çöl, bu çəmən.
Günəşun lacivərd naxışlarından,
Üzə gülümsəyir nərgiz, yasəmən.
Qərənfil, qızılgül sanki piyalə,
Qəşş edib sevgidən pardaxlanıbdır.
Bağrına xal düşmüş qırmlzı lalə,
Yam-yaşıl çöllərə adaxlanıbdır. “Kənd duyğuları”
Asif Asiman təbiətə o qədər bağlı şairdir ki, hətta vaxtsız quruyan cəviz ağacının da halına göynəyir, hönkür-hönkür ağlamaq keçir könlündən, ulu keçmişinin yadigarı sandığı bu ağacı şəhidlik məqamında görür:
Ulu keçmişimin yadıgarıydın,
Ömrümün-günümün əziz ağacı.
Nə yaxşı o vaxtlar hələ varıydın,
Ay cəviz ağacı, cəviz ağacı.
İnana bilmədim qurumağına,
Sızladım, göynədim mən acı-acı.
Sənin şəhid olan qol-budağına,
Mən baxa bilmirdim cəviz ağacı.
“Cəviz ağacı”
Asif Asimanın ana yurdu, ata ocağı hazırda Başkənd adlandırılan Disər kəndidir. Tozlu-torpaqlı yolları ilə oyana-buyana qaçdığı, uşaqlıq yaddaşına silinməz izlərlə həkk olunan bu kəndə yetərincə şeir həsr edib şair. Onlardan ikisinə nəzər salmaqda fayda var:
Sanki bir nəğmədir eşidilir gur,
Axan dağ çayının həzin səsində.
Bu kənd başdan-başa əzəmət, qürur,
Sıldırım dağların əhatəsində. “Kəndimiz”
Mənbəyidir bərəkətin, ruzunun,
Xoş tamı var çörəyinin, duzunun.
Əsirgəməz - oğulunun, qızının
Qayğısına qalasıdır bu Başkənd! “Başkənd”
Ancaq Asif Asimanın kənd sevgisi Disərlə məhdudlaşmır. Odlar diyarının bütün kəndləri şair üçün doğma və əzizdir. Bunu Neftçala rayonunun Aşağı Surra kəndinə həsr etdiy şeirinin timsalında da aydınca görmək olar:
Tərifi söz ilə gəlməz ki, başa,
Bu yer sığal çəkib torpağa, daşa.
Məğrur dayanıbdır Kür ilə qoşa.
Dəyanət, vüqardı qeyrətə, ara,
Bir kənd tanıyıram - Aşağı Surra!
“Bir kənd tanıyıram”
Asif Asiman eyni zamanda sevgi şairidir. Gənclik yaşlarından etibarən yazdığı şevgi şeirləri çoxlarının dillər əzbəri olub, xatirə dəftərlərini bəzəyib, oğlanlar sevdiyi qızlara ünvanlayıb, bu şeirlərə onlarca mahnı bəstələnib. Nəticə etibarilə, şairi gənclərin sevimlisinə çevirib:
Görüşləri görüşlərə calardın,
Ürəyimdə həsrət odu qalardın.
Mən küsəndə sən könlümü alardın,
Eh, bənzərdin o vaxt zərif gülə sən,
Nə biləydim, nə biləydim beləsən?!
Yanar qoydun ürəyimdə odumu,
Yoxsa səni bu məhəbbət yordumu?!
Əhdin, andın sədaqətin budumu?
Neçin uydun hər avaza, dilə sən?
Nə biləydim, nə biləydim beləsən?!
“Nə biləydim beləsən”
Sevgi ilahi nemətdir. Sevgisiz insan suzuzluqdan cadar-cadar olmuş torpaq kimidi, heç bir bar-bəhər gətirməz. Şairə görə sevginin xatirəsi belə gözəldi, əsl eşq heç vaxt unudulmaz, illər ötsə də, üstündən sellər, qasırğalar, tufanlar keçsə də yaddan çıxmaz, əksinə bir az da şirinləşər, ballaşar, sevən aşiqi məngənəsindən, orbitindən çıxmağa qoymaz, pərvanə kimi hey şamın başına dolandırar:
Baxıb gizlin-gizlin hey ah çəkirəm,
Səni düşünürəm, səni dərindən.
Hər ötüb keçəndə tutulur nitqim,
Köhnə evinizin həndəvərindən.
Düşürəm sehrinə, görən nə hissdi,
Qarşısında durub, dayandığım ev.
Beləcə hər səhər, hər axşamüstü,
Başına yüz dəfə dolandığım ev.
Mənə səndən deyir, səndən danışır,
Gözlərim önünə gəlir eh, nələr.
Həsrətdən, xiffətdən bağrım alışır,
Hər yada düşdükcə o xatirələr.
“Yetim bir məhəbbət”
Həsrətin dadını, tamını yaxşı bilən şair heç kimə ayrılıq, hicran arzulamır. Çünki bilir ki, ayrılıqda, hicranda, həsrətdə aramsız-qərəmsiz yollara boylanmaq var, göz yaşı var, kədər var, qəlbdə məhəbbət telinin qırılması var, yuxusuz gecələr, narahat gündüzlər var:
Əsdi başım üstə həsrətin yeli,
Kəsdi yollarımı qəm-qübar seli.
Qırıldı qəlbimdə məhəbbət teli,
Yerinə sən ahu-zar gətirmisən.
Asifəm, çay kimi çağlayan da mən,
Gənc ikən bəxtini bağlayan da mən.
Gözlərim gülsə də ağlayan da mən,
Mənə göz yaşından bar gətirmisən.
“Gətirmisən”
Şairin “Hardasan” şeiri də bu qəbildəndir. Bu şeirdə də həsrət nisgil, ayrılıq özünü qabarıq şəkildə biruzə versə də, şairin sevdiyi gözəlin xətrinə dəyməyə ürəyi gəlmir, onu ən ali, ən lətafətli, ən təravətli sözlərlə oxşayır, qayıdıb gəlməsini təmənni edir:
Şirin, şaqraq gülüşlərin qulağımdan getməyir,
Xiffət çəkmək üzür məni, qəlbimi tərk etməyir.
Ha çağırıb, səsləyirəm ünüm sənə yetməyir,
Ey gözəllik təcəssümü sərvinazım, hardasan?!
Taleyindən silə bilməz, Asiman bir an səni,
Hər gecə-gündüz düşünüb, anıram inan səni.
Tanrı özü bəxş eləmiş dərdimə dərman səni,
Hardasan, arzum-diləyim, xoş murazım, hardasan?!
“Hardasan”
Asif Asimana görə sevgi qarşılıq istər, qarşılıqsız sevgi heç vaxt vüsal bitirməyib, eşq atəşini söndürməyib. Çünki sevgi həm də ürək işidir, ürəkdə eşq yoxsa, o ürəkdə heç nə yoxdur demək ki...
Eh, illər elə bil qanadlı quşdu,
Yolumuz hələ də eniş, yoxuşdu.
Yadlar bir-birinə gəlib qovuşdu,
Mən səni özümə öyrədəmmədim.
Qırdın olub-qalan inamımı sən,
Boğdun şübhələrdə imanımı sən,
Tarimar eylədin gümanımı sən,
Mən səni özümə öyrədəmmədim.
“Mən səni özümə öyrədəmmədim”
Poeziyada əsrlər boyu bütün qələm adamlarının müraciət etdiyi əzəli və əbədi bir mövzu var: dünya mövzsu. Hələ bir şair, bir ruh adamı, bir könül dərvişi görmədim ki, bu dünyadan razı qalsın, onun əlindən yanıqlı olmasın, əməllərindən dad etməsin. Asif Asiman da bu mövzuda silsilə şeirlər yazıb və gidi dünyanın işləklərini uca səslə bəyan edib:
Neçə min gözəli məst eləyibdir,
Neçə min cavana qəsd eləyibdir.
Çox zilə qalxanı pəst eləyibdir,
Qızılı dünyanın, ləli dünyanın.
Asif, əvvəl-axır bəndə düşərsən,
Dəli köhlənini min də, düşərsən,
Bir gün kəməndinə sən də düşərsən,
Bu sərsəm, havalı, dəli dünyanın.
“Dünyanın”
Bununla belə, şair hansı məqamdasa dünyaya münasibətdə biraz ürəyiyumuşaqlıq edir, bəzi məqamlarda isə dünyaya haqq qazandırır. Bütün günahı dünyada yox, dünyanı bu günə salan namərd, nankor, biganə, etinasız, cılız insanlarda görür. Ustad Məmməd Araza həsr etdiyi şeirdə bu bütün çılpaqlığı ilə görünür:
Dünya dərdlərini ha ara, ha yaz,
Nə qədər yazsan da yenə yarıdı.
Küsmə bu dünyadan, a Məmməd Araz,
Küsməli dünyanın adamlarıdı.
Daha dost-tanış da dönüb, dəyişib,
Dədə, həddimizi yaman aşmışıq.
Görən nədən belə biganələşib,
Görən nədən belə cılızlaşmışıq?
“Küsməyək dünyadan”
Mən dəyərli dostumuz, istedadlı şair, ədəbi mühitdə öz yolu, öz çığırı ilə tanınan Asif Asimanın bundan öncə - müxtəlif illərdə işıq üzü görmüş on kitabından bir neçəsinin redaktoru olmuşam, onlardan birinə isə ön söz yazmışam. Mən Asif Asimanın növbəti - onbirinci kitabına ön söz yazmaq təklifini alanda, bundan əvvəl yazmış olduğum ön sözə baxmadım, istədim ki, təkrarçılıq olmasın, nəsə fərqli bir şey olsun.
Əslində Asif Asimanın şeirləri haqqında rəy yazmaq, fikir yürütmək o qədər də çətin deyil. Asif Asiman sözün əsl mənasında şairdi, şeirlərinin özü dil açıb mənim haqqımda yaz deyir. Çünki Asif Asimanın şeirləri axıcıdı, rəvandı, diləyatımdı, oxunaqlıdı, düşündürücü və yaddaqalandı. Şeirin qayda-qanunlarını və tələblərini gözəl bildiyindəndir ki, heç bir şeirində kəm-kəsirə, heca, bölgü, üslub xətasına rast gələ bilməzsən.
Dilimizin gözəlliyinə və incəliyinə dərindən bələd olduğuna görədir ki, şeirləri oxucular tərəfindən sevilir, kitabları gənclərin axtardığı, çapını səbirsizliklə gözlədiyi məhsula çevrilir, ədəbi hadisəyə dönür. Bu, təbii ki, qələm dostlarını da hədsiz sevindirir.
Yuxarıda qeyd etdiyim kimi, qarşıdan dəyərli dostumuz, istedadlı şair, ömrünün 35 ilini pedaqoji fəaliyyətə həsr edən, müəllim kimi gül balaların maariflənməsi yolunda ömrünü şam kimi əridən, Vətən üçün layiqli vətəndaşlar yetirən Asif Asimanın 70 illik yubileyidir. “Ömür vəfa etsə...” kitabı da şairin 70 illik yubileyinə bir növ hesabatıdır. Biz də qələm dostumuz, urvatlı söz adamı, istedadlı şair Asif Asimanı həm 70 illik yubileyi, həm də növbəti kitabının işıq üzü görməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona sağlam can, bundan sonra da gənclik eşqi ilə yazıb-yaratmağı arzu edirik.
Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti, şair-publisist
Qeyd: Tanınmış şair Asif Asimanın bu vaxta kimi "Ürəkdə od varsa", "Bu da bir taledi", "Ömrümə-günümə açılan yollar", "Bitməyəcək ölənəcən bu sevdam", "Unutsaq unudularıq", "Mənim dəniz sevgim", "Bu dünyaya qərib gəldim", "Biz niyə vaxtında görüşməmişik", "Ayrılıqdan o yana", "Yollar könül sirdaşımdı" kitabları işıq üzü görüb. "Ömür vəfa etsə..." şairin oxucularla kitab halında 11-ci görüşüdür.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.