Məmməd Əvəzoğlu:
Öləndən yüz il sonra
Danışmağa qorxuram necə yuxu görmüşəm,
Bəlkə də həqiqətdi, heç inana bilmirəm.
Öləndən yüz il sonra öz evimə dönmüşəm,
Gəlişimin məqsədin hələ qana bilmirəm.
Gördüyüm küçələrin hasarları sökülüb,
Yerində yaraşıqlı güllər, ağaclar bitir.
Gölməçəli küçəyə gözəl bir yol çəkilib,
Ağaclar da yollara salıb yamyaşıl çətir.
Qapımızın yerini nəhayət ki, tanıdım,
Darvazamız yox idi, yol gedir evimizə.
Ehtiyatla yeriyir, asta addım atırdım,
Bir nəfər tanış adam hələ dəymirdi gözə.
Elə bil oğru idim, qorxa-qorxa girirdim
Yetmiş il yaşadığım yaraşıqlı həyətə.
Öz əlimlə tikdiyim doğma evimi gördüm,
Binanın gözəlliyi saldı məni heyrətə.
Həyətin ortasında boylandım sola,sağa,
Ətrafın yaraşığı qamaşdırdı gözümü,
Neçə il çay daşları düzmüşdüm bu torpağa,
Deyəsən nahaq yerə öldürmüşəm özümü.
Az qaldı ki, heyrətdən yerə qoyam dizimi,
Nə üçün gəlmiş idim bu qədim doğma yurda?
Həyətin heç yerində görmədim əl izimi,
Tikdiyim qalaçadan əsər yox idi burda.
Bu evi tikən zaman yüz yol ölçüb-biçmişdim,
Amma bu gözəlliyi qura bilməyəcəkdim.
Bilirdim bu həyətdən birdəfəlik köçmüşdüm,
Bilirdim ki, bu yerə bir də dönməyəcəkdim.
Düşüncələr içində orda itib-barmışdım,
Elə bil ki yuxudan oyatdı bir səs məni.
Ölmüş olsam da belə, ayaq üstdə yatmışdım,
Qaytardı öz canıma bir isti nəfəs məni.
Qabağımda dayanıb mənə nəsə deyirdi,
Yeniyetmə yaşınında gözəl oğlan uşağı.
Qəribə geyimimə baxıb seyr eləyirdi,
Dilənçiyə bənzədib bəlkə qoca qonağı?
Yox, dilənçi bilsəydi, əlində pul olardı,
Düşündüm, baxa-baxa o balaca oğlana.
Dilənçilik, səfalət biz olan vaxtı vardı,
Belə şeylər yad olar indi Azərbaycana.
Elə bil uşaqlığım durmuşdu qabağımda,
Bəlkə kötücəm idi, bəlkə nəyim, bilmirəm.
Sualları gəlirdi, itirdi qulağımda,
Mən yüz ildir ölmüşəm, nə söyləyim, bimirəm.
Nə işim vardı burda ,düşündüm öz-özümə,
Bizdən sonra gələnlər bizi yada salmayıb.
Uşaq da bir yad kimi baxırdı üz-gözümə,
Yəqin ki bircə dənə şəkilim də qalmayıb.
Peşimanlıq içində geriyə dönməliydim,
İzim-tozum qalmayıb...bu necə də ağırdı.
Yüz il keçib üstündən, mən bunu bilməliydim,
Uşaqlığım, o uşaq hələ mənə baxırdı.
Ağlıma gəldi birdən, yol alım qəbristana,
Yeri yadımda idi, birbaşa ora gedim.
Çeviriblər oranı bəlkə bağa, bostana,
Qalsa, gedim qəbrimi orda ziyarət edim.
Sevindim, nə yaxşı ki, hələ dağıtmayıblar,
Köhnə yerində idi köhnə qəbir daşları.
Qəribə gəldi mənə, nə əcəb atmayıblar,
Hətta tanıya bildim özümü, yoldaşları.
Qızılı yazıları qaraltmışdı yağış, qar,
Yamanca qocalmışdı kitab şəkilli daşım.
Gördüm daşın üstündə hətta şəkilim də var,
Amma bilə bilmədim nə qədər olub yaşım.
O beş günlük ömrümü sərf etmədim özümə,
Yüz il sonra bilirəm nə mənasız savaşdır...
Ölüm-itim bir kərə görünmədi gözümə,
Deməli, məndən qalan bircə bu köhnə daşdır.
Bu dəmdə telefonun zəngi məni oyatdı,
Yuxudan oyanmışdım, xəyaldan oyanmadım.
Deyəcəksiz ki, yazdı, ürəyini boşaltdı,
Vallah, nə yazdığımı heç özüm də qanmadım.
Məmməd Əvəzoğlu.24.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.