Hümbət Quliyev:
Mübadilə məntəqəsi
(hekayə)
Maraqlıdır, bu küçədən çox keçdiyimə baxmayaraq, onun tininin həyətə dönən hissəsində yerləşən birmərtəbəli kiçik binanı heç vaxt görməmişdim. Öz diqqətsizliyimə təəccübləndim, bu ki mənim hər gün getdiyim yolun üstündədir. Maraq mənə güc gəldi, binanın girişinə tərəf getdim. Girişdə heç bir yazı yox idi. Açıq qapıdan içəri boylandım, dükan rəflərini görüb cəsarətləndim, çox da böyük olmayan otağa daxil oldum. İçəridə heç kim yox idi. Otağın küncündə yarıaçıq qapını görüb ucadan dedim; salam əleyküm. Cavab gəlməsə də qapının arxasından tərpəniş səsləri eşitdim. Səs artdı və qapıda nurani bir qoca kişi peyda oldu. Belə insanları mən yalnız filmlərdə görmüşdüm: dümağ saçlı, saqqallı, boz geyimdə bir qoca. Salamımı təkrar verdim. Ağsaqqal yuxudan indicə oyanmış insana bənzəyirdi. Kişi mənə çox diqqətlə baxıb, salamımı aldı. Danışığıma şən əhval verməyə çalışaraq soruşdum; əmican, bu dükan çoxdandır buradadır?
Əmi bir daha diqqətlə üzümə baxib dedi, bala, bura dünyada yeganə mübadilə məntəqəsidir və Nuh əyyamından da elə burada yerləşir. Ağsaqqalın yumor hissi ilə cavab verməyi məni ruhlandırdı.
-Əmican, niyə soruşuram, mən illərdir bu yolu gedirəm, amma burada belə bir məntəqə olduğunu görməmişəm.
- Təəccüblü deyil, bura hər insana görünmür.
Ağsaqqalın son fikri heç yumor olaraq da mənə çatmadı. Şaşqınlığımı görən qoca fikrinə davam etdi: oğlum, bu məntəqə hər insanın gözünə görünmür, son iki yüz ildə sən ilk müştərisən.
Mən qeyri-ixtiyari dönüb gəldiyim giriş qapısına baxdım, çöldən gələn və vərdiş etdiyim maşın səsləri məni bir az sakitləşdirdi.
Üzümü irili, xırdalı şüşə bankalar düzülmüş rəflərə tutub dedim; əmi bunlar nədir, siz nə satırsınız?
- Oğlum, biz burada heç nə satmırıq, biz burada yalnız dəyişirik, mübadilə edirik.
Bu bankalardakılar insan orqanlarıdır, öz xoşuna gəlməyən orqanlarını burada olanlarla əvəz edə bilərsən. O, qabaq rəfin altından üstünü qalın toz basmış iri bir kataloq çıxartdı! Elə rəfin altından çıxardığı əski ilə də kataloqun tozunu silib qabağıma qoydu. Ac, bax, seçim çoxdur. Bütün orqanların çeşidləri var burada. Başdan tutmuş, ayağa kimi. Ayrıca gözlər, qulaqlar, burunlar, ürəklər, böyrəklər və sair və ilaxır.
- Əmican, dəqiqləşdirmək istəyirəm. Tutaq ki, mən nəsə seçdim, bunları mənim orqanlarımla necə dəyişəcəksiniz? İçəridə əməliyyat otağınız var?
- Bala, bu işin ən asan tərəfidir. O, boz xalatının enli cibindən bir qara, çox da böyük olmayan çubuq çıxartdı. Bu çubuğum yerdəyişməni anında edir.
Sən seç, qalan işlər asandır.
Mən gördüklərimə hələ də inanmayaraq kataloqu vərəqləməyə başladım. Nələr yox idi burada? Başlar, qollar, ayaqlar, bir sözlə, hər şey!
Düşünməyə başladım, bədənimin hansı hissələri mənim xoşuma gəlmir? Cavan ürək götürüm. Yox, ürəyimdə olan insanlar da yox olar axı. Əvvəlki insanın ürəyindəkiləri də mən tanımaram. Başım da qalsın yerində, bütün həyat təcrübəm, xatirələrim... Yox, başa qəti toxunmaq olmaz. Əllər, ayaqlar?
Onlara nə olub ki, neçə illərdir mənə xidmət edirlər. Nəyimi dəyişim?
Bəlkə tam başqa insan olum? Təzədən cavan oğlan olum!
Hər şeyimi də özüm istədiyim kimi seçim. Özümdən supermen yığa bilərəm. Onda mən yaxınlarıma, dostlarıma necə izah edim ki, bu fövqəl insan qiyafəsi dəyişmiş özüməm. Yaxınlarımı itirərəm belə. Yox, yaxınlarım mənə fövqəl insandan dəyərlidir.
Belə baxanda hansı yerimdən narazıyam ki? Əzalarım da bir- birinə vərdiş edib,doğmalaşıblar. Hansını aralasam, qalanları xiffət edər.
Belədirsə, mən hansı orqanıma xəyanət edim?
Bəlkə evdə yaxşı- yaxşı düşünüm, sonra gəlim? Hə, düzü budur. Belə işdə heç tələsmək olmaz.
Üzümü qaldırıb ağsaqqala baxdım, o da mənə baxdı.
- Əmican, mən gedim fikirləşim, sonra gələrəm.
- O, bir daha mənə diqqətlə baxıb, dedi; seçim sənindir.
Nurani kişi ilə sağollaşıb çıxdım. Tini burulmamışdan dükanın yerini yaxşı yadda saxlamaq üçün geri baxdım, bayaqkı bina yox olmuşdu. Binanın olduğu yerdə balaca uşaqlar asfaltda təbaşirlə nəsə çəkirdilər...
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.