Kamran Nəzirli:
“Xaç atası” trilogiyasından parça - Mario Pyuzo
Orijinaldan tərcümə: Kamran NƏZİRLİ
…Bostonda çoxsaylı qətl hadisələri olurdu, çox sayda xırda savaşlar baş verirdi. Şəhərdə həddən artıq pinti cinayətkarlar vardı, onlar üçün yazılmış və yazılmamış qanunlar mövcud deyildi, qaydaları tez-tez pozurdular. Çikaqodakı mafiya dəstələri yonulmamış vəhşi heyvan kimi olsalar da, Bostondakılar lap donuz kimiydilər - küt və yaramaz məxluqlar! Boston donunun adı Domenik Panzaydı; o alçaqboy dördkünc bir adam idi və donlardan birinin təbirincə desək, oğrunu xatırladırdı.
Klivlend Sindikatı Birləşmiş Ştatların ən nəhəng qumar oyunları şəbəkəsiydi. Onu yığıncaqda arıqsifət və saçları qar kimi ağappağ təcrübəli bir qoca təmsil edirdi. Qoca “yəhudi” kimi tanınmışdı, əlbəttə, üz-gözünə görə yox, sadəcə əhatəsində olan adamları Siciliyalı deyildilər, yəhudilər idi. Deyilənə görə, o, yəhudi millətindən olan bir adamı hətta öz müşaviri təyin etmək niyyətindədi. Karleoni Ailəsinə Heygenə görə “irland bandası” deyirdilər, Don Vinsent Forlenza Ailəsini isə “Yəhudi Ailəsi” kimi qələmə verirdilər. Lakin Don Vinsent əla idarəçiydi, təşkilatçılığı bacarırdı, həssas təbiəti olsa da, heç vaxt qan görəndə özünü itirməzdi. Dəmir intizamlı bu qoca öz adamlarını da iynə üstündə saxlayırdı və geniş siyasi əlaqələrə malik idi.
Ən axırda Nyu Yorkun beş Ailə klanı gəldi. Onların şəhər adamlarına xas olmayan maneraları, şax duruşları, təcavüzkar və susqun baxışları Tom Heygendə xeyli təəssürat oyatdı. Bu beş Ailə başçısı Nyu Yorkun donları hesab olunurdu, lakin bütün davranış və hərəkətlərində Siciliyanın adət və ənənələrinin əlamətləri açıq-aşkar görünürdü. Onlar, necə deyərlər, “qarnıyoğun adamlar” (men with a belly) idilər, italyanların dilində bu “cürətli və hökmlü adamlar” mənasını verirdi. Nyu Yorkun bu beş donu şişman idi, başları şirin başına bənzəyirdi, üz cizgilərini uzaqdan belə görmək olurdu, iri ətli burunları, qalın dodaqları və enli ağızları, şişkin, qırışıq yanaqları vardı. Əlbəttə, o qədər də şıq geyinməmişdilər və bəlkə də heç vaxt bərbərxanaya da getməmişdilər. Onlar modabazlığın nə demək olduğunu bilməyən işgüzar adamlar idilər.
Beş Ailə klanı başçılarından biri Antoni Straççi idi. O Nyu Cersi bölgəsini və Manhettenin Qərb hissəsindəki limanları nəzarətə götürmüşdü; Nyu Jersidəki bütün qumarxanalar onun himayəsində idi və o özü isə Demokratlar partiyasının idarəedici orqanlarıyla əlaqəliydi.
Onun əlində çoxsaylı yük maşınları cəmləşmişdi, burdan külli miqdarda gəlir götürürdü. Yük maşınları yol-patrul nəzarətçilərindən çəkinmədən çox ağır yüklər daşıya bilirdi. Maşınlar yolları dağıdıb xaraba qoyurdu, elə Antoni Straççinin öz tikinti şirkəti də hökumətlə gəlirli müqavilə bağlayır, həmin dağıdılmış yolları təmir edirdi. Bu da bir əməlliyyat idi – işin içindən iş çıxartmaq əməliyyatı, bu da hər iki tərəfi qane edirdi. Straççi köhnə kişilərdən idi, heç vaxt fahişəxalarla məşğul olmazdı. Lakin limanlarla əlaqəli olduğu üçün narkotik maddələrin qeyri-leqal yolla daşınmasından yayına bilmirdi. Don Karleoniya qarşı çıxan beş Ailə klanı arasında ən zəifi və ən ipə-sapa yatanı da məhz Straççi idi.
Nyu Yorkun yuxarı hissəsnindəki rayonlar Otillio Kuneo Ailəsinin nəzarətində idi. Onlar İtaliya fəhlə mühacirlərini Kanada vasitəsilə ABŞ-a gətirirdilər və bu bölgədə qumarxanaları idarə edirdilər. Otillionun güləş və girdə sifəti vardı, kənddə yaşayan çörəkbişirəni xatırladırdı. O, rəsmi olaraq ən iri süd zavodlarından birinin sahibiydi. Kuneo uşaqları sevən adam idi, daim cibi konfetlə dolu olardı, çoxsaylı nəvələrini, yaxud ortaq olduğu adamların balaca uşaqlarını görəndə onları sevindirərdi. Başına girdə fetr şlyapası qoyurdu, şlyapanın qıraqları gözlərinin üstünə əyilirdi, deyirdin bəs, gündən qoruyan qadın şlyapasıdır; belə forma onun ayşəkilli sifətini daha böyük göstərirdi. Otillio çox azsaylı donlardan idi ki, onu heç vaxt həbs etməmişdilər, əsl biznes fəaliyyəti və əslində hansı işlərlə məşğul olması heç kimdə azca da olsa şübhə yaratmamışdı. Hətta iş o yerə gəlib çıxmışdı ki, Otillio şəhər munisipalitetinin rəhbərlərindən biri sayılırdı, onu Nyu Yorkun Ticarət Palatası tərəfindən “İlin Biznesmeni” də seçmişdilər.
Tatalya Ailəsinə daha yaxın müttəfiq Don Emilio Barzini idi. O Bruklində və Kvinzdə bəzi qumarxanalara nəzarət edirdi, həm də fahişəxanları idarə edir, şantajla məşğul olurdu. Əliuzun adam idi, Steyt Ayləndin demək olar ki, bütün sahələri onun nəzarətində idi. Bronksda və Vestçesterdə idman lotoreyalarıyla məşğul olurdu. Universal adam olan Barzini narkotika alverini də dəstəkləyirdi. O Klivlendlə və Qərb sahilləri rayonlarıyla sıx əlaqəliydi; Nevadanın açıq şəhərləri hesab olunan Las Veqasla və Renoyla maraqlanmaq üçün kifayət qədər ağlı işləyirdi. Kubada və Mayami Biçdə onun öz maraqları vardı. Nyu Yorkda Don Karleonidən sonra, əslində isə bütün Birləşmiş Ştatlarda ikinci adam idi ki, güclü imperiya qurmuşdu, onun nüfuz dairəsinə hətta Siciliya da daxil idi. Hər bir qanunsuz işdə barmağı vardı. Söhbət gəzirdi ki, Barzini Voll Stritə bağlı adamdı. Savaş başlayandan o, Tatalya Ailəsini pulla təmin edirdi, öz əlaqələrini işə salmışdı. Onun müqəddəs arzusu daha nüfuzlu və güclü mafiya rəhbəri kimi Don Karleoninin yerini tutmaq, Karleoninin biznes imperiyasının bir qismini ələ keçirmək idi. Əslində o, elə bir adam idi ki, xarakteri ilə bir çox hallarda Don Karleonini xatırladırdı, lakin daha müasir, daha hiyləgər və daha işgüzar görünürdü. Ona təkəbbürlü qoca da demək olmazdı, gənclər, biznesə təzə başlayan rəhbərlər ona etibar edirdilər. Soyuq olsa da, güclü şəxsi keyfiyyətlərə malik idi. Don Karleoni kimi səmimiyyəti yox idi, lakin yığıncağa gələn adamlar arasında “hörmət edilən” şəxs idi.
Lap sonda Don Filip Tatalya gəldi. O, Tatalya Ailə klanının başında dururdu, Solozzonu müdafiə etməklə Don Karleoniyə qarşı çıxmışdı. Savaş meydanlarında bir çox üstünlüklər qazanmışdı. Lakin təəccüblü olsa da onu sevmirdilər. Əvvəla ona görə ki, Solozzoya imkan vermişdi ki, ona hakimlik eləsin. Əslində Türk Solozzo onu öz dalınca aparırdı. Belə hesab edirdilər ki, Tatalya Nyu York Ailə klanlarının dinc biznes həyatının pozulmasına görə məsuliyyət daşıyır. Altmış yaşlı bu abırsız adam qadın kimi qəşəng geyinməyi sevən, qadınları yoldan çıxaran bir adam idi; zəif cəhətlərini ört-basdır etmək və bundan həzz almaq naminə hər cür azğınlıq edirdi. Tatalya Ailə klanının əsas məşğuliyyəti də fahişə biznesiydi. Tatalya demək olar ki, ölkənin əksər gecə klublarına nəzarət edirdi, hər hansı bir istedadlı adamı hara desən yerləşdirmək imkanına malik idi. Filip Tatalya şantajla da məşğul olurdu; hər hansı ümidverici müğənni və ya aktyorla müqavilə bağlayarkən onun gizli sirlərini ifşa etməklə hədələməkdən çəkinməzdi. Səsyazma studiyalarında dəmir intizam yaratmışdı. Lakin onun əsas gəlir mənbəyi fahişəxanalar idi.
Toplantı iştirakçıları onu bir şəxsiyyət kimi də sevmirdilər. Tatalya elə hey sızıldayırdı, daim gəlirlərinin az olmasından şikayətlənirdi: guya camaşırxana xərcləri, yataq dəstlərinin yuyulması onun gəlirlərini azaldır (bunları sızıldaya-sızıldaya deyəndə unudurdu ki, bütün camaşırxanlar da onun nəzarəti altındadı, ona tabedir). Gah da deyirdi ki, qızlar tənbəldi, işləmək istəmirlər, nə bilim, məndən qaçırlar, sonra da intihar edirlər. Ya da sutenyorlar ona heç hörmət etmirlər, yaxşı köməkçi tapmaq çox çətindi, Siciliyadan olan gənclər bu işdən uzaqlaşırlar, hesab edirlər ki, qadın alveri onların ləyaqətlərini alçaldır; bu yaramazlar mahnıların qol-qıçını sındırır, pasxa palmasıyala xaç düzəldib pencəklərinin büküklərində gəzdirirlər. Buna görə də Filip Tatalya nifrət qazanmadan ictimaiyyət qarşısında boşboğazlıq edə bilərdi. O, daha çox hakimiyyət orqanlarından giley-güzar edirdi, deyirdi ki, onlar spirtli içkilərə gah icazə verir, gah da vermirlər, onun gecə klublarını gah bağlayır, gah da açırlar... O and içirdi ki, guya o, Voll Stritdəki əlində möhür olan rəsmi dairələrə o qədər pul verib ki, onlar artıq milyoner olublar. Maraqlıdır ki, Don Karleoniyə qarşı az qala qalib gələcəyi savaş ona layiqli hörmət gətirmədi. Hamı bilirdi ki, o Solozzodan güc alır, daha sonra isə Barzini Ailəsi ona dayaq oldu. Lakin bu üstünlüklər ona qalibiyyət gətirmədi. Əgər Tatalyanın hərəkətləri bir qədər təsirli olsaydı, bütün bu bədbəxtliklərdən qaçmaq olardı. Don Karleoninin ölümü müharibənin sonu demək olardı.
Bu savaşda hər ikisi - Don Karleoni və Tatalya öz oğullarını itirdi. Buna görə də təbiidir ki, onlar başlarını yüngülcə tərpətməklə salamlaşdılar. Don Karleoni diqqət mərkəzində idi, toplantıya qatılan adamlar çalışırdılar ki, onda savaşdan və sui-qəsdən qalan zəiflik əlamətlərini aşkarlasınlar. Hamını bir sual düşündürürdü: niyə Don Karleoni oğlunun ölümündən sonra sülh axtarır? Bu onun açıq-aşkar məğlubiyyətinin etirafıydı, şübhəsiz, onun imperiyasının gücünün zəifləyəcəyini qaçılmaz edirdi. Hər halda, bunu bir azdan biləcəkdilər.
Hamı bir-birini salamlayırdı, gələnlərə şərab da təklif olunurdu. Təxminən yarım saatdan sonra Don Karleoni qoz ağacından düzəldilmiş iri masanın arxasına keçib oturdu. Heygen çalışırdı ki, nəzərə çarpmasın, Donun arxasında sol tərəfdə oturdu. Bu bir işarə idi ki, o biri donlar da öz yerlərini tutsunlar. Onların müşavirləri də uyğun olaraq donların arxasında, bir qədər yaxın əyləşdilər ki, lazımi məqamda məsləhət verə bilsinlər.
Əvvəlcə Don Karleoni çıxış elədi. O elə danışırdı ki, sanki heç nə baş verməmişdi, sanki onu yaralamamışdılar, Santinonu öldürməmişdilər, onun imperiyasını dağıtmamışdılar, ailə üzvləri pərən-pərən düşməmişdi – sanki Fredo Molinarinin yanına, Qərbə getməmişdi, Maykl Siciliyada sığınacaq tapmamışdı! O Siciliya dialektində danışırdı, sadə və anlaşıqlı dillə danışırdı:
- Mən toplantıya gəldiyinizə görə sizə təşəkkür etmək istəyirəm, - Don dedi. – Bunu şəxsən mənə göstərdiyiniz xidmət hesab edirəm, özümü sizin hər birinizə borclu sayıram. İlk növbədə onu demək istəyirəm ki, mən bura mübahisə etmək və ya nəyisə inandırmaq üçün gəlməmişəm. İstəyirəm sizinlə məsləhətləşəm, dost kimi ayrılmaq üçün bir yol tapaq. Sizə bunun üçün söz verirəm. Burda iştirak edənlərin bəziləri də yaxşı bilirlər ki, mənim sözüm nə deməkdi. Bir sözlə, biz hamımız hörmətli adamlarıq, bir-birinə zəmanət verməli olan vəkillər deyilik.
Don susdu. Heç kim danışmırdı. Bəziləri siqar tüstülədirdi, bəziləri də spirtli içkinin dadına baxırdı. Toplantıya qatılanların hamısı təmkinli və yaxşı dinləyici idi. Bu adamların bir ümumi cəhəti də vardı: onlar çox nadir adamlar idilər ki, mütəşəkkil cəmiyyətin hakimiyyətini qəbul etməmiş, idarə olunmaqdan imtina etmişdilər. Heç bir güc, heç bir təhdid onları əyə bilməz, istəmədikləri nəyəsə təhrik edə bilməzdi. Onlar hiylə və qətllərin köməyi sayəsində öz azad iradələrinin keşiyində durmuşdular. Yalnız ölüm onları dayandıra, yaxud ağıllandıra bilərdi.
Don Karleoni nəfəsini dərdi, davam elədi:
- Axı niyə işlərimiz bu qədər dərinə gedib çıxdı? Nə isə… İndi heç bunun mənası da yoxdur. Çox axmaqlıqlar etmişik. Lakin gəlin mən sizə nələr baş verdiyini bildiyim kimi söyləyim.
O yenə susdu, bilmək istədi ki, kimsə onun bu təklifinə etiraz edir ya yox.
- Şükür Allaha, mən sağalmışam, indi bütün gücümü münaqişənin yoluna qoyulmasına sərf edə bilərəm. Ola bilsin ki, mənim oğlum çox səbirsiz və inadkar idi. Bilmirəm. Hər halda, deyim ki, Solozzo mənim yanıma gəlmişdi, işgüzar təkliflə. Məndən xahiş elədi ki, ona maddi dəstək verim, öz siyasi əlaqələrimdən istifadə etməklə ona yardımçı olum. Dedi ki, bu biznesdə Tatalya Ailəsi də maraqlıdır. Söhbət narkotikadan gedir və siz də bilirsiniz ki, mən bu işlə məşğul olmuram. Mən sakit adamam, belə işlər mənim könlümcə deyil. Mən bunu Solozzoya izah elədim, onun və Tatalya Ailəsinin qüruruna toxunmadan elədim bunu. Sadəcə ona nəzakətlə “yox” dedim. Dedim ki, onun biznesi mənə mane olmur, onun hansı yolla pul qazanması da məni maraqlandırmır. O qəzəbləndi və bizim hamımızı bədbəxtliyə düçar elədi. Amma bu həyatdır. Burda iştirak edənlərin hər biri öz kədərli tarixçəsini danışa bilər, lakin mənim məqsədim bu deyil.
Don Karleoni ara verdi, Heygenə işarə elədi ki, ona su versin.
- Mən barışığa hazıram, - Don davam elədi. - Tatalya oğlunu itirdi, mən də oğlumu itirdim. Biz indi bərabərik. Əgər insanlar daim ağılın əleyhinə getsələr, dünyada nə baş verər? Bu bir Siciliya lənətidir. Orda adamlar bütün ömürlərini qisasçılığa sərf edirlər, ailələrinə çörək qazanmaq üçün vaxt qalmır. Bu axmaqlıqdır. Buna görə də təklif edirəm: qoy hər şey əvvəlki kimi qalsın. Mən oğlumun qatillərindən intiqam almaq üçün heç nə etmədim. Əgər barışıq olsa, mən heç nə etməyəcəm. Mənim bir oğlum da var, o öz evinə qayıda bilmir; bunun üçün hər şey etməliyəm ki, o qayıdanda hökumət orqanları tərəfindən təhlükəyə məruz qalmasın. Bundan sonra bizi maraqlandıran biznes barədə danışa bilərik, bir-birimizə səmərəli kömək edə bilərik, - Don Karleoni əlini qaldırıb son cümləni əlavə elədi: - Mənim demək istədiyim şeylər buydu.
Donun çıxışı gözəl alındı. Bu, əvvəlki Don Karleoni idi: soyuqqanlı, ağıllı və müdrik. Güzəştə getməyi bacaran, nəzakətli Don Karleoni. Toplantıda olanların hamısı başa düşdü ki, Karleoni Ailəsinin düçar olduğu bütün bədbəxliklərə baxmayaraq, onunla hesablaşmaq lazımdır. Onlar sülh üçün Donun irəli sürdüyü şərtlərə də diqqət yetirdilər, onun əvvəlki vəziyyətə qayıtmaq xahişini də diqqətlə dinlədiləır. Bu o demək idi ki, keçmişdə baş verən bütün uğursuzluqlara baxmayaraq, Don savaşda məğlub olmayacaq.
Bununla belə, Don Karleoniyə Emilio Barzini cavab verdi, Tatalya yox. O məsələ ilə bağlı sərt danışdı, lakin ifadələri kobud və təhqiredici deyildi.
- Bunlar hamısı doğru! - Barzini dedi. - Lakin mən də bir qədər əlavə etmək istəyirəm. Don Karleoni çox təvazökardır. Solozzo və Tatalya Don Karleoninin köməyi olmadan yeni biznesə başlaya bilməzdilər. Onun rədd cavabı onlara birbaşa zərbə vurub. Əlbəttə, bu Donun günahı deyil. Lakin əlahəzrət fakt budur: məhkəmə hakimləri və siyasilər Don Karleoni ilə hesablaşırlar. Hətta narkotika alverindən söhbət düşəndə, onlar yalnız Don Karleoninin rəyi ilə razılaşardılar. Solozzo müəyyən təminat almayınca işə başlaya bilməzdi, çünki siyasi dairələr onun adamlarıyla mümkün qədər yumşaq davranmalıydılar. Hamımız bunu gözəl bilirik. Bu olmasa, biz hamımız kasıblaşa bilərdik. İndi narkotika ilə bağlı məhkəmə və prokurorlar cəzanı maksimal artırmışlar; hətta iyirmi il müddətinə azadlıqdan məhrum edilmiş Siciliyalı belə omerta (susqunluq haqqında Mafiya kodeksi) qanununu poza bilər, açar sandığı, tökər pambığı. Buna yol vermək olmaz. Don Karleoninin əlində dövlət aparatına uzanan bağlar var. Onun bu işdən imtina etməsini dost hərəkəti kimi də qələmə vermək olmaz. O bizim klanların çörəyini əlindən alır. Zəmanə dəyişib. Biz əvvəlki kimi fərdi yolla gedə bilmərik. Əgər Nyu Yorkun bütün məhkəmə hakimləri Don Karleoninin əlindədidrsə, onda o bu əlaqələrdən bizim də yararlanmağımıza imkan yaratmalıdır. Əlbəttə, bu xidmətə görə o bizdən haqq ala bilər, axı biz kommunist deyilik. Lakin o bizə də imkan verməlidir ki, eyni quyudan su içək. Bu çox sadə məsələdir.
Barzini çıxışını bitirəndən sonra zala sükut çökdü. Barzininin söylədiklərində gizli bir eyham vardı: barışığa nail olunmasa, o, Don Karleoniyə qarşı köklənən Tatalya Ailəsinin yanında olacaq. Onun sözləri təsirsiz ötüşmədi. Onların həyatı və sərvəti bir-birinə xidmət göstərməklə sıx surətdə bağlıydı, hər hansı bir tərəfin xidmət göstərməkdən imtina etməsi təcavüzkar hərəkət kimi hesab oluna bilərdi. Axı xahiş eləmək asan deyil, ondan belə asanlıqla imtina etmək isə olmazdı. Nəhayət, Don Karleoni cavab verdi:
- Dostlar, mən rədd cavabını pis niyyətlə verməmişəm. Hamınız məni yaxşı tanıyırsız. Kiminsə xahişini haçansa yerə salmışammı? Bu mənim təbiətimə ziddir. Lakin bu dəfə mən imtina etməyə məcbur oldum. Niyə? Hesab edirəm ki, narkotika yaxın illərdə bizim özümüzü məhv edəcək. Bu ölkədə nakotika alverinə ciddi müqavimət göstərirlər. Bu viski deyil, bu qumar oyunu deyil, qadın alveri deyil, ya da əksəriyyətin ehtirasla arzuladığı fahişəxana biznesi də deyil, baxmayaraq ki, kilsə və dövlət bunu qadağan edir. Lakin narkotika ondan istifadə edənlər üçün təhlükədir. Onlar bütün yerdə qalan işləri də iflic edə bilər, onlar üçün təhlükə yarada bilər. Bilirsiz, mənimçün xoşdur ki, gücümə inanıram, hakimlərə və dövlət məmurlarına təsir etmək imkanlarım var. Allah mənə güc versin ki, bunlar hamısı çin olsun. Mənim həqiqətən bir çox sahələrdə nüfuzum və təsir imkanlarım var, lakin mənə hörmətlə yanaşan və məsləhətlərimə qulaq asan bir çoxları eşitsələr ki, narkotika alverinə girişmişəm, mənə olan inamlarını və maraqlarını itirərlər. Onlar narkotikadan oddan qorxan kimi qorxurlar; bu məsələdə onlar prinsipial siyasət yeridirlər. Hətta bizə qumar oyunlarında və başqa biznesdə kömək edən polislər belə narkotikadan söz düşsə, bizimlə əməkdaşlıqdan imtina edəcəklər. Deməli, bu sahədə məndən kömək istəmək özümüz özümüzə zərbə vurmaq istəyidir. Amma, əgər siz hamınız bunu düzgün hesab edirsinizsə, mən bu işə qol qoymağa hazıram; əlbəttə, bu şərtlə ki, o biri işləri də yoluna qoyaq.
Don Karleoninin çıxışndan sonra zalda gərginlik xeyli azaldı. Toplantı iştirakçıları biri biriylə pıçıldaşmağa başladılar. Don Karleoni ən mühüm məsələdə güzəştə getdi; o, mütəşəkkil narkotika alverinin müdafiəsini təmin edəcək. Mahiyyət etibarıyla, o əslində Solozzonun ilkin təklifini qəbul etmişdi, lakin bu şərtlə ki, hamı buna razılıq versin. O əlbəttə, heç vaxt bu işin praktiki həyata keçirilməsiylə məşğul olmayacaq, hətta bu biznesə bir sent belə kapital qoymayacaq. O yalnız məhkəmə və hüquq-mühafizə orqanlarındakı təsir imkanlarından istifadə edəcək. Bu ən böyük güzəşt idi.
Los Ancelesin donu Frank Falkone cavab çıxışında dedi:
- Adamlarımızı bu bizneslə məşğul olmaqdan çəkindirməyə bizim imkanımız yoxdu. Onlar bu işi öz təşəbbüsləri ilə görürlər, sonra da işə düşürlər. Narkotikada böyük pullar var, həddən artıq cəlbedicidir. Buna görə də narkotika alverinə girişməmək bizə daha çox bəla gətirər. Biz bu işi yaxşı təşkil etsək, ona nəzarət etsək, az zərər görərik. İnanın ki, bu bizneslə məşğul olmaq heç də pis deyil. Sadəcə nəzarət, müdafiə və mütəşəkkillik lazımdı. Biz anarxistlər dəstəsi deyilik, imkan verməməliyik ki, kimin ağlına nə gəldi və necə gəldi bu işlə məşğul olsun.
Digər donlardan fərqli olaraq Detroytun Donu Karleoniyə rəğbət bəsləyirdi, bu biznesin əleyhinə çıxaraq dedi:
- Mən narkotika biznesinə inanmıram. Uzun illər öz adamlarıma əlavə pul ödəyirdim ki, bu bizneslə məşğul olmasınlar. Lakin bu da işə yaramadı. Kimsə onlara yaxınlaşıb deyir: “Məndə toz halında narkotik maddə var; əgər üç-dörd min dollar qoysan, satarsan, onu qısa müddətdə əlli min dollar edərsən.” Bu şirnikləndirici təklifdən kim qaça bilər? Və buna görə də mənim adamlarım əlavə olaraq qeyri-qanuni işlərlə məşğul olur, öz əsas işlərini yaddan çıxarırlar. Narkotikada daha çox pul var. Bu işlə məşğul olanlar fasiləsiz olaraq artır. Bir halda ki, bunun qarşısını almaq mümkün deyil, onda biz bu biznesi öz əlimizə almalıyıq. İstəmirəm ki, bu işlə məktəblərin yanında məşğul olsunlar, istəmirəm ki, uşaqlara narkotik maddələr satılsın. Bu biabırçılıqdır. Mənim şəhərimə gəlincə, çalışacam ki, bu iş yalnız qara dərili və rəngli insanlar arasında yayılsın. Onlar daha yaxşı müştəridirlər, problemləri az olar, axı onlar donuz kimi şeydilər. Onlar öz arvadlarına, ailələrinə və özlərinə hörmət etmirlər. Qoy qurşansınlar narkotikaya. Biz nəsə etməliyik, imkan verə bilmərik ki, kim necə gəldi narkotika alveri eləsin və bundan hamı əziyyət çəksin.
Detroyt donunun çıxışı yerdən replikalara səbəb oldu; gör e, öz adamlarına lazımi qədər pul verə bilmir ki, narkotika alveriylə məşğul olmasınlar! Uşaqlarla bağlı iradlarına gəlincə, bu onun hamıya bəlli olan ürəyiyumşaqlığından irəli gəlir! Axı uşaqlara kim narkotik satar? Bir də axı uşaqlar pulu hardan tapacaq? Zəncilərlə bağlı qeydlərini isə deyəsən heç eşitmədilər. Zəncilər qətiyyən hesaba alınmırdı, onlar gücsüz məxluqlardı. Cəmiyyətin onları əzib suyunu çıxartdığına yol verdikləri faktı isə sübut edir ki, onlar həqiqətən dəyərsiz adamlardı; donun bunu vurğulaması da ondan xəbər verir ki, əsas məsələni ikinci dərəcəli məsələdən ayırd edə bilmir.
Növbə ilə bütün donlar çıxış etdilər. Hamı bildirdi ki, narkotika alveri zərərli biznesdir, bədbəxtliklər gətirəcək; lakin hamı bu nəticəyə gəldi ki, bu sahəni nəzarətə götürsünlər. Bu biznesdə çoxlu pul var, ona girişən adamlar həmişə tapılacaq, onlar ən sərt qanuna belə tabe olmayacaqlar. İnsanın təbiəti belədir!
Nəhayət, razılıq əldə olundu. Narkotika alverinə qol qoyuldu; Don Karleoni lazımi müdafiə tədbirləri ilə məşğul olacaq. Əksər iri əməliyyatlarla Barzini və Tatalya klanı məşğul olacaq. Bu məsələnin müzakirəsi bitəndən sonra toplantı iştirakçıları qalan məsələlərə keçdilər; bunlar heç də az əhəmiyyətli və asan məsələlər deyildi. Bəzi mürəkkəb problemləri həll etmək gərək idi. Qərar verildi ki, Las Veqas və Mayami demilitarizasiya edilmiş azad zonalar olsun, bu şəhərlərdə bütün Ailə klanları fəaliyyət göstərə bilsinlər. Hamı bu qənaətdə idi ki, bu şəhərlərin böyük gələcəyi var. Həmçinin razılaşdırıldı ki, bu şəhərlərdə zorakılıq olmayacaq, bütün xırda cinayətkarların kökünü kəsəcəklər. Qərara alındı ki, bütün vacib məsələlərdə, misal üçün, cəmiyyətdə hay-küy yarada biləcək ölüm hökmünün qərarı ümumi yığıncaqda veriləcək. O da razılaşdırıldı ki, ailə klanlarının qanqsterlərinə silah gücüylə şəxsi haqq-hesab çəkməyə icazə verilməyəcək. Ailə klanları biri birinə xidmətlər göstərəcək: ölüm hökmünü yerinə yetirmək üçün bir-birini qanqsterlərlə təmin edəcək, texniki yardımlar göstərəcklər, misal üçün, əhalinin imtiyazlı təbəqələri tərəfindən seçilmiş məhkəmə iclasçılarının pulla ələ alınması və s. məsələlərdə. Bütün bu müzakirələrə xeyli vaxt sərf olundu, sonra nahar fasiləsinə çıxdılar. Axırda Don Barzini yığıncağı bağlı elan etmək istədi.
- Biz bütün məsələləri müzakirə etdik, - Don Barzini dedi, - sülhə, barışığa razılıq verdik. Təklif edirəm ki, yığıncaq iştirakçıları adından Don Karleoniyə təşəkkür edək. Biz onu sözübütöv adam kimi tanıyırıq. Əgər aramızda fikir ayrılıqları baş versə, yenidən toplaşıb görüşə bilərik. Çox şadam ki, hər şey yoluna qoyuldu.
Yalnız Filip Tatalya bir qədər narahat görünürdü. Santino Karleoninin öldürülməsi onu bir qədər zəiflətmişdi; o bu toplantıda ilk dəfə olaraq çox uzun danışdı.
- Mən burda təklif olunanların hamısına razılıq verdim, - Tatalya dedi, - və öz dərdimi də unutmağa hazıram. Lakin Don Karleoni tərəfindən daha etibarlı zəmanət almaq istərdim. Məni narahat edən bir sual var: Don Karleoninin qisas almaq fikri yoxdu ki? Öz mövqeyini gücləndirəndən sonra burda bizə verdiyi vədləri unutmayacaq ki? Mən necə inanım ki, üç-dörd ildən sonra bugünkü razılaşmalara zorən getməyi barədə düşünməyəcək? Necə əmin olum ki, o, bir neçə ildən sonra öz fəaliyyətində yenidən azad olmayacaq? Doğrudanmı biz yenə daim qorxa-qorxa və ehtiyatla gəzəcəyik? Biz həqiqətən rahat və təhülkəsiz yaşaya biləcəyikmi? Don Karleoni bizə təminat verə bilərmi? Öz tərəfimdən mən buna zəmanət verirəm...
Yalnız bu zaman Don Karleoni öz məşhur nitqini söylədi və bu, toplantı iştirakçılarının uzun müddət yadından çıxmayacaqdı. Bu nitq o biri donlardan fərqli olaraq onun uzaqgörən dövlət xadimi kimi parlaq zəkasını sübut elədi və burda elə bir sağlam düşüncə və ürəkdən gələn sözlər vardı ki, düz hədəfə vururdu. Don öz nitqində elə bir ifadə işlətdi ki, Çerçilin məşhur “dəmir pərdə” ifadəsindən heç də geri qalmadı; lakin bu ifadə yalnız on ildən sonra camaatın dilinə düşəcəkdi.
Don Karleoni söz demək üçün ilk dəfəydi ki, ayağa dururdu. Hamının gözü onun qısa boyuna və yataqdan sonrakı arıqlamış bədəninə zilləndi. Görünür, altmış yaş da öz sözünü deyirdi, amma heç kim şübhə etmirdi ki, Don Karleoninin əvvəlki gücü və iti zəkası qayıdıb.
- Ağlımız olmasaydı biz insan olmazdıq, - Don Karleoni dedi, - Sağlam düşüncəmiz olmasaydı, biz sadəcə cəngəllikdə yaşayan vəhşi heyvandan seçilməzdik. Lakin bizim ağlımız və şüurumuz var, biz bir-birimizlə müzakirələr və məsləhətləşmələr apara bilirik, özümüz də fikir yürüdə bilirik. Mən əvvəlki bədbəxtliklərə, zorakılıqlara və xaosa hansı məqsədlə qayıdım ki? Mənim oğlum həlak olub, bu mənim şəxsi kədərimdir; mən bütün dünyanı mənimlə birlikdə üzülməyə, iztirab çəkməyə məcbur etmirəm. Və buna görə də söz verirəm, vicdanıma da and içirəm ki, heç vaxt qisasçılıq etməyəcəm, heç vaxt oğlumun kimlər tərəfindən öldürüldüyünü araşdırmayacam. Mən bu toplantıdan kinsiz, təmiz ürəklə gedəcəm. İcazə verin sizə xatırladım ki, biz hər zaman öz maraqlarımızın qeydinə qalmalıyıq. Biz hamımız axmaq olmaqdan imtina etmişik, hamımız yüksək rütbəli şəxslərin əlində oyuncaq olmaqdan imtina etmişik. Bu ölkədə bizim bəxtimiz gətirib. Bizim övladlarımızın əksəriyyəti ən yaxşı həyat şəraiti qazanıblar. Sizlərdən bəzilərinin oğlanları professor olub, alim olub, musiqiçi olub; və həyatda xoşbəxtlik onların üzünə gülür. Bəlkə sizin nəvələriniz də daha hörmətli adamlar olacaqlar. Burda oturanların heç biri istəmir ki, onların övladları atalarının yoluyla getsin, bu çox ağır və çətin yoldur. Uşaqlar hamı kimi ola bilərlər və biz də onlara cəmiyyətdə etibarlı mövqe tutmaları üçün, təhlükəsiz yaşamaları üçün kömək edirik. Mənim nəvələrim var və ümid edirəm ki, onların uşaqları günlərin bir günü qubernator, ya da prezident olacaq. Kim bilir? Amerikada hər şey mümkündür. Lakin biz zamanla ayaqlaşmalıyıq. Silah, qırğın və qətl vaxtı keçib getdi. Biz biznes adamları kimi diribaş və ağıllı olmalıyıq; məhz burda pul var və bu da bizim uşaqlarımız və nəvələrimiz üçün daha yaxşıdır. O ki qaldı bizim şəxsi fəaliyyətimizə, biz pezzo da novanta (ital):( iri çaplı silah, böyük kalibrli artilleriya silahları) silahlarla həyatımıza müdaxilə edənlərə görə, bizim həyatımızı istədikləri kimi idarə edənlərə görə məsuliyyət daşımırıq; biz öz sərvətlərini, özlərinə məxsus olanları və hakimiyyətlərini qorumaq üçün bizi müharibələrə sürükləyən, bizdən istifadə edən adamlara görə məsuliyyət daşımırıq. Kim deyib ki, biz qanunlara tabe olmalıyıq? Onlar bu qanunları öz maraqlarına uyğun və bizi incitmək üçün qəbul edirlər. Onlar kimdir ki, bizim işimizə qarışırlar? Sonna coca nostra (bu ifadəni müəllif Don Karleoninin dilindən işlədib, Siciliyada bunun mənası “özümüz bilərik”, yəni “Mafiya özü bilər” mənasını verir.)- Don Karleoni bu ifadəni Siciliya ləhcəsində işlətdi. - Bu bizim şəxsi işimizdir, özümüz bilərik. Biz öz maraqlarımızın qayğısına özümüz qalırıq. Biz öz imperiyamızı özümüz idarə edəcəyik, çünki bu bizim dünyamızdır, bizim imperiyamızdır. Buna görə də biz bir yerdə olmalıyıq, bir yerdə mübarizə aparmalıyıq ki, kənar qüvvələrdən müdafiə oluna bilək. Əks təqdirdə, onlar bu ölkədə bizə və bizim kimi milyonlarla italyanlara göz verib işıq verməyəcəklər, anadan əmdiyimiz südü burnumuzdan gətirəcəklər. Məhz bu səbəbdən mən oğlumun qisasını almaqdan imtina edirəm, ümumi işimizin faydası üçün. And içirəm ki, nə qədər ki, mən Ailəmin başında durmuşam burda oturanların heç birinin barmağına belə toxunmayacam; əlbəttə, əgər buna əsaslı səbəb olmasa və ya qarşı tərəfin açıq-aşkar təxribatı baş verməsə. Ümumi maraqlar naminə mən öz marağımı qurban verməyə hazıram. Vicdanıma and olsun... Siz bilirsiz ki, mən həyatda heç vaxt heç kimi aldatmamışam. Lakin mənim bir xüsusi problemim var: kiçik oğlumu Solozzonun və polis zabitinin öldürülməsində təqsirləndiriblər. Buna görə o burdan qaçmalı olub. Mən onu evə qaytarmalıyam, onun üstündən bu yalançı ittihamları götürməliyəm. Bu mənim şəxsi problemimdir, mən bütün mümkün prosedurları edəcəyəm. Yəqin ki, əsl qatilləri də axtarmalı olacam, hakimiyyət orqanlarını inandırmalı olacam ki, mənim oğlum günahkar deyil. Bəlkə də yalandan şahidlik edənlər öz izahatlarını geri götürəcəklər. Lakin mən təkrar edirəm: bu mənim şəxsi məsələmdir, çalışacam ki, oğlumu evə qaytarım...Və bir-iki şey də əlavə etmək istəyirəm. Bəlkə də bu sizə gülməli göründü, amma mən inanclı adamam. Əgər mənim kiçik oğlumun başına bir iş gəlsə, əgər onu təsadüfən polis güllələsə, ya da kamerada özünü assa, ya da elə yeni şahidlər peyda olsa və desələr ki, o qatildir, mənim inanclı ağlıma gələcək ki, bu, burda iştirak edən bəzi pis niyyətli adamların işidir. Və bunu da əlavə edirəm ki, əgər mənim oğlumu ildırım vurub öldürsə, mən sizin aranızda olan bəzi adamları günahkar biləcəm. Əgər onun təyyarəsi dənizə düşsə, yaxud gəmisi okeanın dibinə batsa, yaxud ölümcül qızdırmaya məruz qalsa, ya da avtomobili qatarla toqquşsa, yenə sizlərdən bəzilərini günahlandıracam. Cənablar, bu pis niyyət və əməlləri, ya da buna nə deyirsiniz deyin, mən heç vaxt bağışlamayacam. Və bundan başqa məni heç nə bizim sülh sazişini pozmağa məcbur edə bilməz. Və nəhayət: məgər biz, təkcə bizim nəsildən olan milyonlarla saysız-hesabsız adamı iri çaplı silahlarla öldürən adamlardan pisik?
Don Karleoni nitqini bitirən kimi Don Tatalyanın əyləşdiyi kresloya sari addımladı; Tatalya da ayağa qalxdı və hər ikisi qucaqlaşdı, onlar bir-birlərini öpdülər. O biri donlar da yerlərindən qalxdılar, əl çaldılar, növbəylə Don Karleoninin və Don Tatalyanın əllərini sıxdılar, yeni dostluğa görə onları təbrik elədilər. Ola bilsin ki, hər iki donun dostluğu dünyanın ən soyuq dostluğuydu; onlar bəlkə də Milad bayramlarında bir-birlərinə hədiyyə göndərməyəcəklər, lakin onlar bir-birlərini öldürməyəcəkdilər. İndiki dünyanın belə dostluğa çox ehtiyacı vardı…
(ardı var)
Ingiliscədən tərcümə etdi: Kamran NƏZİRLİ
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.