Yadigar Cəfərli:
“Səhər”in adamı
Sevimli müəllimimiz, professor Qulu Məhərrəmlinin 70 yaşı olub.
Xatirələr bir anlıq ötən əsrin 90-cı illərinin ortalarına – Qulu müəllimin təxminən elə mən yaşlarda olduğu maraqlı çağlara apardı.
Elə müəllimlər var, oxuduğun məktəbdəki dərslərindən tanıyırsan.
Elə müəllimlər də var, hələ tanımazdan əvvəl uzaqdan-uzağa öz işləri ilə adama əsl ustad dərsi keçirlər, sonra auditoriyadakı dərsləri də üstünə gəlir.
1996-cı ildə BDU-nun Jurnalistika fakültəsinin tələbəsi olmaq üçün çox səbəblər vardı: proseslərin qaynar axarı və jurnalistlərin hadisələrin tam mərkəzində görünməsi, rəhmətlik Çingiz Mustafayevin kult obrazı, bir-birindən maraqlı qəzetlər, onların mətbəə qoxusu...
Davam etməli olsaq, Azərbaycan televiziyasında efirə gedən “Səhər” proqramı da mütləq bu sırada gələcək.
Qulu Məhərrəmli həmin o “Səhər” proqramının yaradıcısı və rəhbəri idi.
Onda özəl televiziyalar yeni formalaşırdı. Onların çevik tərzi, oynaq üslubu tamaşaçılara daha xoş gəlirdi. Kəskin dəyişikliyə o qədər də meyl göstərməyən Azərbaycan televiziyasının mühafizəkar mövqeyi yenicə ortaya çıxan rəqabət mühitində bir qədər ətalətli təsir bağışlayırdı.
Qulu Məhərrəmli isə “Səhər” proqramı ilə Azərbaycan televiziyasının içində elə bil balaca bir televiziya yaratmışdı. Cəmi bir dəfə baxan bu proqramın növbəti buraxılışlarını da izləməyə çalışardı. Çünki bu proqramın hər buraxılışında bütün sosial qruplara aid tamaşaçıların axtardıqları nələrsə olardı.
Mən də Qulu Məhərrəmlini hələ BDU-nun Jurnalistika fakültəsindəki dərslərindən əvvəl Azərbaycan televiziyasındakı analitik icmallarından, “Səhər” proqramındakı dərslərindən tanıyırdım.
Onun rəhbərlik etdiyi yaradıcı komandanın “Səhər”in hər buraxılışı üzərində necə böyük peşəkarlıqla çalışdığına isə Jurnalistika fakültəsinin 1-cu kursunu bitirəndə bu proqramda bir aylıq təcrübə zamanı şahid oldum.
Bakının o isti yay günlərində hər səhər erkəndən durub 208 nömrəli avtobusla Azərbaycan televiziyasına gəlib – “Səhər”in efirə getdiyi studiyanın qarşısındakı rejissor otağının bir küncündə baş verənləri izləmək, televiziyanın efir gərginliyi, əsəbilik, yaradıcı intriqalar, amma bir o qədər də yumor dolu mühitini duymaq gözəl idi.
Günortadan sonra montaj otağında yeni buraxılışın materialları hazırlanarkən Qulu müəllimin konkret nümunələr üzərində biz təcrübəçilərə izahlarını, ənənəvi televiziya stereotiplərini sındıran yanaşmalarını dinləmək maraqlı idi.
Məsələn, bir dəfə süjetdə danışığını çox obrazlı, güllü-güləbətinli ifadələrlə quran məşhur bir xanım müəllifi göstərib dedi ki, siz heç vaxt belə danışmayın.
Qulu Məhərrəmli korporativ ruha malik gözəl bir komanda formalaşdırmışdı. Həmin komandanın gücü ilə bu proqramda, demək olar ki, hər gün nələrisə dəyişib yeniləyirdi.
Ona görə, “Səhər” uzun illər ərzində öz auditoriyasını qorudu.
Qulu Məhərrəmli bununla sübuta yetirirdi ki, istənilən mühitdə, şəraitdə ortaya yaxşı işlər çıxarmaq mümkündür. Yetər ki, işinə istedadını, enerjini, sevgini qoyasan. Ən əsası isə belə bir istedadın, enerjin və sevgin ola.
“Səhər”də keçdiyim o bir aylıq təcrübə proqamı tələbəlik illərimin ən yaddaqalan günlərindəndir deyə bilərəm. İndi də uzun illər Azərbaycan televiziyasında çalışmış şəxslərlə hərdən həmsöhbət olanda konkret adamları xəbər alıram - soruşurlar, onları haradan tanıyırsan, deyirəm “Səhər”dən.
Qulu Məhərrəmli auditoriyadakı dərslərində də yenilikçi idi. Çalışardı ki, bizi nəzəri məlumatlarla çox yükləməkdənsə, gələcəkdə faydalı olacaq praktik nümunələr mənimsətsin.
Elə o zamanlarda Qulu müəllimin adı haqqında maraqlı bir faktı öyrənmişdim. Sən demə, müəllimimizin ilk adı “Allahqulu” imiş. O, özü BDU-nun Jurnalistika fakültəsinin tələbəsi olanda, fakültənin özünəməxsus koloritə malik müəllimlərindən rəhmətlik professor Qulu Xəlilov adını eşidib deyir ki, “Bu nə addır, ə?! Adını mütləq dəyiş, Allahı çıxar, Qulu qalsın”. Tələbə isə cavab verir ki, “Xeyr müəllim, Qulunu çıxaracam, Allah qalacaq”.
O, illər sonra adında dəyişiklik etsə belə, Allahdan da uzaq düşməmişdi. Çoxsaylı tələbələri onu sənətinin Tanrısı səviyyəsinə qədər çatmış adam kimi tanıyırdı və bu gün də elədir.
Professor Qulu Məhərrəmli ömrün illəri, yaşın ixtiyar çağları haqqında stereotipləri də qıran adamdır.
70 yaşlı müəllimə baxanda düşünürsən ki, adam 70 yaşda belə olursa, deməli yaşlanmaqdan qorxmaq lazım deyil, sadəcə gənclik ruhunu, enerjini, hər zaman faydalı olmaq istəyini qorumaq lazımdır.
Əziz müəllimimizə bundan sonra da neçə gözəl, sağlıqlı və faydalı illər arzusu ilə...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.