Kamran Nəzirli:
“Xaç atası” trilogiyasından parça - Mario Pyuzo
Orijinaldan tərcümə: Kamran Nəzirli
…Genetik axmaqlıq bütün Boççiçio nəslini bürümüşdü, ya da elə, bəlkə onlar, sadəcə primitiv bir nəsil idi. Bütün hallarda, klan dərk edirdi ki, o biri ailə klanlarıyla mübarizə aparmaq üçün yetərincə səriştəli deyil, digər ailə mafiyalarıyla mübarizədə, xüsusilə onların nəzarət etdikləri fahişəlik, qumar oyunları, narkotika, dələduzluq kimi sahələri idarə etməkdə və nəzarətdə saxlamaqda onların gücü məhduddur. Əlbəttə, onlar adi patrul polislərinə hədiyyə təklif edə bilərdilər, lakin siyasi dairələrə rüşvətlə yol tapmağı bacarmırdılar. Onların sadəcə iki mühüm keyfiyyəti vardı: dürüstlük və qəddarlıq.
Boççiçio familyasını daşıyan adam heç vaxt yalan danışmazdı və heç vaxt satqınlıq etməzdi. Belə hərəkətlər etmək qəliz məsələydi. Boççiçio həmçinin özünə edilən xəyanəti və yaramazlığı heç vaxt unutmazdı, necə və nəyin bahasına olsa da, bunun əvəzini çıxardı. Beləliklə, onlar təsadüfən elə bir biznesə qurşandılar ki, bu da onlara çox böyük gəlir gətirdi.
Nyu Yorkdakı savaşan ailə klanları sülh danışıqlarına qərar verəndə Boççiçio klanyla əlaqə yaradırdılar; Boççiçio ailəsinin başçısı ilkin danışıqlar aparmağı və lazımi sayda girovların verilməsini öz boynuna götürürdü. Misal üçün, Maykl Solozzo ilə görüşə gedəndə Boççiçio ailəsinin üzvlərindən biri Karleoninin evində girov qaldı, buna görə, əlbəttə, Solozzo pul ödədi. Əgər Maykl öldürülsəydi, Karleoni də həmin girovu öldürəcəkdi və bu halda, Boççiçio ailəsi Solozzodan intiqam alacaqdı, çünki onun ailə üzvünün öldürülməsində günahkar Solozzo olacaqdı. Boççiçio ailəsinin üzvləri o qədər primitiv idilər ki, qisas almaq üçün onlara heç kim mane ola bilməzdi, onlar həyati təhlükələrdən belə qorxmurdular, intiqam almaq üçün hər şeyə gedə bilərdilər. Bir sözlə, Boççiçionun girovu sərfəli qızıl külçə hesab olunurdu.
Və indi belə bir vaxtda Don Karleoni Boççiçiodan xahiş elədi ki, sülh danışıqlarını aparsın, yığıncağa dəvət olunan bütün ailələr üçün girov qoysun ki, onlar görüşə qorxusuz-hürküsüz gəlsinlər, Xaç Atasının səmimi niyyətlərinə şübhəylə yanaşmasınlar. Burda xəyanət ola bilməzdi. Görüş toy mərasimindən də təhlükəsiz keçəcəkdi.
Girovlar verildikdən sonra görüş baş tutdu. Ailə klanlaının başçıları çox da böyük olmayan bir bankın konfrans zalında toplandılar. Kommersiya bankının sədri Don Karleoniyə borcluydu, aksiyaların bir hissəsi Xaç Atasının adına yazılmışdı və Dona məxsus idi. Bank sədri Don Karleoniyə aksiyaların həqiqətən ona məxsus olduğunu sübut edən yazılı vəsiqəni təklif etdiyi günü yaxşı xatırlayırdı. O zaman Don Karleoni çox heyrətlənmişdi, bank sədrinə belə dedi:
- Mən sənə mülklərimi etibar edə bilərəm. Sənə öz həyatımı və uşaqlarımın sağlamlığını da etibar edə bilərəm. İnanmıram ki, sən məni aldadarsan, ya da mənə xəyanət edə bilərsən. Belə olsa, mənim bütün dünyam məhv ola bilər, insana inamım alt-üst olar. Əlbəttə, mən hər şeyi yazmışam: işdir ölsəm, mənim varislərim hər şeyi biləcək, onlar mənim pullarımın harda olduğunu biləcəklər. Lakin əminəm ki, sən mənim uşaqlarımın maraqlarını müdafiə edəcəksən, onların ehtiyaclarını ödəyəcəksən…
Bank sədri siciliyalı olmasa da, həssas adam idi, o Donu çox yaxşı başa düşdü. İndi Donun bu dəfəki xahişi onun üçün əmrə barəbər idi. Şənbə günü səhər səskeçirməz divarları və dərin dəri kreslolarıyla birgə bankın konfrans zalı bütünlüklə ailə klanlarının ixtiyarına verildi.
Mühafizəçilər xüsusi seçilmiş kiçik bir qrupdan ibarət idi. Onlar bank qulluqçusu formasını geyinmişdilər. Şənbə günü səhər saat onda bankın konfrans zalı yavaş-yavaş dolmağa başladı. Nyu Yorkun məşhur beş Ailə klanından başqa yığıncağa Birləşmiş Ştatların bütün nöqtələrindən olan on Ailə klanının nümayəndələri də dəvət edilmişdi. Əlbəttə, Çikaqodan başqa, çünki ordakı avara quldur dəstələri sivil deyildi, onların belə bir vacib yığıncaqda iştirakı münasib sayılmadı.
Qonaqlara bar və bufet xidmət edirdi. Hər Ailə başçısı özüylə yığıncağa yalnız bir nəfər köməkçi gətirə bilərdi. Donların əksəriyyəti öz müşavirləri ilə gəlmişdi; beləliklə, yığıncaq iştirakçıları arasında cavanlar azlıq təşkil edirdi. Tom Heygen də azsaylı gənc müşavirlərdən biriydi. O yeganə adam idi ki, siciliyalı deyildi, qərib kimi hamının maraq obyekti olmuşdu.
Heygen özünü necə aparmaq lazım olduğunu bilirdi; o danışmırdı, gülümsəmirdi. O öz şefinə - Don Karleoniya ehtiramla yanaşırdı, sadiq qraf kimi öz kralına xidmət göstərirdi: gah sərin su gətirir, gah onun siqarını yandırır, gah da külqabını onun qabağına sürüşdürürdü. Lakin bu xidmətdə ağa-qul münasaibətləri yox idi, bu xidmət sırf hörmətdən doğurdu, şəxsi ləyaqət hissi itirilmədən nəzərə çarpırdı.
Heygen həm də yeganə adam idi ki, konfrans zalının tutqun divarlarından asılan portretlərin sahiblərini tanıyırdı; yağlı boya ilə çəkilmiş portretlərdəki simaların əksəriyyəti əfsanəvi maliyyə maqnatlarıydı. Onlardan biri maliyyə naziri Hamiltonun portretiydi. Heygen düşündü ki, yəqin Hamilton bankın konfrans zalında keçirilən bu sülh yığıncağını bəyənərdi. Sağlam düşüncə üçün ən sakitləşdirici, ən gözəl və münasib mühit məhz pulların havasında olan mühitidir.
Yığıncaq səhər saat 9.30-10.00 arasına təyin olunmuşdu. Ev sahibi, yığıncağın təşəbbüsçüsü Don Karleoni birinci gəldi; Donun çoxsaylı fəzilətlərindən biri onun dəqiqliyi idi. İkinci Birləşmiş Ştatların cənub ərazisini öz nəzarəti altında saxlayan KarloTramonti gəldi; orta yaşlı, son dərəcə yaraşıqlı və siciliyalılardan fərqli olaraq bir qədər hündürboy, çox qarayanız bir kişiydi, zövqlə geyinmişdi. O italyanlara oxşamırdı, daha çox jurnal şəkillərindəki yaxtalarında balıq ovuna çıxan milyonerlərə bənzəyirdi. Tramonti Ailəsinin gəlir mənbəyi qumar oyunlarıydı və heç kimin ağlına belə gəlməzdi ki, bu adam necə amansız və barışmaz yollarla öz imperiyasını qurub.
Hələ kiçik yaşlarından Siciliyadan ABŞ-a mühacirətə gələn Tramonti Floridada məskunlaşmışdı; burada o, əsl kişi kimi formalaşdı, cənub rayonlarında siyasətçilərin birləşdiyi qumarxanalara nəzarət edən Amerika sindikatında işə düzəldi. Bu adamlar, habelə onları dəstəkləyən polis məmurları da çox amansız idilər. Sindikat sahiblərinin heç ağlına belə gəlmirdi ki, hansısa naşı bir mühacir onları devirəcək, axı onlar Tramontinin amansız üsullarına da hazır deyildilər, müqavimət üçün gücləri də yox idi; ona görə ki, belə hesab edirdilər ki, bu işdən ötrü qan tökməyə dəyməz. Tramonti polisə arxalandı, gəlirlərinin böyük bir qismini onlara vəd etdi; beləliklə, o idarəetmədən başı çıxmayan və burnunun ucundan uzağı görməyən həmin əyalət xuliqanlarını tamamilə məhv elədi. Tramonti Kubayla biznes əlaqələri yaratdı, Batista rejimiylə münasibətlər qurub Havananın istirahət mərkəzlərindəki qumarxanalara, fahişəxanalara və gecə klublarına kapital qoydu. İndi o milyoner idi, Mayami Biçdə ən yaxşı hotellərin birinin sahibiydi.
Konfrans zalına öz qarayanız köməkçisiylə daxil olan Tramonti Don Karleonini qucaqladı, Donun oğlunun ölümünə görə ona kədərli üz ifadəsi ilə başsağlığı verdi.
O biri donlar da gəlməyə başladı, hamı bir-birini tanıyırdı. Onlar illər boyu bir-birləriylə ictimai yerlərdə təmasda olmuşdular, yaxud işgüzar toplantılarda görüşmüşdülər. Onlar bir-birlərinə nəzakətlə müraciət edir, gənclik çağlarında bir-birlərinə bir çox hallarda xırda xidmətlər göstərmişdilər.
Üçüncü gələn Don Cozef Zaluççi idi, Detroytdan təşrif buyurmuşdu. Zaluççinin Ailə imperiyası Detroyt ərazisində müvafiq olaraq cıdırlara nəzarət edirdi. Onlar həm də qumarxanaların əksəriyyətinin sahibi idilər. Zaluççinin girdə sifəti vardı, Aya bənzəyirdi, xeyirxah və mehriban adam təsiri bağışlayırdı. O Detroytun Qross Poynt adlanan bahalı məhəllələrinin birində yüz min dollarlıq evdə yaşayırdı. Oğlanlarından biri mötəbər Amerika ailələrindən birinin qızıyla evlənmişdi. Zaluççi də Don Karleoni kimi ağıllı adam idi. O biri ailələrin nəzarətində olan şəhərlərlə müqayisədə Detroytda fiziki zorakılıq halları çox az olurdu, son üç ildə burada cəmi iki adam öldürülmüşdü. Zaluççi də Don Karleoni kimi narkotika alverinin əleyhinə idi.
Zaluççi öz müşaviriylə gəlmişdi, hər ikisi Don Karleoniyə yaxınlaşıb onu qucaqladı. Zaluççi tipik amerikan ləhcəsiylə danışırdı, onun nitqində ləhcə hiss olunmurdu. O köhnə dəblə geyinmişdi, əsl biznes adamıydı və səmimiyyəti ilə xarakterini uyğunlaşdırmağa çalışırdı.
- Məni bura yalnız sənin səsin gətirə bilərdi, - deyə Don Karleoniyə bildirdi. Don Karleoni təşəkkür əlaməti olaraq başıyla təzim elədi. Bəli, o, Zaluççiyə arxalana bilərdi.
Növbəti iki nəfər don Vest Kost tərəfdən gəldi; onlar bir-biriylə sıx əlaqəli olduğundan eyni avtomobildə gəlmişdilər: qonaqlar arasında ən gənc olan Frank Falkone və Antoni Molinari idi, hərəsinin təxminən qırx yaşı olardı. Digərlərindən fərqli olaraq onların əyin-başı daha sadəydi, sanki Hollivud geyim dəbinə bənzəyirdi. Onlar öz hisslərini lazım olduğundan daha çox büruzə verirdilər. Frank Falkone kino işçiləri həmkarlar təşkilatına nəzarət edirdi, studiyalarda qumarxanaların sahibiydi, Qərb sahillərindən fahişəxanalara qızlar gətizdirirdi. Belə “şou biznes”lə məşğul olmaq üçün o biri donların imkanları yox idi, Falkone isə bunu daha yaxşı bacarırdı. Amma o biri donlar ona çox da etibar etmirdilər.
Antoni Molinarinin təsir dairəsinə və nəzarətinə San Fransiskodakı limanlar və idman lotoreyaları daxil idi. O balıqçı ailəsində doğulmuşdu və indi San Fransisko şəhərində ən yaxşı dəniz məhsulları restoranının sahibiydi; deyilənə görə, ziyana işləyirdi, çünki restoranda təklif olunan dəniz məhsullarından yeməklər dəyərindən çox baha qiymətə verilirdi. Onun peşəkar qumarbazlara xas şövqsüz sifəti vardı; hamı bilirdi ki, o, narkotik maddələrin Meksika sərhədlərindən qeyri-leqal keçirilməsiylə məşğul olur. Molinarinin köməkçiləri cavan idilər, güclü bədən quruluşları onların müşavir olmadaqılarından xəbər verirdi; əslində, onlar cangüdən idi, yığıncağa silahla gəlməyə cürət etməmişdilər. Bu cangüdənlər daha çox karate ilə məşğul olanlara bənzəyirdilər, gələn qonaqların qorxmasına yox, yalnız marağına səbəb ola bilərdilər. Kaliforniyadan təşrif buyuran donlar isə lap Roma Papasının şeytandan qorunmaq üçün dualadığı gözmuncuğuyla gəlmişdilər. Əlbəttə, yığıncaqda iştirak edənlərin bir çoxu mömin adam idi və Allaha inanırdı.
Daha sonra Bostondan olan don gəldi. O yeganə adam idi ki, birgə çalışdığı iş yoldaşları ona hörmət etmirdi. Hamı bilirdi ki, bu adam öz işçiləriylə düzgün davranmır, onları amansızcasına aldadır. Bunu ona bağışlamaq da olardı – hərənin öz zəif cəhəti var. Lakin hakim olduğun biznes imperiyasında qayda-qanun yaratmağı bacarmırsansa, bunu sənə bağışlamaq olmaz…
İngiliscədən tərcümə etdi: Kamran Nəzirli
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.