Bəybala Mirzəyev:
Yəqin ki, Azərbaycandakı köhnə FETÖ-çular da öz “Gülən”li keçmişləriylə vidalaşacaqlar
Dünən səhər saatlarında FETÖ terror təşkilatının lideri Fətullah Gülənin öldüyü xəbəri yayıldı. Türkiyənin xarici işlər naziri Hakan Fidan da uzun illər ABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ terrorçularının liderinin öldüyünü rəsmən təsdiqlədi.
Həmçinin Türkiyənin ədliyyə naziri Yılmaz Tunç da “Paralel dövlət” terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin vəfatı xəbərini doğruladı. Türkiyə Milli Müdafiə Nazirliyinin FETÖ başçısı Fətullah Gülənin ölümü ilə bağlı verdiyi bəyanat isə öz sərtliyi ilə diqqət çəkdi.
Belə ki, sözügedən bəyanatda deyilir:
"Manqurtlaşdırdığı beyinlərlə əsl Türk millətinin istiqlal və istiqbalına qəsd edən, dövlətimizə və qəhrəman ordumuza böyük zərər verən FETÖ başçısı ölüb. Bu xainin "vətənsiz" ölməsi və əbədi olaraq belə xatırlanacaq olması, bu təşkilatdan zərər çəkən vətəndaşlarımızın ağrılarını azalda bilməsə də, vətəninə xəyanət edənlərin qaçılmaz sonunu göstərməsi baxımından ibrətamizdir".
Bəli, bu ölüm həqiqətən də ibrətamiz ölümdür. Və eyni zamanda urvatsız ölümdür. 9-10 il bundan əvvəl nə Fətullah Gülənin özü, nədəki onun əlamanları, onu bütləşdirən çoxsaylı tərəfdaşları bu cür urvatsız bir ölümü təsəvvürə belə gətirməzdilər.
Çünki F.Gülən “Türkiyənin Xomeynisi” olmağı düşünür, əvvəlcə Türkiyədə və daha sonra isə bütün türk dövlətlərində hakimiyyəti ələ keçirməyi, yeni şəriət dövləti qurmağı planlaşdırırdı. Əslində bu plan F.Gülənin yox, elə Qərbin öz planı idi. Gülənə isə bu işdə sadəcə icraçı rolu ayrılmışdı. FETÖ-çular Türkiyədən başqa, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və s. ölkələrdə təhsildən və mediadan tutmuş hakimiyyət strukturlarına qədər hər yerə sızmışdılar. FETÖ-çuluq, Gülənçilik, "Xoca Əfəndi aşiqi" olmaq bu ölkələrdə artıq dəb halını almış, yeni ictimai-siyasi trendə çevrilmişdi.
Lakin 2016-cı ildə bu plan alt-üst oldu. Həmin il iyulun 15-də Türkiyədə Fetullah Gülənin başçılıq etdiyi “Paralel dövlət” adlı terror təşkilatı (FETÖ) üzvlərinin hakimiyyəti zorla ələ keçirmək üçün hərbi çevriliş cəhdi iflasa uğradı.
Türkiyənin AKP iqtidarı bu cinayətkar qrupa qarşı mübarizə əzmini ortaya qoydu və polis, məhkəmə orqanlarında, nazirliklərdə, orduda genişmiqyaslı təmizləmə işləri aparıldı, bir çox FETÖ-çular həbs edildi. Yerdə qalanları isə ya xaricə qaçdı, yadaki “kölgə”yə çəkildilər, “cild”lərini dəyişdilər, FETÖ-çu keçmişlərini ört-basdır etməyə başladılar. Köhnə FETÖ-çuların (Camaat mənsubları, NUR tələbələri, Fətullah Gülən yandaşları) əksəriyyəti yeni imicə keçdilər.
Beləliklə, Gülənin və yüzminlərlə ardıcıllarının planları suya düşdü. Və onlar ABŞ-ın himayəsinə sığındılar. Mübarizə taktikalarını dəyişdilər. Lakin buna rəğmən get-gedə zəifləməkdə idilər. Müalicə aldığı xəstəxanada 83 yaşında vəfat edən Fətullah Gülən özündən sonra onun “yol”unu davam etdirə biləcək heç bir parlaq lider, varis yetişdirməyib. FETÖ-çuluq isə məhz liderliyə, şəxsiyyətə pərəstişə söykənən bir dini-siyasi terror hərəkatı idi. Lider yoxdursa, deməli, hərəkat da yoxdur. Fətullah Gülənin vəfatından sonra FETÖ-nu da məhz belə bir aqibət gözləyir.
Bu arada Gülənin ölümündən sonra örgütdə dərhal ixtilafların, parçalanmaların başladığı barədə xəbərlər gəlməkdədir. FETÖ liderinin qardaşı oğlu Əbusələmə Gülən isə Yutub üzərindən yayımladığı açıqlamalarında Fətullah Gülənin və örgütün paxırlarını açmaqda, sirrlərini ifşa etməkdədir.
Türkiyə hökuməti isə Gülənin ölümünün onları sakitləşdirməyəcəyini, bu cinayətkar təşkilatın bütün üzvlərinə qarşı mübarizənin davam edəcəyini, FETÖ-nun xaricdə yerləşən üzvlərinin ölkəyə ekstradisiyası ilə bağlı müraciətlərin qüvvədə qalacağını vurğulayıb. Bu da təbiidir. Terrorçular cəzalandırılmalıdır ki, gələcəkdə yeni təhdid ocaqları yaranmasın. Bu mənada Türkiyənin ədliyyə naziri Yılmaz Tuncun FETÖ terrorçularını Türkiyə üçün “milli təhlükəsizlik problemi” adlandırması heç də təsadüfi deyil.
FETÖ-nun ölümündən sonra yəqin ki, Azərbaycandakı köhnə FETÖ-çular da öz “Gülən”li keçmişləriylə tam şəkildə vidalaşmaq yolunu seçərlər.
P.S.
Siyasətçilərin, deputatların, məmurların, jurnalistlərin, ictimai fəalların, politoloqların FETÖ ideyalarının və yaxud, İrandan, ərəb ölkələrindən, Rusiyadan və Qərb ölkələrindən gələn ideoloji axınların, siyasi cərəyanların daşıyıcılarına, adeptlərinə çevrilməsi türk dövlətlərinin milli təhlükəsizliyinə qarşı həqiqətən də ciddi təhdid mənbəyidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.