Hümbət Həsənoğlu:
Lal bülbüllər
( hekayə)
O, axşama Misir Fironu İkinci Ramzes tərəfindən şam yeməyinə dəvət olunmuşdu. Vaxtı çatanda ən gözəl libasını geyib onun arxasınca göndərilmiş və suriya atlarına bağlanmış qızıl arabaya mindi. Fironun sarayının qabağında onu böyük təmtəraq və izzətlə qarşıladılar.
Onu müşayət edənlərlə fironun möhtəşəm sarayına daxil oldu. Yolboyu insanı təəccübləndirəcək möhtəşəm gözəlliklər vardı. Sağa baxdıqda, bir az kənarda yerləşən qızılgül baxçasını gördü. Qızılgüllər həvəskarı olduğundan və Misirin ən gözəl qızılgül baxçalarından birinin sahibi kimi, baxçadan yan keçə bilməzdi. Müşayətçilərə istəyini deyəndə, onlar yalnız təzim etdilər. Baxça çox gözəl idi, hər rəngdə olan qızıl güllər və xüsusən də rahiyə çələngi insanı bihuş edirdi. Baxçada çoxlu sayda olan bülbüllərin susqunluğu onu çox təəccübləndirdi. Yüzlərlə bülbüldən birinin də səsi çıxmırdı, sükut içində onlar biri- birilərinə baxırdılar. Müşayət edənlərdən bunun səbəbini soruşanda, onlar elə lal bülbüllər kimi də dinmədən təkrar- təkrar təzim etdilər…
Özünü göy ilə yerin, bu dünya ilə o biri dünyanın arasında əlaqələndirici sayan Firon İkinci Ramzes onu səmimi qarşılayıb yanındakı iri kresloda oturtdu. Bu çox böyük hörmət əlaməti idi. Digər qonaqlar adi kətillərdə, və çoxları da yerdən oturmuşdular.
Fironun işarəsi ilə masaların üzərinə müxtəlif təamlar düzməyə başladılar. Fironun bir işarəsi ilə də oturduqları zala tabutda mumiya, yəni, mumlanmış insan cəsədi gətirdilər. Bu bir firon ənənəsi idi, mənası da o idi ki, hələ ölməmişik, yeyək- içək, çünki öləndən sonra bu mumiya kimi yeyib- içmək şansımız olmayacaq.
Mumiyanı aparandan sonra İkinci Ramzes ona tərəf əyilib dedi ki;- Sizin şərəfinizə aşpazlar mənim sevdiyim ləziz təamı hazırlayıblar. Onun başının işarəsi ilə aşpaz geyimində biri onun qabağına içində üc kotlet olan boşqab qoydu. Eyni kotletlərlə qab fironun da qabağına qoyuldu. Firon ona tərəf əyilib dostcasına yavaşdan dedi:- Bu kotletlər bülbül dillərindən hazırlanıb, delikatesdir, bəyənəcəyinə əminəm, əlavə də etdi ki, bu yeməyin özəlliyi həm də odur ki, bir kotletin hazırlanmasına yüzlərlə bülbül dili lazım olur, çünki bülbül dilləri çox xırda olurlar.
Onun yadına bayaq gördüyü lal bülbüllər düşdü. Deməli, onlar ona görə oxumurdular ki, dilləri çıxarılıb və onlardan kotletlər hazırlayıblar.
Özündən asılı olmayaraq o, kürəyini arxaya verib kresloya dirədi. Firon dediklərinin ona necə təsir edəcəyini, onun reaksiyasını maraqla gözləyirdi. O, nəsə deməli olduğunu anlayırdı.
Həmin an, niyəsə, ərəb dili onun yadından çıxdı və o, hansısa yad dildə Firona dedi: - Ay Firon köpək oğlu, bu qudurğanlıqdır axı! Bir yeməkdən ötəri minlərlə bülbülün dilini çıxartmaq olar? Bəs o bülbüllər necə oxusunlar, necə cəh- cəh vursunlar, bir- birinə sevgilərini necə izhar etsinlər? Bax bu qudurğanlığına görə sənin hakimiyyətin dağılacaq, səni o lal bülbüllərin ahı tutacaq və sonda viran olacaq bu cah- cəlalın!
Firon başa düşmədiyi sözlərə təəccüblə qulaq asıb, tərəddür içində öz boşqabına tərəf döndü…
Geri qayıdanda o, yolunu təkrar baxçadan saldı, onu görcək bütün bülbüllər qanadlarını bir- birinə çırpdılar və razılıq əlaməti kimi başlarını sevinclə tez- tez tərpətdilər…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.