Fikrət Şiriyev:
Əsl elm sahibinin əldə etdiyi nəticələr heç zaman kağız üzərində nəzəriyyə kimi qalmır
7 oktyabr görkəmli Azərbaycan ziyalısı, Bakı Dövlət Universitetinin prorektoru (2002-2004), Ətraf mühitin mühafizəsi kafedrasının professoru(1997-2007), AMEA-nın müxbir üzvü, professor Şahvələd Xəlilovun (1939-2007) anadan olmasından 85 il keçir.
Şahvələd Binnət oğlu Xəlilov 1939-cu il oktyabrın 7-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndində zəhmətkeş ailəsində dünyaya göz açmışdır. Orta məktəb illərində təhsilə olan böyük marağı, nizam-intizamı, yüksək mənəvi keyfiyyətləri ilə müəllimlərinin sevimli şagirdinə çevrilmişdir. Orta məktəbi əla qiymətlərlə bitirib Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olunmuş, 1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildən AMEA Coğrafiya İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri, Elmlər Akademiyasının partiya komitəsinin katibi, 2002-2004-cü illərdə BDU-nun humanitar məsələlər üzrə prorektoru vəzifələrində çalışmışdır. 1997-ci ildən 2007-ci ilədək Ətraf mühitin mühafizəsi kafedrasının professoru kimi fəaliyyət göstərmiş, coğrafiyaçılar nəslinin yetişməsinə xidmət etmişdir. 60-cı illərdə işlədiyi AMEA Coğrafiya İnstitutunda Həsən Əlirza oğlu Əliyev kimi müdrik, qayğıkeş, sözün əsl mənasında, ziyalı bir şəxsiyyətlə rastlaşan Şahvələd Xəlilov əmək fəaliyyətindən cilalanmağı, elm fədaisi olmağı öyrənmişdir.
Ötən əsrin 70-80-ci illərinin televiziya tamaşaçıları onu yaxşı xatırlayırlar. Parlaq və aydın diksiyası, romantik, qəlbəyatımlı səsi, məzmunlu və rəvan nitqi, yaraşıqlı efir görünüşü ilə tamaşaçılar onun “Səyahət” verilişini hər dəfə böyük səbirsizliklə izləyirdilər. Böyük alimin qismətinə həm də vətənimizin füsunkar təbiəti, dünya ölkələrinin maraqlı coğrafi məkanları haqqında görüntülü informasiyalar vermək missiyası düşmüşdü. 30 ilə yaxın bir müddətdə müəllif kimi bu məsuliyyətli işin öhdəsindən bacarıqla gəlmiş və onu tanıyanların yaddaşında silinməz izlər buraxmışdır.
Görkəmli alimin tədqiqatları bugünün özündə də coğrafiyaşünas alimlərin istinad yeridir. Şahvələd Xəlilov Azərbaycanın su anbarları və göllərinin hidrooloji xüsusiyyətləri, su anbarlarının lillənməsi və sahillərinin dinamikası, su təsərrüfatı tədbirlərinin, su anbarlarının ətraf mühitə təsiri, onların mühafizəsi, yeni su anbarlarının yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsipləri üzrə mühüm elmi və praktiki əhəmiyyətli problemlərin tədqiqi ilə məşğul olmuş, bir sıra sanballı nəticələr əldə etmişdir. O, Azərbaycan coğrafiyaşünasları arasında ilk dəfə olaraq yeni su anbarlarının səmərəli yetişdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırlamış, mövcud su anbarlarının ətraf mühitə təsiri, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyini və proqnozunu vermiş, Mingəçevir su anbarı sahillərinin dinaimkası ilə istismar müddəti arasında sıx korrelyasiya əlaqəsi olduğunu müəyyən etmişdir. 1995 və 1997-ci illərdə əldə etdiyi mühüm elmi nəticələri Milli Elmlər Akademiyasının Rəyasət Heyətində coğrafiya elminin ən mühüm nəticələri kimi qəbul edilmişdir.
Xarici ölkələrdə hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti və dəyəri, ilk növbədə, onlara istinadlar əsasında müəyyənləşir. Yəni aktuallığı, elmi siqləti, ideya məzmunu ilə seçilən elmi əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan bir çox dünya ölkələrinin alimləri üçün maraqlı istinad mənbəyinə çevrilir. O, bir çox beynəlxalq və ümumittifaq simpozium və müşavirələrdə coğrafiya elmini ləyaqətlə təmsil etmiş, 10-dan artıq əsəri respublikamızdan kənarda (London, Moskva, Sankt-Peterburq, Novosibirsk, Minsk və s.) çap edilmişdir. Alimin “Azərbaycan SSR-in böyük su anbarları sahillərinin dinamikası”, “Azərbaycan su anbarlarının mühafizəsi və səmərəli istifadəsinin əsas ekoloji coğrafi problemləri”, “Kür-Araz ovalığı göllərinin hidroloji rejiminin dəyişməsi və müasir ekoloji vəziyyəti”, “Azərbaycan SSR-də böyük su anbarlarının ətraf mühitə təsiri haqqında” və digər əsərləri onu nəinki respublikamızda, Azərbaycanın hüdudlarından kənarda da məşhurlaşdırmışdır.
Əsl elm sahibinin əldə etdiyi nəticələr heç zaman kağız üzərində nəzəriyyə kimi qalmır, praktik əhəmiyyəti ilə seçilir, cəmiyyətə fayda verir. Bakı Hidrolayihə İnstitutu Şahvələd Xəlilovun su anbarlarının lillənməsi, sahillərinin dinamikası və ətraf mühitə təsiri üzrə elmi nəticələrindən Azərbaycan DRES-in baş sugötürücü qurğusunun və onun tunelinin (1974), Xudafərin və Qız qalası su anbarlarının (1979), Mingəçevir su anbarının yenidən qurulması və HAES tikintisi layihələrinin hazırlanmasında (1982), İsmayıllı rayonunda Girdman və Əyriçay üzərində su anbarlarının layihələndirilməsində istifadə etmişdir.
Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən Şahvələd Xəlilov böyük alim olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətlərə malik bir insan idi.
O, 2007-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.