Bəybala Mirzəyev:
Müsəlman həmrəyliyi hara yoxa çıxıb?
Və yaxud, digər müsəlman və türk dövlətləri Azərbaycan və Türkiyədən müsəlman qardaşlığı nümunəsini görüb-götürəcəkmi?
(Pakistan-Hindistan müharibəsinin ibrət dərsləri fonunda müşahidələrim)
Şükürlər olsun ki, bu qısa müddətli müharibə dost və qardaş Pakistanın həlledici üstünlüyü, qələbəsi ilə başa çatdı.
Və təcrübə göstərdi ki, 44 günlük İkinci Qarabağ müharibəsində və 23 saatlıq antiterror əməliyyatı zamanı "məğlubedilməz xalq", "döyüşçü xalq" mifindən, obrazından məhrum hala salınan ermənilər kimi, bir milyardyarımlıq Hindistan da "müasir müharibə" və ya “asimmetrik müharibə” anlayışına qətiyyən hazır deyil.
Söhbət texnoloji cəhətdən güclü bir rəqibin qarşısının necə alınması və hava qüvvələrindən istifadə prinsiplərinin necə effektiv dəyişdirilməsindən, yenilikçi vasitələrin, süni intellektin tətbiqindən, çevik savaş hazırlığından gedir. İnduslar əsgər sayının və silah arsenalının çoxluğuna baxmayaraq, yuxarıda qeyd etdiyim parametrlərin hamısında pakistanlı qonşularından geri qalırlar.
Ona görə də birinci hücum etməklərinə baxmayaraq biabırçı şəkildə uduzdular və atəşkəs təklifinə dərhal razılıq verdilər. Döyüş meydanlarında isə Pakistan HHM qüvvələri tərəfindən vurulmuş 5 Hindistan təyyarəsinin, çoxlu sayda dronların, artilleriya qurğularının qalıqları qaldı.
Bəli, bu, sözün əsl mənasında Pakistanın hərbi-siyasi triumfu oldu.
Buna görə pakistanlı qardaşlarımızı bir daha təbrik edirik.
Ancaq eyni zamanda, burada üzərində ciddi-ciddi dayanmalı olduğumuz başqa bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm.
Tutalım ki, bu savaşda Pakistan yox, Hindistan üstünlük qazansaydı və pakistanlı müsəlmanları kütləvi şəkildə qırmağa başlasaydı, o zaman müsəlman dünyası buna necə reaksiya verəcəkdi?
Bax, bu məsələ olduqca önəmli məsələdir.
Mən hesab edirəm ki, İsrailin Qəzzada, Suriyadakı hərəkətlərini görməzdən gələn müsəlman dövlətləri eynilə pakistanlıların da bütpərəst, buddist Hindistan tərəfindən qırılmasına göz yumacaq, müsəlman qanının axıdılmasına laqeyd qalacaqdı. Zatən son günlərdə baş verən Hindistan-Pakistan savaşında da müsəlman dövlətlərinin əksəriyyəti seyrçi qaldı. Bəziləri isə sadəcə "növbətçi" bəyanatlar verməklə kifayətləndilər.
Çünki real anlamda müsəlman həmrəyliyi yoxdur. Bu gün müsəlman həmrəyliyi yalnız sözdə mövcuddur. Əsl müsəlman həmrəyliyi isə sonuncu dəfə özünü Balkan müharibəsində (1912-1913) və Çanaqqala savaşında (1915) parlaq şəkildə büruzə verib. Həmin savaşlarda Azərbaycan türklərindən tutmuş çərkəzlər, kürdlər, ərəblər, indiki Pakistan, Hindistan və İndoneziya müsəlmanlarına qədər, bir çox ölkələrdən könüllü döyüşçülər Osmanlı dövlətinin tərəfində döyüşüblər.
Hətta Balkanlarda başlayan savaşda Osmanlıya ilk dəstəyi verənlər də məhz bizim Bakı aydınları olmuşdu. Belə ki, 1912-ci ildə İstanbulda cıxan "Səbilur-Rəşad" məcmuəsində Bakıdan bir qrup insanın göndərdiyi bəyanat dərc olunmuşdu: "Dindaşlar! Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Osmanlının istiqlal və tərəqqisindədir!".
Eləcə də Azərbaycandan könüllü olaraq gedib Canakkalada Qurtuluş savaşına qatılmış çox sayda şəhidin məzarı var. Deyilənlərə görə, Çanaqqala savaşında Azərbaycandan 3-5 min nəfər civarında könüllü döyüşçü iştirak edib.
1918-ci ilin 15 sentyabrında Bakını daşnak-rus işğalından azad edən Qafqaz Türk-İslam Ordusunun əsgərləri arasında da Hələbdən, Mosuldan, hətta uzaq Bosniyadan da gələnlərin olduğu bildirilir.
Lakin 1924-cü ildə Xilafətin ləğv olunub tarix səhnəsindən silinməsi ilə müsəlman həmrəyliyinin də kitabı həmişəlik bağlandı. Son 100 ildə biz heç bir qlobal məsələlərdə müsəlman həmrəyliyinin şahidi olmamışıq.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi, guya, bütün müsəlman dünyasını bir araya gətirən, birləşdirən qurumlar isə əsl həqiqətdə amorf, qısır təsisatlardır. Onların fəaliyyəti formal xarakter daşıyır və ümumi həmrəyliyə heç bir faydası yoxdur. Həmçinin, İslam Həmrəyliyi Oyunları da öz adının tam əksinə, heç cürə müsəlman həmrəyliyini formalaşdırmağa qadir deyil.
Bu cür humanitar qurumlar, layihələr və təşəbbüslərlə müsəlman həmrəyliyini ərsəyə gətirmək mümkünsüzdür. Biz özümüzü bu cür formal həmrəylik görüntüləri ilə, miflərlə aldatmamalıyıq.
Və bir həqiqəti də qəbul etməliyik ki, müsəlman həmrəyliyinin təşəkkülü üçün ilk növbədə siyasi iradə lazımdır. Yəni ki, öncə bütün müsəlman dövlətlərinin liderləri bir araya gəlib birlik və bərabərlik nümunəsi nümayiş etdirməlidir. Bunun nəticəsi olaraq isə Avropa İttifaqı sayağı real siyasi (və iqtisadi) birlik, NATO kimi hərbi alyans yaradılmalıdır. Yalnız belə bir hərbi-siyasi və iqtisadi birləşmənin baş verəcəyi təqdirdə real müsəlman birliyindən, əsl islam həmrəyliyindən danışmaq mümkün olacaq.
Ancaq hazırkı dövrdə bu da inandırıcı görünmür. Axı İran və Səudiyyə Ərəbistanı kimi bir-birilə yola getməyən cəhalət yuvaları ilə hansı İslam Birliyindən və müsəlman NATO-sundan danışmaq olar?
İndiki halda bəd ayaqda müsəlman ölkələri ilə az-çox həmrəylik nümayiş etdirən yalnız iki ölkənin adını çəkə bilərik. Söhbət Türkiyə və Azərbaycandan gedir.
Ötən həftə Pakistanın Hindistanın xain hücumuna məruz qalmasına müsəlman dünyasından verilən bərbad reaksiya da bu həqiqəti bir daha təsdiqlədi. Əfsuslar olsun ki, müsəlman həmrəyliyi bu dəfə də sınaqdan üzüağ çıxa bilmədi. Belə bir həssas və kritik məqamda yalnız Türkiyə və Azərbaycan Pakistanla əsl həmrəylik nümayiş etdirdi, bu ölkəyə siyasi və mənəvi dəstək verdi (Türkiyənin hətta hərbi dəstək də verdiyi bildirilir).
Maraqlıdır ki, Azərbaycan və Türkiyənin Türk-İslam birliyi zəminində hamıya örnək davranış sərgilədiklərini artıq Türküstandakı dostlarımız, qardaşlarımız arasında da bəzi ayıq şəxslər görür, etiraf edir və hətta nümunə də göstərirlər.
Misal üçün, Qazaxıstandan olan müstəqil ekspert və bloger dostumuz Nurlan Saltayev Pakistanın Hindistanın hücumuna məruz qalmasına həsr etdiyi son paylaşımlarından birində öz oxucularının, izləyicilərinin diqqətini məhz bu məqama yönəldib.
Nurlan Saltayev yazır:
"Rusiya, ABŞ, Avropa, İsrail və Hindistanın müsəlman ölkələrinin mülki əhalisini heç bir əsas olmadan və məsuliyyət daşımadan bombalamaq hüququna malik olduqlarına inandıqları beynəlxalq təcrübəni dayandırmağın vaxtı çatıb. Biz keçmiş Yuqoslaviyada müsəlmanların qırğınlarını, Əfqanıstan kəndlərində toylara raket zərbələrini, Suriya və İraqdakı bombardmanları, Çində uyğurların soyqırımını, Çeçenistanın bombalanmasını yaxşı xatırlayırıq. İndi də Qəzza zolağında ərəblərin sistematik şəkildə məhv edilməsi və Hindistanın millətçi hökumətinin sanki bundan həzz alırmış kimi Pakistandakı məscidlərə raket zərbələr endirməsi baş verir.
Müsəlmanlar birləşməsə, növbəti mərmi sizin də evinizə uça bilər. Və bu zaman yenə də hamı susacaq, çünki müasir “beynəlxalq təcrübə” belədir.
Azərbaycan və Türkiyə müsəlman qardaşlığı nümunəsi göstərirlər".
(sitat bitdi)
Nurlan bəyə afərin!
Adam həqiqəti görməyi və göstərməyi bacarır.
Bəs, görəsən, digər müsəlman və türk dövlətləri də Azərbaycan və Türkiyədən müsəlman qardaşlığı nümunəsini əxz edəcək, görüb-götürəcəklərmi?..
(ardı var)
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.