Hüseyn Əfəndi:
Çayxana
Məhəmmədhəsən əmi çoxdanın kişisiydi. Özünün dediyinə görə, dünyanın altını da, üstünü də əlinin içi kimi bilirdi. Çünki yenə də özünün dediyinə görə, dünyanı eşşəyə mindirmişdi, eşşəkdən düşürüb ata mindirmişdi, atdan da düşürüb motal papağı kimi üzüyuxarı qoymuşdu qabağına. Gəlib ona deyirdilər: a kişi, bəs dünyanın filan yerində bu iş baş verib, sən nə deyirsən, biz nə qayıraq? Məhəmmədhəsən əminin qulaqları bu yaşda da yaxşı eşidirdi, amma qarşısındakını qaydaya salmaqdan ötəri sualı azından üç dəfə çevirtdirirdi. Sonra da arxayın-arxayın papağını götürüb ayağa qalxırdı, işarə verirdi ki, müsahibi irəli keçsin. Bu tövrlə həmən adamı qabağına qatıb kəndin çayxanasına aparırdı. Orda sualı bir də təkrar elətdirirdi. Cavabı hamı eşitsin deyə ucadan, təmkinlə xırdalayırdı. Arada çayından bir-iki qurtum içib camaatı intizarda saxlamağı da vardı. Və bunu o yerdə eləyirdi ki, görürdü, hamının çayı əlində buğlanır, ağızları da ayrılıb, elə bil Məhəmmədhəsən əminin dedikləri onların qulaqlarına yox, qarınlarına girəcəkdi. “Hə, camaat, bax belə, bu şey buna görə belədi. O iş vardı ki, sizə ötən il demişdim, bu iş onun dalıdı, gələn il də böyüyüb belə olacaq...” Yer-yerdən Məhəmmədhəsən əminin dədəsinə rəhmət oxuyurdular və deyirdilər maşallah olsun, kişi elm dəryasıdır, Allah onu bizə çox görməsin.
Allah da camaatın dualarını eşidirdi və Məhəmmədhəsən əmiyə günü gün üstündən, ayı ay üstündən bəxş eləyirdi. Yaşı gəlib 95-i adlamışdı. Birinci oğlu ki vardı, eşşəklərinin oğurlanmasını özünə dərd eləmişdi – vərəmləyib dünyasını dəyişmişdi. Amma qalanlarının canı buz baltası kimiydi. Ölən qardaşlarının taleyi onlara dərs olmuşdu və dünyada heç nəyi qulaqlarına almırdılar.
Məhəmmədhəsən əmi o vaxt eşşəyin məsələsinə görə Həccə gedə bilməmişdi. Və bu ucdan da tobəstəğfürullah, işi bir az düz gətirmişdi. Şura hökuməti ki quruldu, camaatın hamısı ki başladı dindən dışqar olmağa, onda bəxt kişinin üzünə güldü. Şura baxdı ki, bu kənddə Məhəmmədhəsəndən savayı Həccə getməyən yoxdu. Və kişini götürüb qoydular Sovetin sədri. Otuz il sərasər Məhəmmədhəsən əmi camaatı qaydasınca yola verdi. Otuz ildə bir qol çəkməyi öyrəndi, bir də dərkənar yazmağı. Yazı-pozunu dərindən bilməsə də, kişi alim sayılırdı. Çünki o vaxt kənddə hamı bir az o yana, bir az bu yana onun günündəydi. Sadəcə, Məhəmmədhəsən əmi oturduğu yerdə çox şeylər eşidirdi və eşitdiklərini də yadında saxlayırdı. Üstrəlik, danışmağı da şiriniydi. Və dübarə üstləlik də söhbətini həmişə çayxanada eləyirdi. Çayxanada isə söz yaxşı həzm olunurdu.
Əlbəttə, camaat day o deyildi. Məhəmmədhəsən əminin dövranı da çoxdan keçib getmişdi. Atı altından qaçmışdı, qamçısı əlindən düşmüşdü. Kəndin yarısından çoxu müəllimiydi, aqronomuydu, Bakıda, Şəkidə alimləri, şairləri vardı. Amma neyləyəsən, kişinin gəlhagəli bitmişdisə, oğlununku başlamışdı. Məhəmmədhəsən əminin oğlu gedib elə bir yerə çıxmışdı ki, əlinin biri cibində, o biri isə kimin desən başındaydı. Və kənd də buna baxıb kişinin hörmətini gətirirdi.
Bir neçə il bundan irəli Məhəmmədhəsən əminin oğlu gətirib öz xərciylə kənddə, çayxanaya yaxın bir yerdə məscid tikdirdi və dədəsini də məscidə baş molla qoydurdu. O gündən Məhəmmədhəsən əmi bu tərəflərdə elin-obanın ölüsünü-dirisini yola verir.
Camaat elə bil Məhəmmədhəsən əmisiz darıxır. Yığnaq olmayanda da kişini durğuzub gətirirlər çayxanaya. Çayxanadan qalxıb gedirlər məscidə, məsciddən bir də dönürlər çayxanaya... Belə-belə şad-xürrəm yaşayırlar, bir-birilərinə can deyib, can eşidirlər.
Hüseyn Əfəndi
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.