Kamran Nəzirli:
“Xaç atası” romanından parça - Mario Pyuzo
Orijinaldan tərcümə: Kamran Nəzirli
…Karlo Rizzi qəzəbindən bütün dünyaya lənət oxuyurdu; Karleoni Ailəsi ilə qohum olandan az sonra onu Manhettenin yuxarı hissəsi İst Saydda yerləşən kiçik bir qumarxanaya tulladılar. Karlo elə bilirdi ki, toydan dərhal sonra Don Karleoni Lonq Biçdəki evlərdən birini müvəqqəti sakinlərdən alıb boşaltdıracaq və ora təzə evlənənləri köçürdəcək. Lakin Don sadəcə onu ələ saldı, ona arzuladığı qayğını göstərmədi; “Böyük Don!” deyə Karlo həqarətli kinayə ilə qaynatası haqqında düşünürdü.
- Qoca qudurğan! Ən alçaq küçə qanqsteri!
Karlo ümid edirdi ki, bu hiyləgər qoca öləcək; Soni də ona Ailə Biznesində çalışmaq üçün imkan yaradacaq, çünki o Soniylə nə vaxtsa dost olmuşdu.
Karlo ona kofe süzən arvadına baxdı: Aman Allah, bu qadın necə çirkin olub! Heç evlənməklərindən beş ay keçməyib, artıq şişib, yellənə-yellənə gəzir. Şərqi İtaliyadan çıxan bütün gözəlçələr elə belə olur!
O əlini uzadıb Koninin iri baldırlarına sürtdü. Qadın ona gülümsədi, lakin Karlo həqarətli tonla dedi:
- Donuzdan betər ətlənmisən!
Cavan arvadının üzündəki ağrı ifadəsini, gözlərindəki yaş gilələrini görmək ona ləzzət verirdi; qoy lap böyük Donun qızı olsun, indi ki, onun arvadıdır, onun şəxsi mülküdür, ona məxsusdur, onunla necə istəsə rəftar edə bilər. Karleoni Ailəsindən olan qadınlardan birini istədiyi kimi təhqir etmək düşüncəsini özünə təlqin edən Karlo elə bil bundan güc alırdı.
Ailə həyatının ilk günlərində Karlo özünü yaxşı apardı. Koni dolmuş pul kisəsini özündə saxlamaq istəyirdi, amma Karlo onun gözünün altını şişirdib pulların hamısını aldı. Bu pulları hara xərclədi, neylədi, bilmək olmadı, Koniyə heç nə demədi bu barədə. Karlo cıdır yarışlarında əlli min dollar uduzdu, qalan pulları isə gecə klublarında qızlara xərclədi.
Karlo hiss etdi ki, arvadı arxadan ona baxır, gərgin halda əyilib mizin üstündəki bulka boşqabını qabağına çəkdi. Az öncə donuz ətiylə qayğanaq yemişdi; sağlam və güclüydü, ona əməlli-başlı səhər yeməyi düşürdü. Rizzi özündən razı oğlan idi. O qarnıyoğun italyan kişisi deyildi, amma əzələliydi, qızılı dərisiylə örtülmüş əlləri yekəydi, enlikürək sarışın idi, nazik beli vardı. Və özü də bilirdi ki, Ailəyə işləyən lotu oğlanların hamısından fiziki cəhətdən güclüdür. Klemenzadan, Tessiodan, Rokko Lamponedən, lap elə nəyə görəsə aradan götürülən o Polidən nəyi əskikdir? Kimsə Polini aradan götürdü və Karlo hələ də anlamırdı ki, bu işin altında nə gizlənir. Sonra nədənsə Sonini yadına saldı; Soni ondan boyca hündürdür, ağır çəkilidir. Lakin təkbətək Karlo onun öhdəsindən gələr. Sadəcə, onun amansız olmasını yaymaqla adamı qorxudurlar; axı Karlo onu xeyirxah və kefcil oğlan kimi tanıyır! Hə, əlbəttə, Soni ona dostcasına münasibət bəsləyir, çox ehtimal ki, qoca öləndən sonra onun işləri düzələcək, Karloya da meydan veriləcək.
Karlo qurtum-qurtum kofe içirdi; onun bu mənzili görməyə gözü yox idi, Qərb tərəfdəki geniş mənzillərə öyrəşmişdi. Bundan başqa, o öz iş yerinə, qumarxanaya çatmaq üçün bütün şəhəri dolanıb getməliydi. Bu gün bazar günüydü: beysbol və basketbol liqalarında yarışlar bitirdi və cıdır yarışları başlayacaqdı. Yavaş-yavaş hiss elədi ki, Koni onun həndəvərində elə hey fırlanır. Birdən başını qaldırıb arvadını süzdü. Koni onun zəhləsi getdiyi italyan-amerika dəbində geyinmişdi: kəmərli güllü ipək tuman, muncuqlu boyunbağı, parıldayan sırğalar, uzun əlcəklər. Koni özündən iyirmi yaş böyük arvadlara bənzəyirdi.
- Hansı cəhənnəmə gedirsən belə? - Karlo hirslə soruşdu.
- Lonq Biçə, atama baş çəkəcəm...- Koni soyuq-soyuq cavab verdi. - O hələ yataqdadır, təmasa ehtiyacı var.
Karlo maraqlandı.
- Soni hələ də şouya rəhbərlik edir?
- Hansı şouya? - Koni sakitcə ərinə baxıb soruşdu.
Karlo hirslənib çəmkirdi:
- Qancıq italyan qızı, mənimlə belə danışma! Yoxsa qarnındakı o murdar küçüyü vurub tökərəm çölə!
Koni qorxdu və bu, Karlonu daha da hiddətləndirdi. O sıçrayıb qıza bir şillə ilişdirdi, Koninin yanağı qızardı. Sonra qıza daha üç şillə vurdu, Koninin üst dişi qanadı və şişdi. Yalnız bu zaman Karlo əl saxladı, istəmirdi ki, iz qoysun. Koni yataq otağına qaçdı, qapını çırpıb daldan bağladı. Karlo güldü və yenə başladı kofe içməyə. Siqaret çəkdi, sonra durub geyinmək istədi, yataq otağının qapısını döydü, dedi:
- Aç qapını, yoxsa sındıracam!
Cavab gəlmədi.
- Aç dedim sənə, mən geyinməliyəm, - qışqırdı. İçəridən Koninin çarpayıdın düşüb qapıya yaxınlaşdığı və açarı fırlatdığı eşidildi. Karlo yataq otağına girəndə Koni arxasını ona çevirib yavaş-yavaş çarpayıya sarı addımladı, üzü divara uzandı.
Karlo cəld geyindi. Birdən gördü ki, Koni gecə köynəyindədir. Karlo istəyirdi ki, arvadı atasıgilə getsin və ordan yaxşı xəbərlər gətirsin.
- Nooldu, bir neçə şillə səndən bütün enerjiləri qopartdı? Ay səni, tənbəl qancıq!
- Getmək istəmirəm, - Koni ağlaya-ağlaya mızıldadı. Karlo cəld arvadının qolundan tutub üzünü özünə sarı çöndərdi, dərhal başa düşdü ki, niyə getmək istəmir, hə, yaxşı oldu bu. Görünür, şilləni möhkəm ilişdirmişdi, gözləmirdi bunu. Qadının sol yanağı və üst dodağı şişib, gülməli forma alıb.
- Okey, - Karlo dedi, - evə gec gələcəm. Bazar günü ən gərgin gündür.
Karlo evdən çıxdı və gördü ki, avtomobilinin şüşəsinə on beş dollarlıq yaşıl cərimə talonu yapışdırıblar. Talonu götürüb hirslə içi kağız-kuğuz və sənədlərlə dolu olan yeşiyə atdı. Onun kefi çox yaxşıydı, şıltaq qancıq arvadını döyməsi həmişə onun əhvalını yaxşılaşdırırdı. O Karleonilərin onunla pis davranmasına görə qəzəblənmişdi, bunun da heyfini Konidən çıxırdı.
Konini ilk dəfə döyüb gözünün altını şişirdəndə bir az qorxmuşdu; Koni dərhal Lonq Biçə qaçmış, ata-anasına şikayət edərək gözünün altındakı qaraltını onlara göstərmişdi. O zaman həqiqətən Karlo arvadını möhkəm əzişdirmişdi. Lakin Koni evə qayıdanda gördü ki, qadın pambıq kimi yumşaq və həlim olub, əsl balaca italyan arvadına dönüb. Növbəti iki həftə ərzində Karlo nümunəvi ər olmağa çalışdı, arvadına qarşı mülayim oldu, Koniylə demək olar ki, hər gün yatır, səhər-axşam sevişirdi. Koni ərinin yaxşılığa doğru dəyişdiyini görüb həmin gün Lonq Biçdə baş verənləri Karloya söylədi.
Sən demə, valideynləri onun kədərinə laqeyd yanaşıblarmış; doğrudur, anası atasına deyib ki, Karloyla danışsın.
- Koni mənim qızımdır, - Don deyib, - indi isə Karloya məxsusdu. Oğlan öz vəzifələrini yaxşı bilir. Hətta İtaliyanın kralı belə ər-arvad arasına girməyə cürət etməz. Get evinə, özünü də elə apar ki, ərin səni döyməsin.
- Sən də öz arvadını döymüsən? - Koni acıqla atasından soruşmuşdu. O atasının sevimlisiydi və belə sualları verə bilirdi.
- Mənim arvadım heç vaxt buna səbəb ola biləcək bir iş görməyib, - atası cavab vermişdi. Anası da başıyla təsdiqləyib gülümsəmişdi.
Koni valideynlərinə ərinin ondan zorla aldığı toy pulları barədə də söyləmişdi, onu da demişdi ki, əri o pulları hara xərclədiyini də ona bildirməyib. Atası çiyinlərini çəkib demişdi:
- Mənim də arvadım sənin kimi belə dikbaş olsaydı eyni cür edərdim.
Bax, beləcə o evə dönmüş, bir az şaşırmış, bir az da qorxmuş halda qayıtmışdı. Axı o həmişə atasının sevimli qızı olmuşdu, indi atasının ona belə soyuq münasibətini anlaya bilmirdi.
Lakin Don buna heç də etinasız qalmadı. Araşdırma apardı, toy pullarının hara sərf olunduğunu öyrəndi. Don xüsusi adamlar tutdu, onlar Karlo Rizzini izləməyə başladılar, Karlonun hər gün nə işlə məşğul olduğu barədə Tom Heygenə məlumat verdilər. Əlbəttə, Don Karleoni təzə ailənin işinə qarışa bilməzdi. Axı adam öz arvadının ailəsindən qorxsaydı, ondan yaxşı ər çıxardımı? Situasiya çox ağır idi, buna görə də Don işə qarışmağa cürət etmədi. Çox keçmədi ki, Koni uşağa qaldı. Don bu qənaətə gəldi ki, onun qərarı düzgün olub, uşaqların ailə işlərinə qarışmaq olmaz. Bununla belə, Koni elə hey anasına şikayətlənirdi ki, əri onu döyür, hətta eyham da vurmuşdu ki, boşanmaq istəyir. Don ömründə ilk dəfə qızına hirsləndi.
- O sənin uşağının atasıdır. Bu dünyada atasız böyüyən uşaqdan nə olacaq? - Koniyə dedi.
Bütün bunları biləndən sonra Karlo daha da ürəkli oldu; indi onu heç nə qorxuda bilmirdi. O hətta öz katibləri Sali Raqs və Koçun yanında lovğalanıb deyirdi ki, arvadını döyür, katiblərinin də ona ehtiramla baxdıqlarını sezirdi; görürsən, gərək elə cəsarətli adam olasan ki, böyük Don Karleoninin qızıyla belə rəftar edəsən!
Lakin Rizzi özünə çox da əmin deyildi; bilsəydi ki, bütün bunları Soni də bilir, yalnız Donun ciddi və birmənalı əmrinə görə işə qarışmır, inan Allaha, siçan deşiyi axtarardı. Soni də Karlodan qaçırdı, onu görmək istəmirdi, qorxurdu ki, Karloya rast gəlsə, özünü saxlaya, əsəblərini cilovlaya bilməz, əlindən xəta çıxar.
Bu gözəl bazar günü Karlo Rizzi özünə tam arxayın idi, maşını İst Saydın 96-cı küçəsində yüksək sürətlə qovurdu. O evinin yanında qarşı tərəfdə dayanan Soninin maşınını görmədi.
•
Soni Karleoni Lonq Biçdəki təhlükəsiz sığınacaq yerini tərk edib Lüsi Mançini ilə birlikdə gününü şəhərdə keçirtdi. İndi o evə qayıdırdı, qabaqdan və daldan onu dörd cangüdən müşaiyət edirdi. Cangüdənlər öz maşınlarında idilər, mənzilləri də Lüsigilin evinin o biri tərəfində yerləşirdi. Buna görə də Lüsinin yanına gəlmək Soni üçün təhlükəli deyildi. Soni şəhərdə bütün işlərini qurtarıb qərara aldı ki, bacısıgilə getsin, onu da götürüb Lonq Biçə aparsın. O bilirdi ki, Karlo qumarxanadadı, məşğuldu və bu əclaf o qədər xəsisdi ki, heç Koniyə maşın da almayıb.
Soni qabaqda gedən cangüdənləri gözlədi, onlar binaya daxil olandan sonra düşüb gəldi. Onu qoruyan arxadakı maşının gəldiyini də gördü, cangüdənlər düşüb küçəni yoxladılar. Bu müddət ərzində Soni həddən artıq ehtiyatlı tərpənirdi. Düşmənləri onun yerini milyonda bir faiz öyrənə bilərdilər, hər ehtimala qarşı o, öz ehtiyat tədbirlərini görürdü. Bunu 1930-cu illərdə klanlararası savaşda öyrənmişdi.
O heç vaxt liftdən istifadə etməzdi. Liftlər əsl ölüm tələsiydilər. Soni pilləkənlərlə səkkizinci mərtəbəyə qalxdı, Konigilin mənzilinin qapısını döydü. Binanın yanında Karlonun maşınının ötüb keçdiyini görmüşdü, bilirdi ki, bacısı evdə tək olacaq. İçəridən səs gəlmədi. Qapını yenə döydü, bu dəfə bacısının zəif və qorxaq səsini eşitdi.
- Kimdi?
Bacısının səsindəki qorxu ona qəribə gəldi. Axı o, kiçik bacısını həmişə ürəkli və çılğın görmüşdü. Görəsən nolub ona?
- Mənəm, Soni.
İçəridən zəncirin cingiltisi eşidildi, qapı açıldı və Koni hönkürtü vuraraq özünü qardaşının üstünə atdı. Soni özünü itirdi, yerindən tərpənə bilmədi. Sonra bacısını özündən aralayıb onun şişmiş sifətini gördü, məsələnin nə yerdə olduğunu bildi. İstədi pilləkənləri hoppana-hoppana düşüb Karlonun dalınca cumsun. Soni hiddətdən və nifrətdən yanırdı, sifəti qan çanağına dönmüşdü. Koni qardaşını özünə tərəf sıxdı, onu mənzilə girməyə məcbur elədi; indi bacısı qorxudan ağlayırdı. O çılğın qardaşını yaxşı tanıyırdı və ondan ötrü qorxurdu. Buna görə də Karlodan ona heç vaxt şikayət eləmirdi. Sonini içəri girməyə məcbur elədi, dedi:
- Günahkar mənəm. Mübahisəni mən saldım, onu vurmaq istədim, o da məni döydü. O çalışırdı ki, möhkəm vurmasın məni, özüm zərbənin altına girdim.
Soninin üz-gözü əyilmişdi, soruşdu:
- Mənimlə gəlmək istəyirsən evə? Ataya da baş çəkərsən.
Koni cavab vermədi, Soni əlavə etdi:
- Düşündüm ki, gəlmək istəyərsən, ona görə də dalınca gəldim. Şəhərdəydim.
Koni başını buladı, dedi:
- İstəmirəm ki, məni belə görsünlər. Gələn həftə gələrəm.
- Yaxşı, - deyə Soni mətbəxə keçib telefon dəstəyini götürdü.
- Qoy həkim çağırım, gəlib sənə baxsın, - dedi. - Bu vəziyyətdə gərək özünü qoruyasan. Doğuşa neçə ay qalıb?
- İki... Soni, xahiş edirəm, heç nə eləmə. Xahiş edirəm səndən.
Soni istehzayla güldü. Danışanda üz-gözündə qəddarlıq ifadə olunurdu.
- Narahat olma, mən sənin uşağını yetim qoymaram. Qoy doğulsun, baxarıq...
O bacısının salamat qalmış yanağından öpüb çıxdı.
•
Karlo Rizzinin ofisinə xidmət edən və 112-ci küçədə yerləşən şirniyyat dükanının qabağında küçə boyu iki cərgədə maşınlar düzülmüşdü. Dayanacağın böyründəki səkidə bazar günü gəzintisinə çıxan atalar uşaqlarıyla top-top oynayırdılar. Onlar Karlonun yaxınlaşdığını görüb dərhal oynamağı dayandırdılar, uşaqları üçün dondurma aldılar ki, səsləri çıxmasın, sakit dursunlar. Sonra başladılar günün vurulan ilk qollarından bəhs edən təzə qəzetləri həvəslə varaqlamağa.
Karlo dükanın arxa hissəsindən böyük otağa daxil oldu. Onun iki “katibi” - ködəkboy, arıq, lakin güclü Salli Raqs və yekəpər Koç artıq işin başlamasını gözləyirdi; onların qabağında cızıqlanmış iri qeyd kitabçası vardı, kitabçaya ilk mərc məbləğini yazmağa hazırlaşırdılar. Qara lövhədə təbaşirlə on altı beysbol komandasının adı yazılmışdı, onlar cüt-cüt yerləşdirilmişdi, yəni hansı komanda hansı komandayla oynayacaq. Hər yarışan cütlüyün önündə kvadrat şəkli çəkmişdilər ki, içində məbləğ yazılırdı.
Karlo içəri girən kimi Koçdan soruşdu:
- Dükanda telefon işləyir?
Koç başını yellədib cavab verdi:
- Yox, hələ qoşmayıblar.
Karlo divardan asılmış telefona yaxınlaşdı, nömrə yığdı. Sonra mərcə qoyulan iri pul məbləğlərini yazmağa başladı. Sali Raqs və Koç ifadəsiz baxışlarını ona dikmişdilər. Karlo onların bu pul məbləğlərindən artıq xəbərdar olmasını bilmirdi; “katiblər” yalnız onun işini yoxlayırdılar ki, səhv buraxmasın.
İlk həftədə Karlo səhv eləmişdi, bu da bütün oyunçuların ürəyincə idi. Karlo mərc pulunu həddən artıq azaltmışdı; elə bir vəziyyət yarandı ki, oyunçular həm onunla birlikdə, həm də ona qarşı pul qoya bildilər. Beləliklə, hər iki halda uduş olacaqdı. Uduza bilən isə təkcə Karlo idi. Bu səhv ona altı min dollara başa gəldi, elə bu da Donda kürəkəni barədə müəyyən fikir formalaşdırdı. O vaxtdan Karlonun hər addımı nəzarətə götürülmüşdü, Don kürəkəninin işini yoxlatdırmağa göstəriş vermişdi.
Adətən Karleoni Ailəsində çalışan yüksək rütbəli şəxslər belə xırda işlərlə məşğul olmurdular. Belə işlərdən onları ən azı beş təcridolunma qatı ayırırdı. Lakin qumar oyunları evinə rəhbərlik etmək kürəkən üçün sınaq idi, buna görə də ona nəzarət birbaşa Tom Heygenə tapşırılmışdı və Tom da bu barədə Dona gündəlik hesabat verirdi.
Lövhədə bütün qoyulmuş mərc məbləğləri yazıldı. Oyunçular şirniyyat dükanının arxa otağından lövhəyə baxmaq üçün növbəyə düzüldülər ki, qəzetlərdə çap olunmuş blanklara öz məbləğlərini yazsınlar. Bəziləri lövhəyə baxırdı, uşaqlarının əllərindən tutmağı da unutmamışdılar. Balaca qızının əlindən tutan və adətən böyük məbləğlər qoyan oyunçulardan biri qızcığaza baxıb soruşdu:
- Kimdən xoşun gəlir – “Nəhəng”lərdən, yoxsa “Soyğunçular”dan?
Qızcığaz da komandaların adlarına heyranlıqla baxaraq atasından soruşdu:
- Kim güclüdür, ata, “Nəhənglər”, yoxsa “Soyğunçular”?
Atası güldü.
“Katiblər”in yanında növbələr yaranmağa başladı. Növbəti vərəqi doldurandan sonra onlar kağızı qoparır, içinə pul qoyub Karloya verirdilər. Karlo şirniyyat dükanı sahibinin otağına qalxmışdı, ordan mərkəzi birjaya zəng vururdu, qoyulan pul məbləğlərini xəbər verir, sonra da yığılan pulları üstünə pərdə çəkilmiş xırda divar seyfinə qoyur, məbləğlər yazılmış siyahını yandırır, külünü tualetə töküb qayıdırdı.
Bazar günü oyunları qanundankənar olduğu üçün heç vaxt günorta saat ikidən əvvəl başlamazdı. Beləliklə, əsasən ailəli oyunçuların birinci dalğasından sonra (onlar mərcə pul qoyandan sonra evlərinə qayıdan ailələri ilə dənizə gedirdilər) sayca az olsa da, daha cəsarətli və inadkar ikinci dalğa gəldi. Onlar subay idilər, yarışma mərclərinə daha iri məbləğlər qoyurdular. Bazar gününü Karlo üçün gərgin edən də məhz onlar idi. Sahildən bəzi oyunçular zəng vururdu, uduzduqları pulların yerini doldurmaq üçün ikinci dövrə yarışlarına da pul qoymağa çalışırdılar.
İkinin yarısında oyunçu axını azaldı. Karlo və Salli təmiz hava almaq üçün dükanın qabağına, səkiyə çıxa bildilər. Onlar top-top oynayan uşaqlara tamaşa edirdilər. Küçədən polis maşını ötüb keçdi, heç maşının dalınca baxmadılar. Onlar polisi saymırdılar, çünki qumarxana polisə haqq verirdi, polis onlar üçün təhlükəli deyildi. Yalnız qubernator göstəriş verə bilərdi ki, qumarxananı yoxlasınlar, o zaman sahibkara qabaqcadan xəbər verilirdi, o da müvafiq tədbirlər görür, qonaqları qarşılamağa hazır olurdu.
Koç da çölə çıxdı və onların yanında oturdu; bir az beysboldan, bir az da qadınlardan danışdılar. Karlo gülə-gülə dedi:
- Bu gün yenə arvadımı əməlli-başlı çırpdım, göstərdim ki, evdə şef kimdi.
- Qarnı artıq böyüyüb, hə? - Koç söz atdı.
- Mən onun üzünü şillələdim, əşşi! Heç nə olmaz, canı bərkdi!
Karlo bir qədər fikrə getdi, sonra:
- O elə bilir ki, mənə əmr verə bilər, - dedi. - Mən axı buna dözə bilmərəm!
Bir neçə oyunçu da təmiz hava udmaq üçün çölə çıxdı, beysboldan danışmağa başladı. Top-top oynayan uşaqlar birdən qaçıb dağılışdılar, küçənin tinindən sürətlə burulan maşın gəlib dükanın qabağında dayandı. Əyləcin cığıltısı kəsilməmiş maşının qabaq qapısı açıldı, sükan arxasından bir adam elə çevik hərəkətlə düşdü ki, qorxudan hamı yerində dondu. Bu Soni Karleoni idi.
Soninin ağır Kupidon sifəti qəzəbdən və hiddətdən bozarmışdı. Heç bir an keçmədi ki, o Karlo Rizzinin boğazından yapışdı, onu küçəyə dartmağa başladı; Karlo Soninin dəmir əllərindən ikiəlli yapışdı, lakin onlardan yalnız sallana bildi, vurnuxmağa başladı. Karlonun köynəyi cırılıb Soninin əlində qaldı.
Sonra dəhşətli səhnə oldu: Soni əyilib özünü qorumağa çalışan Karlonu döyməyə başladı, ona hiddətli lənətlər yağdıra-yağdıra güclü zərbələr endirdi. Karlo müqavimət göstərə bilmirdi, köməyə adam çağırmırdı, üzrxahlıq da diləmirdi. Koç və Salli qarışmağa cürət etmədilər; onlar elə bilirdilər ki, Soni Karlonu öldürmək niyyətindədi, özlərini işə salmaq istəmirdilər. Əvvəlcə küçədə oynayan uşaqlar onları dağılışmağa məcbur edən sürücünü söyürdülər, sonradan sakitcə durub qorxa-qorxa bu mənzərəni seyr etməyə başladılar. Onlar cəsur uşaqlar idi, lakin Soninin qəzəbli sifətini görüb susdular. Bu zaman səkinin qırağında daha bir maşın dayandı, maşından Soninin cangüdənləri düşdü. Onlar da ayaq saxladılar, ayırmağa cürət etmədilər, sadəcə durub öz şeflərini mühafizə edirdilər. Birdən kimsə axmaqlıq edib Karlonun müdafiəsinə qalxa bilərdi axı! Cangüdənlər buna aman verməzdilər.
Karlonun itaətkarlığı nifrət oyadırdı, görünür, məhz bu, onun həyatını xilas etdi.
Nəhayət, Soni əl saxladı, Karloya üzünü tutub bozardı:
- Qancıq oğlu qancıq! Hünərin var bir də bacıma əl qaldırasan, öldürərəm səni!
Bu sözlər gərginliyi bir qədər azaltdı. Soni Karlonu öldürmək istəsəydi heç vaxt belə sözlər işlətməzdi. Karlo qorxudan Soniyə baxa bilmirdi, başını əlləri arasına alıb cücə kimi yumalmışdı. Soninin maşını yerdən sürətlə götürüləndən sonra Koç dedi:
- Karlo, gəl. Gəl gedək dükana, görən olmasın.
Yalnız bu zaman Karlo dikəldi, qollarını yanına salıb ayağa dura bildi; onu diqqətlə seyr edən uşaqların gözlərində həqarət gördü. Möhkəm döyülsə də, Karlo demək olar ki, salamat idi, bir az başı gicəllənirdi. Koç onun qoluna girdi, arxa otağa apardı, şişmiş sifətinə buz qoydu. Qorxu yavaş-yavaş sovuşub getdi, lakin yaşananlar Karlonun mədəsini bulandırdı və o qusdu. Koç onun başını tasa əymişdi, sonra Karloya ikinci mərtəbəyə qalxmaqda kömək elədi. Karlo otaqların birində uzandı. O Sali Raqsın hara yox olduğunu da bilmədi.
Salli Raqs Üçnücü Avenyuya getmişdi; ordan Rokko Lamponeyə zəng elədi, baş verənlər barədə onu məlumatlandırdı. Rokko xəbəri soyuqqanlıqla qarşıladı, dərhal öz dəstə başçısı Klemenzaya zəng vurub xəbər verdi. Klemenza donquldandı, dedi:
- Vay, vay, aman Allah! Lənətə gəlmiş Soni gör bir neynəyir də! Yenə qızıb...
Klemenza ehtiyat üçün və həm də Salli sonuncu sözləri eşitməsin deyə telefonun düyməsini basmışdı.
Klemenza Lonq Biçə zəng vurdu, xahiş etdi ki, Tom Heygeni telefona çağırsınlar. Heygen bir anlıq susdu, sonra dedi:
- Lonq Biçdəki şoseyə bir neçə adam göndər, hər ehtimala qarşı; Soni basırıqdan, ya da hardasa baş vermiş qəzadan yubana bilər. O əsəbiləşəndə nə etdiyini bilmir. Çox ola bilər ki, bizim “dostlarımız” onun harada olduğunu artıq bilir.
- Mən adamlarımı göndərincə Soni artıq evdə olacaq, - Klemenza tərəddüdlə mızıldadı, - Tataliya da həmçinin...
- Bilirəm. Amma nəsə gözlənilməz hadisə baş versə, Soni yubana bilər. Pit, əlindən gələni əsirgəmə...
Klemenza dişlərini qıcırtdı, Rokko Lamponeyə zəng vurdu, göstəriş verdi ki, bir neçə adam götürsün və Lonq Bicə gələn şose yoluna getsin. Özü isə sevimli Kadillakında evini mühafizə edən üç nəfərin əhatəsində Atlantik Biç Bricə, Nyu York tərəfə getdi.
Bütün günü bekarçılıqdan şirniyyat dükanının həndəvərində veyllənən oyunçulardan biri telefon-avtomat köşkünə girdi, Tataliya Ailəsinin rabitəçisinə zəng elədi. Lakin Tatalya Ailəsi hələ savaşa hazır deyildi. Xəbər Tatalyanın dəstə başçısına və özünə çatana kimi artıq Soni Karleoni sağ-salamat evə, Lonq Biçə gəlib çatmış, atasının qəzəb dolu sifətinə tuş gəlmişdi…
İngiliscədən tərcümə etdi: KAMRAN NƏZİRLİ
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.