Nəriman Qasımoğlu:
KİMDİR MÜQƏSSİR? ORFOEPİYA QAYDALARI?
Son zamanlar ağrı ilə müşahidə etdiklərimizdən biri də Azərbaycan ədəbi dilinin korlanması və ləhcələşdirilməsinə yönəlik, zərərli yazı və nitq vərdişinə çevrilən müşküllərlə bağlıdır. Məsələn, biri elə budur ki, çoxları artıq yazılarında xəbər şəkilçisinə aid “r” hərfini ixtisara salırlar: “maraqlı kitabdır” əvəzinə yazırlar “maraqlı kitabdı”; yaxud “alıbdır”ı yazırlar “alıbdı”. İlk baxışdan diqqəti o qədər də çəkməyən, adiləşməkdə olan bu qüsurların perspektiv təhlükəsi olmasa idi, mümkün idi ki, bunlara fikir verməyəsən, sadəcə savadsızlığın əlamətlərindən biri kimi qələmə verib üstündən keçəsən. Ancaq məsələnin ziyanlı tərəfi var. Belə qüsurlar zaman ötdükcə və kütləviləşdikcə dilçilikdə mənaca yanlış sözlər kimi dilmizə daxil olub vətəndaşlıq haqqı qazanmış qələti-məşhurlar artıq fonetikadan orfoqrafiyamıza da keçib qanuniləşə bilər. Qrammatikaya da inzibati müdaxilə ilə ləhcələşməni qanuniləşdirmək, rəsmiləşdirmək istəyən “alimlərimiz” də az deyil, təəssüf.
Bu yaxınlarda köhnə maqnitofon lentlərindən bir neçəsini bərpa etdirə bildik. Qasım Qasımzadənin 60 və 70 illiyi münasibətilə keçirilən yığıncaqlarda çıxış edənlərin, o cümlədən Yaşar Qarayev, Kamal Talıbzadə, Bəkir Nəbiyev və başqalarının nitqlərinə qulaq kəsildim, yəni diqqətlə dinlədim. Diqqətim bu niqlərin məzmunundan daha çox avazında idi. Ədəbi dilimiz necə də gözəl səslənirdi onların nitqində! Indi səksən yaşlı xalam, ixtisasca mühəndis Tamilla xanım heç adi danışığında demir “bu bina gözəldi”, deyir “gözəldir”, yəni “r”-nı danışanda belə ixtisara salmaq kimi vərdişi yoxdur. Bəs indiki professorlarımıza nə düşüb ki, özlərinin nitq avazları və tələffüzləri ilə ədəbi dilimizin gözəlliyinə qəsd edirlər, TV-dən car çəkirlər ki, “biz dilimizin MƏHTƏFLƏRİMİZDƏKİ səviyyəsini yüksəltməliyik”?!
Araşdırmalar göstərir ki, dil qüsurları, ədəbi dilimizin ləhcələşməsi təmayülü, eləcə də bir dəyər kimi mədəni həyatımızdan sıxışdırılıb çıxarılması ilə bağlı məsələ daha qəliz imiş. Kimlərəsə yazıda xəbər şəkilçisini yazanda “r”-nı niyə ixtisara salırlar iradımız yerində olsa da məsələnin kökü dərindədir. Azərbaycan dilini məktəblərdə tədris edən müəllimlər əvvəllər olmayan bir şeyi orfoepiya qaydaları adı ilə şagirdlərə yükləyirlər. Söhbət ləhcələşməni şagird beyninə yeridən, şagirdi ədəbi dili öyrənməkdən, bu dildə danışmaqdan, yazı qaydalarına yiyələnməkdən daşındıran çaşqınlıqlardan gedir.
Məsələn, müəllimlərin, şagirdlərin istifadəsində olan dərsliklər təlqin edir ki, “müəllim” sözü “mə:llim” kimi tələffüz olunmalıdır və bu zaman “ü” hərfi düşürmüş və “ə”-ni də gərək uzun sait kimi tələffüz edəsən. Bunu yazı taxtasında mötərizədə yazırlar ki, şagird öyrənsin! Şagirdin düşüncəsinə bunu qayda olaraq yeridirlər, onun vizual yaddaşına hopan həmin o mötərizədə yazılan olur və o da heç zaman sözü “müəllim” kimi tələffüz etmir və yazmır. Bu hələ harasıdır? Başqa bir misal. Dil müəllimi yazı taxtasında “teorem” yazır, yanında da mötərizə açır ki, şagird bunu “tiyorem” kimi tələffüz etsin. “Feodal” da olur “fiyodal”. Şagird imtahanda “müasir” sözünü ədəbi dilimizə uyğun tələffüz etsə, yaxud bu söz necə tələffüz edilir sualına yazılışına uyğun cavab versə, onun qiymətini endirə bilərlər, deyərlər cavabın belə olmalıdır: “ma:sir”. Təsəvvür edirsiniz bu biabırçılığı? Və orta məktəb şagirdi beləcə ədəbi dilimizi öyrənməkdən, bu dildə danışmağa və yazmağa səy göstərməkdən məhz tədris mərkəzi tərəfindən yayındırılır.
Ədəbi dilimizə dərsliklər səviyyəsində edilən qəsdin biabırçı tərəfi odur ki, orfoepiya qaydalarının mahiyyətini ya bilmirlər, ya da bilərəkdən təhrif edirlər. Orfoepiya şifahi danışıq dilinin ədəbi dildə təmin edilmiş qaydalarını araşdırır və öyrədir. Ləhcələrdə yer almış qaydalarını yox! Orfoepik normalar onu əhatə edir ki, şifahi nitqdə ədəbi dilə uyğun gəlməyən tələffüzə, intonasiyaya, vurğuya yol verməyəsən, çünki belə yanlışlıqlar mənanı anlamağa mane olur, dinləyəni bezdirir.
Bizimkilər isə tamamilə əks yol seçiblər: ədəbi dilə yad intonasiya, yad tələffüz olub normativ qayda. Qoşa “y” samitindən birinin ixtisarına nail olmaq istəyənlər də bu saxta “orfoepiya” qaydalarını əsas gətirirdilər. Yaxşı ki, niyyətləri boşa çıxdı. Amma yenə də deyirəm, məsələnin kökü dərindədir, uzantısı dərsliklərimizə, bu dərsliklərin əsasında dilimizi öyrədən müəllimlərimizə gedib çıxır.
Hələ onu bir kənara qoyuruq ki, şagird zehni lazımsız bir şeylə, özü də yanlışlıqlarla yüklənərək öyrənmə prosesində bu problemlə çirklənir. İndi anlayırsınızmı sovet dövründə təhsil almışların nitqi nəyə görə daha savadlı və gözəldir? Azərbaycan dilini öyrədən məktəblərimizdə bu orfoepiya deyilən nəsnə ümumiyyətlə tədris edilmirdi və, şübhəsiz, bunun səbəbi vardı, dərk edirdilər ki, belə qaydaların hətta təyinatı üzrə tədrisi də ən azından orta məktəbdə ədəbi dil vərdişlərinə hələ yetərincə yiyələnməmiş şagirdlər üçün əlavə yükə çevrilər. Şagirdlərimiz orta məktəbi bitirəndə ədəbi dilimizə gözəl bir tərzdə yiyələnmiş olurdular. Bu dildə danışa bilməyənlər, yaxud qüsurlu danışanlar isə tv ekranlarına yaxın da düşə bilməzdilər.
Xalqı millətə çevirən amillərdən biri də ədəbi dildir. Bu, təkcə mədəni dəyərimiz deyil, millətimizin həm də siyasi dəyəridir. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik “Müasir Azərbaycan dili” dərsliyinin müəlliflərinə dövlət mükafatı verdirmişdi. Məqsəd ədəbi dilimizə aid bilinən bu siyasi dəyərlə birbaşa bağlı idi və yaxşı xatırlayıram, ruslaşmanın tüğyan etdiyi bir dövrdə ziyalılarımız söhbətlərində Heydər Əliyevin bu addımının milli hadisə qəbilindən önəmini xüsusi olaraq vurğulayırdılar.
Əlaqədar qurumlara təklifim: sovet dövründə olduğu kimi, orta məktəblərdə orfoepiya qaydaları Azərbaycan dilinin tədrisindən çıxarılsın.
P.S. Bir neçə il əvvəlin söhbətidir. Yas məclisində idim, xalq şairlərindən biri ilə söhbətləşirdik. Dedi Yardımlıdan Bakıya gələndən sonra illərcə öz ləhcəsi üstündə əziyyət çəkib işləyibmiş ki, yazıçı kimi ədəbi mühitdə qəbul edilsin…
P.S.S. Yazıçılardan söz düşmüşkən, hər zarafatda bir həqiqət payı var deyə bunu da qeyd edim. Qasım Qasımzadənin 80-ci illərin ikinci yarısında Ədəbiyyat qəzetində bir məqaləsi çıxmışdı. Həmin yazının adını - "Dil cəbhəsinə əsgəri borc"u elə xatırlamışdım ki, dilimə Qabilin bu sətri gəldi: "Ümid sənədir ancaq, Azərbaycan əsgəri". Sonuncu ifadəni məcazi mənada qəbul edin, lütfən.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.